Avqust ayının 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” onuncu Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, iki ildən bir təşkil edilən nüfuzlu musiqi bayramında bu il dünyanın 80-dən çox ölkəsindən gələn musiqiçilər iştirak edəcək.
Festivalın açılışında Özbəkistan prezidenti İslam Kərimov və UNESCO-nun baş katibi İrina Bokovanın iştirakı gözlənilir.
Bu festivalda ölkəmizi Azərbaycanın əməkdar Artisti, tanınmış xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edəcək. Əvvəllər də musiqiçilərimizin “Şərq təranələri”ndə çıxışları uğurlu olub. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə - Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əskərov, Zabit Nəbizadə festivalda birinci, ikinci yerlərə layiq görülüblər.
Festival çərçivəsində elmi-nəzəri konfrans da keçiriləcək. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.