31 May 2014 19:25
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yusif Mirzə ilə emalatxanasında söhbət

İstanbulda keçirilən simpoziumdan qayıdan rəssam Yusif Mirzə ilə görüşüb, səfər təəsuratlarını öyrənmək üçün rəssamın "Rus Dram Teatrı" ilə üzbəüz yerləşən emalatxanasına yollandıq.

Bizi gülər üzlə qarşılayan Yusif müəllim ilk öncə kiçik emalatxanası ilə tanış etdi. Emalatxanada ilk öncə Amedeo Modilyaninin məşhur əsəri diqqətimi çəkir. Yusif müəllim başqa rəssamların əsərlərini asmaqdan xoşu gəlmədiyini deyir:

"Başqa rəssamın işini emalatxanamdan və ya evimdən asa bilmirəm. Bəlkə, bu, bir az da eqoistlikdən irəli gəlir. Ancaq düşünürəm ki, onların rəsmi mənə mane olur. Modilyaniyə ruh yaxınlığım var deyə onun bu əsərini emalatxanamdan asmışam. Mənim daha çox qədim sənət əsərlərindən, xalçalardan xoşum gəlir".

"Qobustan ənənələrini müasir sənətə mən gətirmişəm"

Söhbət əsnasında Yusif Mirzə bizi kofeyə qonaq edir. O, bu kofenin digərlərindən fərqləndiyini, xüsusi hazırlanma qaydası olduğunu deyir. Nə qədər çalışsam da, rəssamdan kofenin hazırlanma qaydasını öyrənə bilmirəm. Bizə yalnız kofenin xoş dadı və ətri qalır. Ancaq Yusif müəllim istədiyimiz zaman bizi bu sirli kofeyə qonaq edəcəyinə söz verir. Kofe içə-içə İstanbul səyahətindən söhbət açıram. Rəssam İstanbulda simpoziumda iştirak etdiyini deyir: "Türkiyədə bir il ərzində iki dəfə olmuşam. Simpoziumlarda iştirak etmişəm. Müxtəlif ölkələrdən 58-ə yaxın rəssam iştirak edirdi. İstanbulda keçirilən simpoziumda hər bir iştirakçıya yer və material verirdilər. Biz də rəsm çəkirdik. Tələbələr də bizim rəsm çəkməyimizə, texnikamıza baxırdılar. İstanbulda mən üç əsər çəkdim. Bu əsərlər çox böyük marağa səbəb oldu. Qobustan ənənələrini müasir sənətə mən gətirmişəm. Simpoziumda bir qadın yaxınlaşdı və dedi ki, əsərlərinizdə sanki hititlərin ruhu var".

"Kütlə əsərlərimi qəbul etsə, deməli, zəifdirlər"

Yusif müəllimlə söhbəti incəsənətə gətirirəm. "Görəsən, müəllim başa düşülməməkdən qorxmur ki?" - deyə soruşuram. Ancaq onun məsələyə münasibəti bir az fərqli oldu: "Hər yerdə başa düşülməmək, anlaşılmamaq problemi var. Əgər səni başa düşmürlərsə, onda sən onları başa düşməyə çalışmalısan. Kütləvi və elitar sənət var. Əsl sənət kütləvi olmur. Fellininin "8,5" filmində keşişə deyir:

"Mən bədbəxtəm". Keşiş də soruşur: "Axı sən niyə xoşbəxt olmalısan?" Mən qətiyyən fikirləşmirəm ki, rəsmlərimi çoxluq qəbul edəcək. Əgər belə olsa, deməli, əsərlərimdə zəiflik var. İndi populyar sənət yaradanlar deyirlər ki, xalq bizi qəbul edir. Ancaq gəlin görək, bu kütlə xalqdırmı? Əgər sən səhərdən axşama meyxana göstərsən, onda kütlə də buna qulaq asacaq. Hər şey təbliğatdan asılıdır".

Onun rəssamlıqla yanaşı, şeirlər yazdığını da öyrənirəm. Bəs, görəsən, rəssamlıqla poeziyanın qırmızı xətti haradadır? Harda rəssamlıq qurtarır, şeiriyyat başlayır? Yusif müəllimin bu məsələyə də baxış bucağı fərqlidir: "Nə olursa olsun, ürəkdən olmalıdır. Yaponların rəssamlıqda belə bir prinsipi var ki, ürəklə əlin arasına ağıl girməməlidir. Tutalım, sənin əlində rəsm çəkməyə materialın yoxdursa, ancaq çəkmək eşqi gəlirsə, bu zaman sən şeirdə həmin mənzərəni yaradırsan. Rəssamlığın poetik olmağı gözəldir. Həmin poetiklik olmasa, həmin əsər texniki bir işə çevriləcək. Bəzən olub ki, şeirdən rəsmə keçmişəm və tam əksinə. Ümumiyyətlə, rəssam özünü hər bir sahədə ifadə edə bilər. İstər şeir olsun, istərsə də musiqi olsun. Tarkovskinin kadrlarına baxırsan, rəsm əsərinə bənzəyir. Yəni bu sahələr bir-biri ilə sıx bağlıdır".

"Əksər adamlarda istedad var,amma..."

Ancaq Yusif müəllimin gördüyü işlər bununla yekunlaşmır. O, həm də 5-6 yaşlı uşaqlara rəsm dərsi də keçir: "Mən balaca uşaqlara dərs keçirəm. Düzü, mən həmişə müəllimlikdən qaçırdım. Çünki bu sənət səbr, hövsələ tələb edir. Ancaq sonradan gördüm ki, balacaları çox sevirəmmiş. Əksər adamlarda istedad var, amma bir sistem də lazımdır. O qədər istedadlı adam var. Ancaq oturub öz üzərində işləmək lazımdır. Rəsmlə məşğul olmaq üçün gərək bir yaşından çəkməyə başlayasan".

Yusif müəllimdən nə zamansa rəssamlığı atıb-atmayacağını soruşuram. O, bunun mümkün olmadığını deyir: "Rəssamlığı ata bilmərəm. Mən dindar deyiləm. Amma ateist də deyiləm. Sufiliklə məşğulam. Ortodoks islam sufiliyi sevmir. Sufilər deyir ki, fanilər, malda, mülkdə gözü olanlar bu dünya üçün, möminlər isə o biri dünya üçün çalışırlar. Biz isə nə bu dünyanı, nə də o biri dünyanı istəmirik. Bizdə Allah sevgisi var. Sənət dindən də ağır hissdi. Ona soyuqluq göstərsən, sənət mütləq səni cəzalandıracaq. Çünki Allah hərəyə bir istedad verib".

"Mən, adətən, gün işığında işləyirəm"

Yusif müəllim emalatxanasının qonaqlı-qaralı olduğunu bildirdi: "Mən bir şey barəsində fikirləşirəm və onu çəkirəm. Bu əsəri də kimsə görür, bəyənir. Onda həmin adamın marağı sənə yenidən impuls verir. Nəticədə üçbucaq yaranır. Bir dəfə bir amerikalı yazıçı emalatxanama gəlmişdi. O, bir neçə əsərimi aldı. Sonra dedi ki, mənim çox böyük kolleksiyam var. O, mənim əsərlərimi Pikasso və Tomayo ilə bir sırada asacağını bildirdi. Mən məmnunam ki, əsərim bu cərgədə asılıb".

Emalatxananın həddən artıq işıqlı olmasından şikayətlənirəm. Yusif Mirzə isə işığın rəsmlərə xeyri olduğunu düşünür: "Mən, adətən, gün işığında işləyirəm. Ancaq işıq çox olanda da pisdir. Ancaq düşünürəm ki, bu dərəcədə olması normaldır".

Emalatxanadakı rəsmlərlə maraqlanıram. Yusif müəllim bir çox rəssamın onun əsərlərini oğurladığını deyir: "Bir də çox rəssam var ki, əsərlərimdən plagiat edirlər. Düzdür, ruhlanmaq olar, ancaq bəzi şeylər var ki, o, artıq oğurluqdur. Məsələn, mən Vivaldinin "Dörd mövsüm" əsərindən ruhlanaraq bu adda rəsm çəkmişəm. Mən qrafika ilə də məşğul oluram. Fikirləşirəm ki, hər şeyin əsası qrafikadır. Çünki rəsmin yaxşı olmasa, rəngkarlıq edə bilməzsən. Materialları baha başa gəldiyi üçün heykəltaraşlıqla çox məşğul ola bilmirəm. Təəssüf ki, maddi tərəf işə mane olur. Sənət adamı gərək maddiyyatı fikirləşməsin. Ümumiyyətlə, gərək sənət adamlarının üzərində olan vergini ləğv etsinlər. İncəsənətə, kitaba görə pul almaq doğru deyil. Bir də təəssüf ki, bizdə qalereyalar inkişaf etməyib. Əslində, rəsm satışı ilə birbaşa onlar məşğul olmalıdırlar. Yoxsa bizdəki kimi rəssamlar özləri satmamalıdırlar. Bilirsiniz, bizdə vəzifə sahiblərinin bir çoxunun sənətdən başı çıxmır. Onlar başa düşmürlər ki, sənətə qiymət vermək lazımdır. "Mən bir ara lələklə də qrafika çəkmişəm. Metalla etdikdə bu istədiyim nəticəni vermir. Ona görə də qamışla çəkməyə başladım".

"Rəssamların "xaltura" dedikləri əsərlər indi baha qiymətə satılır"

Gözümə müxtəlif ölçülərdə olan çərçivələr dəyir. Rəssamın çərçivələrə uyğun çəkməyi nə dərəcədə doğrudur?-deyə maraqlanıram. Yusif müəllim imzasını qoyduğu bütün əsərlərinə görə məsuliyyət daşıdığını dedi: "Bir rəsmi çəkəndə ondan nə qədər pul qazanacağını düşünmürsən. Biz Sovet vaxtı çoxlu sifarişlər yerinə yetirirdik. Yaxşı pul verirdilər, biz də mənzərələr, təbiət rəsmləri çəkirdik. Rəssamlar ona "xaltura" deyirdilər. Ancaq həmin "xaltura"lar indi baha qiymətə satılır. Çünki onların hər birində sənət vardı. Sənətkarın ustalığı ondadır ki, o, ən adi əsərdə belə sənət göstərsin. Əgər bir rəsmə imzamı qoyuramsa, istər-istəməz onun üzərində məsulliyyətlə çalışıram".

Divarda gözümə iki uşaq şəkli sataşır. Məlum olur ki, bu, Yusif Mirzənin uşaqlarıdır. Onlar da atalarının yolunu getsə də, Yusif müəllim bunu heç istəmir: "Bir oğlum, bir də qızım var. İkisi də rəsm çəkirlər. Hətta bir neçə dəfə əsərləri mükafata layiq görülüb. Ancaq mən rəssam olmalarını istəmirəm. İstərdim ki, iqtisadçı olsunlar”.


Müəllif: