27 Oktyabr 2015 14:09
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun xəstəlikdən sonra əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova ötən şənbə dünyasını dəyişdi. O, bir neçə gün əvvəl yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında gözlərini əbədi yumdu. 58 yaşı vardı, xərçəng və şəkərli diabetdən əziyyət çəkirdi. Son illərdə isə o yaradıcılığından daha çox xəstəliyinin şiddətli ağrıları, acıları, kimsəsizliyi ilə gündəmdəydi... Hər dəfə SOS siqnalı kimi "ölürəm" deməsi hələ də qulaqlarda cingildəyir, yayılan son şəkilləri isə gözlər önündən getmir...

Onunla vida mərasimi oktyabrın 25-də öz evində keçirildi. Mərasimdə Musiqi Teatrın kollektivi, ailə üzvləri və sənət yoldaşları iştirak etdilər... Aktrisa şəhər qəbirstanlığında dəfn olundu.

Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında çıxış edirdi. Aktrisanın "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beş manatlıq gəlin"də Naznaz, "Özümüz bilərik"də Ceyran, "Subaylarınızdan görəsiniz"də Çarliston, "Bankir adaxlı"da Maral, "Məhəbbət oyunu"nda Ceyran, "Aldın payını, çağır dayını" tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Bir də onu hər kəsə sevdirən televiziya ekranlarında parlayan "Feliçita"sı olub. Müsahibələrində hər zaman fəxrlə deyirdi ki, o rola bir neçə aktrisanın namizədliyi arasından seçilib. Gülnar Salmanova 2001-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Əməkdar artist Prezident mükafatçısı idi.

"Deyirdi, ata, məni bağışla"

Teleaparıcı İradə İsaq Gülnar Salmanovanın son anlarını belə xatırlayır: "Ölənə yaxın Elçin, İradə, "behişt" sözünü təkrarlayırdı. Xəstə insan üçün "behişt" sözünü demək çox çətin idi. Dünyasını dəyişən günü həyat yoldaşını çağırdı. Onu gördü və son dəfə üzünə baxıb canını tapşırdı. Canını çox çətin tapşırdı. Elə bil ki, yoldaşını gözləyirdi. Amma bizə onu gözlədiyini demədi. Axırıncı günlər atasından danışırdı və deyirdi ki, ata, məni bağışla. Daha çox oğlu Elçindən danışırdı. Elçinlə nəfəs alırdı. Oğlu həmişə yanında olurdu və xəstələnən zaman da birlikdə xəstəxanaya apardıq".

"Bir dəfə dözmədim..."

Gülnar Salmanovanı gənclik illərindən tanıdığını deyən əməkdar artist Naibə Allahverdiyevanın sözlərinə görə, aktrisa oğluna gözəl ana olub: "Allah ruhunu şad eləsin. Bizim hamımız günahkar bəndələrik. Hamımızın günahı var. Allah onun da günahını bağışlasın. Yeri cənnətlik olsun. Mən Gülnar xanımı lap gənclik illərindən tanıyıram. Gənclik həyatımın bir hissəsi Gülnarla bir yerdə keçib. Yaxşı insan, ürəyi təmiz və gözəl aktrisa, özünəməxsus sənəti var idi. Süfrəsi hər zaman hamıya açıq olurdu. Evdarlığına söz ola bilməzdi. Onun necə ana olması barədə saatlarla danışmaq olar. Oğlu Elçin gözümüzün qarşısında böyüyüb. Əminliklə deyirəm o öz analıq borcunu tam şəkildə yerinə yetirib. Yadıma gəlir, oğlu universitetə daxil olanda mən onlara getmişdim. O zaman hamının kasıb vaxtları idi. Amma o, oğlunu bəy balası kimi geyindirib universitetə yola salmışdı. Bir dəfə dözmədim, Gülnara dedim ki, bu qədər borcun altına girib oğlunu bəy balası kimi geyindirirsən, sonra da deyirsən pulum yoxdur. Dedi, mənim oğlum elə yerdə oxuyur ki, hamı elə geyinir, mən də istəmirəm o uşaqların yanında utansın. Elçini necə tərbiyə etdiyinin mən şahidiyəm. Uşaqlar həyətdə ora-bura qaçanda Elçin evdə dərsləri ilə məşğul olurdu. Son illərdə çox faciəvi həyat yaşadı. Biz dəfələrlə evinə gəldik, aktyorlardan imza toplayıb Mehriban xanım Əliyevaya müraciət etdik. Sağ olsun ki, Mehriban xanım böyük köməklik göstərdi, onun İsrailə göndərdi. Onun bu vəziyyətdə həyata gözlərini yumması mənə, həqiqətən, çox pis təsir etdi. Tək-tənha... Bu, ona yaraşmırdı. Bir evin içərisində tək qalmaq... köməksiz-kimsəsiz... Amma yenə sənət adamları, yazarlar sağ olsunlar ki, onu tək qoymadılar. Deyirlər, ölüm də urvatlı olmalıdır. Son anında sənət adamları, yazarlar ona köməklik göstərdilər, xəstəxanaya apardılar. Heç olmasa sonda o, tək evin içərisində ölmədi".

"Heyf səndən"

Onun tamaşalarda tərəf müqabili olan əməkdar artist Fatma Mahmudova Gülnarın hər rola möhür vurduğu deyir: "Mənim aləmimdə Gülnar öz yaşıdları arasında böyük sənətkar idi. O, dörd oktava vokal səsə sahib idi. Onun bir neçə əsərdə tərəf müqabili olmuşam. Sözün əsl mənasında tərəf müqabili kimi səhnədə ondan böyük zövq alırdım. O, səhnəmizin Feliçitası idi və sizə deyim ki, daha çox da bu rolla yaddaşlarda qaldı. Amma onun yaratdığı elə obrazlar var idi ki, o rollara möhürünü vurmuşdu. Başqası onu elə yarada bilməzdi. Biz Gülnarla daha bir aktrisamızı itirdik. Gülnar son mənzilə elə-belə yola düşmədi. Mən teatrımızın rəhbərliyinə şəxsən Əliqismət Lalayevə, kollektivimizə, İrada İsağa öz dərin təşəkkürümü bildirirəm. Bu cür insanlar Gülnar Salmanovanı tək qoymadılar. Gülnarın övladı Elçini qınamaq düzgün deyil. Gülnarın çox gözəl, çox tərbiyəli övladı var. Bunun özü böyük xoşbəxtlikdir. Çünki yerində Elçin kimi layiqli bir övlad qoyub getdi. Gülnar Salmanova xəstələnəndən indiyə kimi teatrın kollektivi tərəfindən biganəlik görməyib. Teatrın işçiləri, aktrisalar, rəhbərlik daim ona baş çəkirdi. Allah rəhmət eləsin. Yalnız bir söz demək istəyirəm: Heyf səndən Gülnar".

"Onu filmə ancaq mən çəkdim"

Teleaparıcı, rejissor Sərxan Kərəmoğlu aktrisanın yaxınlarından diqqət görmədiyini dedi: "Gözəl dost, gözəl sənətkar, eyni zamanda küsəyən, hər zaman diqqət gözləyən, amma o diqqəti ala bilməyən biri idi. İndi hamı tərifləyir, amma sağlığında bir-iki nəfərdən başqa heç kim yanında deyildi. Ən yaxınlarından belə o diqqəti görmürdü. Diqqət görəndə də çətin xasiyyəti olduğuna görə hamı ondan uzaqlaşırdı. Ən son mənim filmimdə çəkilib. Elə onu filmə çəkən yalnız mən olmuşam".

"Gülnar elə Gülnar idi"

Əməkdar artist Nahidə Orucova Gülnarla xanımla teatrda bir otağı bölüşüb: "Gülnarla bir teatrda işləyirdik. Hətta bir otaqda otururduq. Tamaşaqabağı zarafatlar edirdik, çay içirdik, acılı-şirinli xatirələrimizi paylaşırdıq. Onun xatirələrdə qalacaq çox gözəl obrazları olub. Ancaq şaqraq gülüşü indi də hamının qulağındadır. O cür aktrisalar bizdə az olub. O, bütün bədəniylə gülürdü. Gözəl ana idi, balasının hər zaman qeydinə qalırdı. İllərdən bəri qazandığını balası üçün xərcləyirdi. Elçini boya-başa çatdırıb, oxudub, işə düzəldib. Deyirdi, arzum odur ki, oğlum prokuror olsun. Desinlər ki, prokuror anası gəlir. Bu sözü həmişə qürurla deyirdi. Müəyyən vaxtlarda Musiqili Teatrdan aktyorlar getdilər, qrup, yaxud tək şəkildə... Bəziləri öz teatrlarını yaratdılar. Amma Gülnar hər zaman teatrda qaldı, o dövrdə Ramiz Məmmədovla o teatrın sütunları idi. Neçə illər məhz onlar teatrı öz çiyinlərində daşıdılar. Bax, Gülnar elə Gülnar idi".

Aktrisa Telli Hüseynovanın sözlərinə görə, Gülnar xanım teatrda gənclərə hər zaman qayğı ilə yanaşıb: "Mən Gülnar xanımdan yalnız xoş söz, ana nəvazişi görmüşəm. 22 ildir ki, teatrda işləyirəm. İlk gündən o mənə, mənim kimi gənclərə hörmət göstərib. Gənclərə kimsə şərait yaratmasa da o bizə qayğı göstərirdi. O, Mehriban xanım Əliyevanın dəstəyi ilə İsraildə əməliyyat olundu və onunla ömrü bir-iki il də uzandı. Əfsus ki, artıq xəstəliyə tab gətirə bilmədi".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər