13 Avqust 2015 18:42
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-nə kimi Almaniyada qastrol səfərində olub. Orkestr XIX Qut-İmmlinq Opera festivalında böyük uğurla çıxış edib.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva Teleqraf.com- açıqlamasında bildirib ki, İmmlinq festivalına bütün dünyadan klassik musiqi həvəskarları toplaşır və oraya bir çox ölkə, qitələrdən ən məşhur solist və musiqi kollektivləri dəvət olunur: “Bir sözlə, festival Avropada ilin əsas mədəni hadisələrindən biri sayılır. Festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok haqqında bizim mətbuatda çox yazılıb. Xanım Korneliya teatrımızda dəfələrlə tamaşaları idarə etmiş, bütünlükdə teatrın professional səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi həm də bizim ölkəmiz və insanlarımız haqqında hər zaman böyük məhəbbətlə bəhs edir və məhz o, musiqiçilərimizin Bavariyada keçirilən festivala dəvət olunmasının təşəbbüsçüsüdür”.

Avqustun 9-da baş tutan Qala-konsertin açılışı zamanı əsas təşkilatçı cənab Lüdviq Bauman vacib bir məqamı qeyd edib. O bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alıb: “Bu ilk növbədə orkestrin yüksək professionallığı və ümumiyyətlə Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir. Həyat yoldaşım və mən hər il Azərbaycanda gəlib-gedirik. Biz bu ölkədə həyatın bütün sahələrində inkişafın yüksək sürətinin, tərəqqinin canlı şahidiyik. Ölkənin gözəl təbiəti, qədim tarixi və mədəni abidələrlə zənginliyi son illərdə, buraya güclü turist axını olduğunu qeyd etmək istəyirəm və mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm”.

Festivalda gənc dirijor - görkəmli bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, professor Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri “Azərbaycan”ı və Qaetano Donisettinin “Sevgi şərbəti” operasından parçanı parlaq şəkildə ifa edib. Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı Qala-Konsertdə gənc və istedadlı dirijor Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” hissəsini, Niyazinin “Qaytağı”sı və Qara Qarayevin “Pavana”sını təqdim edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər