12 İyun 2015 12:22
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayaqlarımız üzərində durmağı bacarırıq”

“Bakı - 2015” I Avropa Oyunlarının məşəldarlarından biri olan xalq artisti, məşhur aktrisa Amaliya Pənahova hind filmində çəkilməyə hazırlaşır. Tədbirlərin birində onunla görüşüb, həmsöhbət olduq. Onunla söhbətdə Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətinə toxunub, yeni layihələrdən, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının bu günündən danışdıq.

Teleqraf.com müsahibəni təqdim edir:

- Amaliya Pəhanova “Bakı 2015” Birinci Avropa Oyunları bu gün başlayır. Bu böyük idman bayramının Azərbaycan üçün əhəmiyyətini nədə görürsünüz?

- Mən əminəm ki, Avropa Oyunları ölkəmizi xaricdə tanıtmaq naminə çox böyük işlər görəcək. Onsuz da bu gün Azərbaycan dünya dövlətləri ilə çox sıx əməkdaşlıq edir. Azərbaycanda keçirilməli olan Avropa Oyunlarına istinad edərək demək istəyirəm ki, Azərbaycan dünyada çox yaxşı tərəfdən tanınır, sevilir. Bu oyunlarda da, bu əlaqələr də yalnız və yalnız Azərbaycanın imicini daha da yüksəklərə qaldırmaq və dövlətlərarası dostluğu daha da möhkəmləndirməyə xidmət edir. 17 gün ərzində Bakıda keçiriləcək idman bayramını izləmək üçün xaricdən müxtəlif yaş qruplarını əhatə edən qonaqlar gələcək. Onlar Bakının günü-gündən inkişaf etdiyini öz gözləri ilə görəcəklər. Əminəm ki, bu gözəlliyi görən bir daha Azərbaycana gəlmək istəyəcək. Qonaqlar həm də mədəniyyətimizi, qonaqpərvərliyimizin şahidi olacaqlar. Bütün hallarda bu kimi tədbirlər Azərbaycanının xeyrinədir. Hər kəsi Avropa Oyunlarına dəstək olmağa, bu həyəcanı paylaşmağa çağırıram.

- Rəhbəri olduğunuz Bakı Bələdiyyə Teatrında vəziyyət necədir?

- Bilirsiniz ki, ötən il teatrımızda bir tamaşa təqdim etdik. Bu tanınmış rejissor Kşiştof Zanussinin quruluşunda “Qadın oyunları” tamaşaçı idi. Mənimlə yanaşı tamaşada teatrımızın bir çox aktyorları çıxış edirdilər. Tamaşa ilə əlaqədar olaraq bir ay Polşada olduq, yaradıcı abu-havada məşqlər etdik. Daha sonra Musiqili Teatrda Elçinin “Diaqnoz D” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını təqdim etdik. Çox yüksək səviyyədə keçdi hər şey: aktyorların ifası, tamaşaçıların reaksiyası hər şey gözəl idi.

- Deyəsən ondan sonra teatrda tamaşa hazırlamamısınız. Hətta bir ara söz-söhbətlər yarandı ki, teatrlar sizə yer vermirlər.

- Bu “Diaqnoz D” tamaşasını nümayiş etdirəndə baş vermişdi. O vaxt biz teatrlara müraciət edirdik, hamısı deyirdi ki, teatr məşqdədir, səhnəmiz boş deyil. Axı gündə teatr tamaşa nümayiş etdirmir. Mən bir yandan onlara haqq verirəm, amma ikinci bir tərəfdən hesab edirəm ki, bu paxıllıqdır. Çünki tamaşaların səviyyəsi bizdə çox yüksəkdir. Bəlkə də tamaşaçı marağının, alqışlarının qısqanclığını çəkirlər. Bələdiyyə Teatrının hər zaman öz siması olub və neçə illərdir ki, şəraitsizliyə, binamızın olmamasına baxmayaraq ayaqlarımız üzərində durmağı bacarırıq.

- “Dostluq” kinoteatrda məskunlaşmışdınız. İndi də ordasınız?

- Ordayıq. Amma təmir işləri ilə əlaqədar yerimiz çox pis vəziyyətdədir. Gözləyirik.

- Amaliya xanım, hind filmində çəkiləcəksiniz. Sizindəmi rolunuz bəlli deyil?

- Bilirsiniz ki, hind şirkəti ilə əməkdaşlıq barədə ötən ildən məlumat verirəm. Bu il filmi çəkmək təşəbbüsünü reallaşdırmaq məqsədilə Hindistanın “Full House” kino şirkəti, Azərbaycanın “MR-Pictures Pro” və mənim rəhbəri olduğum “Amal Film Production” arasında razılıq əldə olundu. Mətbuat konfransında da söyləndi ki, ssenari üzərində iş gedir. Avqust ayında çəkilişlərə başlanılacaq. Azərbaycanlıların hər zaman Hindistan filmlərinə xüsusi rəğbəti olub. Hind filmlərinin kinoteatrlarda nümayişi zamanı zallar dolu olurdu. Bu gün bu marağı gənclərimizə aşılamaqdan ötrü görkəmli belə bir layihəyə imza atırıq. Bu yaradıcılıq işini çox önəmli hesab edirəm və buna görə beləə bir işdə köməklik etməyi özümə borc bildim.

- Əcnəbi rejissorlarla işləmək çətin deyil ki? Bunu siz təcrübədən keçirmisiniz.

- Bütün dünyada aktyor-rejissor bir dildə danışır. Sadəcə onların işləmə üsulları, istedadlarının səviyyəsi fərqlidir. Sözsüz ki, əcnəbi rejissorlarla işləmək çox maraqlıdır, çünki onların dünyagörüşü, savadı, istedadı çox yüksəkdir. Bu baxımdan bir sənətkar kimi onlarla çalışmaq çox maraqlıdır. Çünki o zaman aktyor və aktrisa yeni nəfəslə, yeni üslubla işləyir.

- Bu sözlərinizdən bizim rejissorlar inciyə bilərlər.

- Mən hər zaman deyirəm ki, bizim əsas problemimiz rejissor problemidir. “Qadın oyunları”na qədər uzun illər idi ki, mən səhnəyə çıxmırdım. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən teatr rejissorları məndə maraq oyatmır. Sovet vaxtı gənc rejissorları başqa ölkələrə, şəhərlərə göndərirdik ki, orda təcrübə keçsinlər, bilik səviyyələrini artırsınlar. Xüsusən, Sant-Peterburq, Moskva təhsil ocaqları bizim üçün prioritet sayılırdı. Biz hər zaman onlara baxıb öyrənirdik. Bizim korifey rejissorlarımız dünyalarını dəyişəndən sonra çox az rejissorlar qaldı və onlar da işlərini yola verməyə başladılar. Yaxud da onların potensialını üzə çıxaranlar, onlar üçün şərait yaradanlar olmadığına görə fəaliyyətsiz qaldılar.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər