12 Oktyabr 2015 23:34
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatıb. Teleqraf.com xəbər verir ki, oktyabr ayının 9-dan start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv A.S.Puşkinin “Золотая рыбка” (“Qızıl balıq”) və Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşaları ilə çıxış edib.

Qastrol səfərinin son günü Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun Kalmık Milli Dram Teatrında hazırladığı yazıçı-dramaturq Ə.Əmirlinin “Любящая женщина” (“Sevən qadın”) tamaşası nümayiş etdirilib. Ölkəmizdə ilk premyerası keçirilən sözügedən tamaşa izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Tamaşadan sonra çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Bəhram Osmanov 3 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildiriblər.

Kalmık Milli Dram Teatrının baş direktoru Boris Mandjiyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarının bildirərək bu il oktyabr ayının sonunda Elistada baş tutacaq “Xortdanın cəhənnəm məktubları” tamaşasının premyerasını səbrsizliklə gözlədiklərini vurğulayıblar.

Gənc Tamaşaçılar Teatrına və “Sevən qadın” əsərinin müəllifi Əli Əmirliyə öz milli hədiyyələrini təqdim edən Q.Şurayevaya Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, 26-30 oktyabr tarixlərində Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edərək P. Nurəliyevanın “Dəcəl keçi” və Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları ilə çıxış edəcək.

Nərmin


Müəllif: