19 Noyabr 2015 16:10
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda ana dilinin xalqımızın həyatındakı rolundan danışarkən onun saflığının qorunub saxlanmasının vacibliyini vurğulamışdı. Eyni zamanda, Azərbaycanda dilçiliklə bağlı problemlərə toxunan AMEA prezidenti bildirmişdi ki, dilin qorunmasını təmin etmək yalnız dilçilərin problemi deyil, dilçiliklə bağlı məsələ bütün sahə mütəxəssislərini narahat etməlidir.

Azərbaycan ədəbi dilinin qorunmasında bəzən alimlərin, dilçilərin, bəzən ədəbiyyat adamlarının, bəzən isə media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət düşdüyünü deyirlər. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, türkoloq-alim Tofiq Hacıyev bu mənada bədii ədəbiyyatın vəzifəsini daha böyük qiymətləndirir və söz adamlarının üzərinə daha böyük iş düşdüyünü deyir: “Dil yazıçının, şairindir. Aşağı sinif kitabları şagirdlərə çalışma verir, həmin çalışmalarda bir dənə də olsun elmi ədəbiyyatdan nümunə olmur. Çünki elmi ədəbiyyatın dili süni dildir. Xalqın dili yazıçının, şairin dilidir. Dilin qorunmasının birinci məsuliyyəti onların boynundadır. Təsəvvür edin, 1920-30-cu illərdə qərar çıxmışdı ki, “inqilab” sözü əvəzinə “revolyusiya”, “mədəniyyət” əvəzinə “kultura” deyin, yazın. Bir yazıçı, şair o sözləri dilində işlətmədi. Əgər həmin sözlər Səməd Vurğunun, Rəsul Rzanın dilində işlənsəydi, məcburən xalqın dilinə də hopacaq, dərsliklərə salınıb uşaqlara öyrədiləcəkdi. Mətbuat “kultura” yazdı, amma bədii dilə keçmədi. Yəni xalqın dilini yaşadan bədii ədəbiyyatdır. Mətbuatın dili kütləvi dildir, elmi üslubla bədii üslub arasında keçid təşkil edir. Dili təbliğ edən bədii ədəbiyyatın dilidir. Yazıçılar, şairlər dilimizin yiyəsidir. Elmi dildə sərbəstlik yoxdur, qəlib var, sünilik var. Orda qrammatika hərfbəhərf tətbiq edilməlidir. Ancaq misal çəkəndə bədii ədəbiyyatdan nümunə gətiririk”.
Müasir yazıçı və şairlərimiz dilimizin qorunması yükünü çiyinlərində daşıya bilməsinə gəlincə, dilçi alim onlardan razılığını bildirir: “Tək-tək ədabaz şair və yazıçıları çıxmaq şərtiylə, onlardan razıyam. Bizim sanballı yazıçılarımız var. Ancaq birdən şeir oxuyanda baxırsan ki, guya şeirin hər sözü bir misradır, nömrələyib veriblər. Başa düşmürəm, bu, nə hoqqabazlıqdır? Bunu yazanlar nə şairdir, nə də yazıçı. Onlar ana dilinə də təsir edə bilməz.

Eyni zamanda, gənc nəsil arasında gözəl yazanlar var. Bütün imzaları tanımasam da, aralarında bəyəndiklərim çox olur. Hələ onlar başlanğıcda belə gözəl dillə yazırlarsa, gələcəkləri daha parlaqdır. Deyirlər ki, dilimiz pozulmağa doğru gedir. Ancaq qorxusu yoxdur, çünki kimlər ki, bu dili pozmaq istəyir, onların dili dil deyil”.

Tofiq Hacıyev media sektorundakı qüsurları isə məsuliyyətsizliklə əlaqələndirir: “Problem jurnalistlərin və onları işə cəlb edənlərin məsuliyyətsizliyindən yaranır. Dillə bir ailə-məişət davranışı var, bir də ictimai davranış. Düzgün nitqlə danışa bilməyənlər efirə çıxmamalıdırlar. Ümumiyyətlə, gərək nitq mədəniyyətinə yiyələnəsən. Bəzən bir sürücü danışır, elə bilirsən, Mehdi Məmmədov danışır. Ancaq bizim bir akademik danışır, ya bir xanəndə Füzulidən qəzəl oxuyur, baxırsan ki, cümlənin nə əvvəli var, nə də axırı. Özümüzdə bir ictimai səviyyəsizlik, yetkinləşməmək var. Mətbuatın, televiziyanın dilində o qədər normadan kənaraçıxma var ki, redaktor da bunu idarə bilməz. Digər tərəfdən də, bizdə bir tənbəllik var, başqa dildə nə söz var, olduğu kimi götürüb dilimizə gətiririk. Məsələn, “kreativ” sözündən istifadə edilir. Məgər “yaradıcı” sözü daha yaxşı deyilmi? “Banal” sözü işlədilir. Axı bu söz azərbaycanca “bayağı” kimi ifadə olunur. Ancaq bu məqama nəzarət yoxdur”. Alimin sözlərinə görə, cəmiyyət qarşısında danışmağın və fikir bildirməyin məsuliyyəti olmalıdır. Dilimizin məzmun və imkanlarından layiqincə istifadə edilməməsi Tofiq Hacıyevi narahat edən məsələlər sırasındadır.

Sevinc


Müəllif: