22 Dekabr 2015 12:50
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sorğu keçirib: "Kitab təqdimatlarının əhəmiyyəti nə qədərdi, nəticəsi olurmu, bunların ədəbi prosesə təsiri varmı?" Səslənən fikirləri təqdim edirik:

Əyyub Qiyas: “Təqdimatların keçirilməsi çox yaxşı haldır. Təəssüf ki, təqdimatlara oxuculardan çox müəlliflərin (yəni özümüzün) qələm dostları gəlir. Elə bil bir-birimizə dəstək olmaq məqsədilə tədbirlərdə işitrak etməyi özümüzə borc bilirik. Yəni bu, bir borc halına gəlib. Tutaq ki, toy kimi. Filkankəs mənim təqdimatıma gəlib kitab alıbsa, gərək mən də gedib borcumu qaytarım. Bu halda da o təqdimat mahiyyətini itirir. Amma kitab təqdimatlarına oxucular cəlb edilərsə və uğurlu imza aksiyası baş tutarsa, bu, ədəbiyyata müsbət yöndə xidmət edər. Ən azından ədəbiyyat yeni oxucu qazanmış olar”

Mirmehdi Ağaoğlu: “Çeynnəmiş söhbət olsa da deyim ki, çox təəssüf ki, bizdə insanların kitab almaq qabiliyyəti çox aşağıdır. Amma problem həll olunmayınca, bu barədə hələ çox danışacağıq. Tutalım kitab çıxanda normalda oxucular gedib onu kitab mağzasından almalıdırlar. Amma almırlar. Əvəzində müəllifə yazırlar ki, kitabı hardan əldə edə bilərəm? Yazıçı da əsas işini kənara qoyub kitabın satışı ilə məşğul olmağa məcbur olur. Əslində isə, kitab mağazalara paylanandan sonra oxucular onu əldə edib, imza günlərində kitabı imzalatmalıdır. Bizdə isə bu dediyim sitem yoxdur. Ona görə yazıçılar məcburdur kitabın təqdimatını keçirsinlər, dostları-tanışları dəvət etsinlər. Dost-tanış da tədbirə gəlirsə, məcbur olub kitabı alır. Bizdə nə kitab satırsansa, təqdimatda satırsan. Kitab mağazalarından o qədər də kitab alan olmur. Məsələn, mən sonuncu kitabımın təqdimatında xeyli kitab satdım. Əgər təqdimat olmasaydı, inanmıram oxucular gedib mağazalardan kitabı alardı. Təqdimat üçün isə xeyli adama fərdi dəvət göndərdim, zəng etdim, təqdimatın vaxtını dedim, feysbukda event yaratdım. Allahın Gürcüstanında mənim yaşda hansı yazıçıya desən ki, təzə kitabım çıxmışdı, kitabın satılması üçün təqdimat elədim, xeyli dostuma zəng edib dəvət elədim, adama gülərlər. Reallıq budur. Və mənə elə gəlir, biz hələ çox təqdimatlar keçirəcəyik”.

Nəriman Əbdülrəhmanlı: “Kitab təqdimatı bütün dünyada yayılmış müsbət ənənədi, hər yazıçı əsərini cəmiyyətin diqqətinə bu cür təqdim edir. Amma qabaqcıl ölkələrdə bu işlə müəllifin özü yox, onun ədəbi agentləri, yaxud nəşriyyat məşğul olur. Təəssüf ki, bizdə o qədər geniş imkanlar yoxdu. Ona görə də olanımızla kifayətlənməyə məcburuq. Nəticəsi də o olur ki, müəyyən sayda oxucu kitabın varlığından xəbər tutur, az da olsa, satış həyata keçirilir. Əslində, bütün bunlar ədəbi proses ətrafında baş verən məsələlərdir, birbaşa olmasa da dolayısı ilə təsir göstərir. Təəssüf doğuran odur ki, bir çox təqdimatlar nəşr olunan kitabın bədii çəkisindən, sanbalından yox, müəllifinin imkanından yaranır. Əlbəttə, dünya təcrübəsini əxz edənə qədər belə də davam edəcək”.

Ayxan Ayvaz: “Azərbaycanda kitab təqdimatlarının əksəriyyəti yas, toy yerlərini xatırladır. Köhnə hamam, köhnə tas. Mən Tiflisdə bir kitab təqdimatı gördüm. Deməli, yazar oturub masanın kənarında, gələn-gedən kitabını imzalatdırır. Təqdimat alış-veriş mərkəzində idi və əvvəlcədən elan olunmuşdu. Musiqilər, içkilər və s. İnsanlar əylənirdilər, həm də kitabla tanış olurdular. Bizdəki kitab təqdimatları isə qoca kişilərin danışmağına bənzəyir. Kitab təqdimatlarına da həmişə dost-tanış gəlir. Birdən inciyər, elə bilər paxıllığını çəkirəm kimi deyib gedirlər özü də. Sən mənim kitabımın təqdimatına gəlmədin, mən niyə gəlim. Yas, toy yerlərinin ssenarisinə bənzəyir kitab təqimatları. Təklif edərdim ki, Türkiyəyə, Rusiyaya, elə lap yaxınımızdakı Gürcüstana baxıb kitab təqdimatının müasir formasını götürsünlər. Kitab təqdimatları o zaman ədəbi prosesə təsir edər ki, dost-tanışdan, qohum-əqrəbadan başqa adamlar da ora gəlsin”.

Qismət Rüstəmov: “Mən kitab təqdimatı yerinə, imza günü formatının tərəfdarıyam. Çıxışsız, tostsuz, tərifsiz. Bu kitab təqdimatları toy-nişana oxşayır, hamıya söz verilir, söz verilməyən inciyir. Formatlar haqqında ciddi düşünməliyik”.

Aqşin Yenisey: “Kitab təqdimatları dünyanın bütün ölkələrində keçirilir. Mən Tiflisdə bircə gün olmuşam, o da gənc gürcü yazarların kitab təqdimatına təsadüf edib. Gənc gürcülər qızlı-oğlanlı əllərində içki şüşələri hərəsi bir tərəfdən gəlib yığışırdılar təqdimat keçirilən kitab dükanına. Orada mən hiss etdim ki, heç kim bizdəki kimi kitab təqdimatlarına ədəbiyyata gəlmək iddiası ilə yanaşmır. Sadəcə, mədəni bir görüş yeri kimi yığışıb əylənirlər. Bizim təqdimatlar çox iddialı keçirilir. Qaldı ki, təqdimatların ədəbiyyata nə verəcəyi məsələsinə, şəxsən mən hələ bu günəcən təqdimatı keçirilən bircə dənə də maraqlı kitaba rast gəlməmişəm. Hətta elə kitab olub ki, ona verdiyim pula heyfsilənmişəm ki, kaş vərəqləri ağ olardı, bloknot kimi istifadə edərdim”.

Əsəd Qaraqaplan: “İmza günləri hər kəsin bir araya gəlməsi üçün əla imkan yaradır. Bu da bir çox tərəfdən əhəmiyyətlidi. Həm kitab satılır, həm görüş olur, həm də gözəl bir aurada insanlar daha istiləşir, doğmalaşır. Yazarlar demək olar kül halında ancaq imza günlərində bir araya gəlirlər. Bu da ədəbi prosesin əsas göstərgəsinə çevrilir.

Məncə, kitabla bağlı bütün tədbirlər gözəl və xeyirlidi. Ən çox da imza günləri. Amma daha maraqlı və daha geniş şəkildə ola bilər imza günləri. Məsələn, bir təşkilatçı, ya hansısa bir təşkilat ola, bunu öz üzərinə götürə. Bir çox yerdə, hətta bölgələrdə də edəsən. Bax bu daha da əla olur. Dünyada, elə Türkiyədə də belədi”.

Mübariz Örən: “Bu yaxınlarda Şərif Ağayarın, ondan da qabaq Mirmehdi Ağaoğlunun, Ramilə Qurbanlının kitab təqdimatında oldum. Əməlli-başlı qələbəlik idi. Əsl kitab bayramı! Əlbəttə, belə təqdimatlar kitabın, ədəbiyyatın təbliği, tanıdılması üçün mühüm imkanlara malikdir. Düşünürəm ki, belə təqdimatlar fərqli kontingenti olan fərqli məkanlarda keçirilməli və hər təqdimat fərqli yanaşmada həllini tapmalıdır”.

Elmin Nuri: “Çox təssüflər olsun ki, bizdə hər müəllifin böyük həyəcanla və inam hissi ilə keçirdiyi kitab təqdimatları da artıq formal hal alıb. Təsəvvür edin, müəllif sosial şəbəkədə ona yaxın olan şəxslər, eləcə də, real həyat dostlarına güvənərək təqdimatı keçirir. Amma onlar da müəyyən səbəblərdən gəlmədikdə hər bir gəlməyən adam qədər müəllif pis olur. Bu həqiqətən də belədir. Bütün istedadlı yazarlara kitab təqdimatı qismət olsun. Amma elə çətindir ki! Müəllifin gözü yolda qalır, dəvət elədiyi adamın yolunu gözləyir. Təqdimata marağın zəif olduğunu görən müəllif üçün isə bu həqiqətən də zərbədir. Adlarını çəkmək istəmədiyim, iki məşhur yazarın imza gününə getmişdim. İnanın, heç on adam da yox idi. Bu hadisəni görəndən sonra kitabın təqdimatını keçirməkdən vaz keçdim. İndi kitab təqdimatlarının ədəbi prosesə təsirindən danışmaq gülünc olar. Kitab təqdimatını yalnız bir cümlə ilə belə ifadə edərdim: Kitab təqdimatları, imza günləri yalnız sosial şəbəkədə yaxın olduqlarınla çox qısa müddətdə real həyatda üzləşmək, görüşmək şansıdır. Onda da kim gəlsə”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər