19 İyul 2015 00:44
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Bəstəkarlar İttifaqı yeni mövsümdə keçiriləcək silsilə konsert proqramlarına hazırlaşır.

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov AZƏRTAC-a bildirib ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc bəstəkarların təqdimatında” adlı silsilə konsert proqramı təşkil olunacaq. Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək konsert proqramına yaşı 30–dək olan gənc ifaçılar qatılacaq. Oktyabr ayına planlaşdırılan konsertdə Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və orta ixtisas musiqi məktəblərindən olan gənc istedadlı ifaçılar müxtəlif musiqi nömrələri ilə çıxış edəcəklər. Konsertdə skripka, qanun, kamança, tar, violonçel , fortepiano alətlərində ifa edilən Azərbaycanın görkəmli bəstəkarlarının klassik musiqi əsərləri ilə yanaşı, gənc bəstəkarların həm janr, həm də epoxa baxımından musiqi əsərləri səsləndiriləcək.

Cəlal Abbasov deyib: “Məqsədimiz bəstəkarlarımızın unudulan əsərlərini yada salmaq, gənc bəstəkarların əsərlərini daha fəal şəkildə ifa etmək və yeni gənc ifaçıların istedadlarını üzə çıxarmaqdan ibarətdir”.

Qeyd edək ki, adı çəkilən konsert proqramı Azərbaycan Bəstəkarlar İttifaqının layihəsidir və üç ildir ki, müxtəlif tədbirlər çərçivəsində keçirilir.


Müəllif:

Oxşar xəbərlər