Müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycan istehsalı olan "Sonuncu" qısametrajlı bədii film 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib.
Bunu Teleqraf.com-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. Onun sözlərinə görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "BUTA FILMS" şirkətinin birgə istehsalıdır. Filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Ayqi, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Kafarov çəkiliblər. Filmin prodüserlərindən biri Mariya İvanova xəbəri sevinclə qarşıladıqlarını bildirib:"Buna inanmaq olmur, amma bizi festivalın proqramına daxil ediblər. Bu festivalın əsas müsabiqə proqramıdır. Bu proqrama 9 film daxildir. Arzumuz gerçəkləşir".
Qeyd edək ki, bu proqramın münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.
Kanna gedən ilk film hansıdır?
Bu fakt tez -tez xatırlanmır amma tarixdə fakt olaraq qalır. İlk dəfə Azərbaycan filminin Kann Festivalında nümayiş olunması 1950-cı ilə təsadüf edir. Ssenarist, rejissor Muxtar Dadaşovun o vaxt çəkdiyi "Sovet Azərbaycanı (film, 1950)" sənədli filmi hətta festivalın xüsusi mükafatını əldə etmişdi. Təbii ki, o vaxt Azərbaycan SSRİ-nin tərkibində idi və bu birbaşa Azərbaycanın adına yazılmırdı. Bir azərbaycanlının böyük uğuru bu vaxta qədər tarixdə xatırlanacaq yeganə hadisədir. Əlbəttə ki, Kann Festivalında. Üstündən uzun illər keçdi və nəhayət, 2011-ci ildə Azərbaycan Kanna növbəti gedişini bayram kimi qeyd etdi. Bəs bu gediş necə gediş idi? Deməli, məhz həmin ildə Kannda bir çox ölkənin pavilyonları ilə yanaşı Azərbaycan pavilyonu da təşkil olundu. Orada "Sahə", "Aktrisa", "İlahi məxluq", "Hökmdarın taleyi", "Qırxıncı qapı" bədii filmləri barədə məlumat verilib, göstərildi. M.Hətəmovun sözlərinə görə, bu il də festivalda pavilyonumuz təqdim olunacaq. O bildirib ki, kino pavilyon tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq məqsədi daşıyır. Bu ilki pavilyonda 2013-cü ildə çəkilən filmlər nümayiş olunacaq, yeni layihələrlə bağlı danışıqlar aparılacaq.
Hamıya aydın olsun
Qeyd edək ki, ötən il mətbuatda yayılan informasiyaya görə, "Nərimanfilm" kinoşirkəti ilə İtaliyanın "TORRE" şirkətinin birgə istehsalı olan qısametrajlı "9x9" bədii filmi Kann Festivalının "Qısa metr" proqramında iştirak edib. Bu informasiyaya inansaq belə çıxır ki, "Sonuncu" və "9x9" filmi eyni proqrama düşüb, bəs nə üçün "Sonuncu" ilk kimi qeyd olunur? Üstəlik, bir neçə ildir ki, mətbuatda "ilk dəfə" sözləri ilə başlayan bu səpkili xəbərlər çox yer alıb. Amma məsələnin başqa tərəfi var. Biz də bunu aydınlaşdırmaq qərarına gəldik və rəsmilərdən soruşduq. M.Hətəmov ötən illərdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib: "O fırıldaq idi".
"Nərimanfilm" şirkətinin direktor müavini Rüstəm Şəfiyev bildirib ki, "9x9" filmi festivalın "Short Film Corner" proqramında nümayiş olunub. Bu da festivalın müqabiqədən kənar proqramıdır: ""Sonuncu" filmi isə festivalın "Short Films Selection" müsabiqə proqramında yarışacaq. Bunları qarışdırmayın. Kann jurisi bu filmi seçibsə, deməli, bu böyük uğurdur. Orda dayı-bibi, xala söhbəti keçmir. Orda ancaq işə baxırlar. Yaradıcı heyəti təbrik edirəm, bu Azərbaycan üçün böyük nailiyyətdir. Fikir versəniz, ildən-ilə Azərbaycan kinematoqrafiyası xaricdə daha çox mükafat qazanır. Məsələn, o biri "Buta" prodakşnın istehsalı olan "Buta" filmi Avstraliyada keçirilən festivalda Asiya-Sakit Okean Kino Akademiyası tərəfindən "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olub. "Nərimanfilm"in istehsalı olan "Sahə" filmində Qərib rolunu oynayan Timur Oduşev "Hollivudun Gənc Aktyorlar Mükafatı"na ("Hollywood Young Artists Award") layiq görülüb".
Nərmin