24 Dekabr 2015 14:34
3 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin “Allahın elçisi” məqaləsini təqdim edir:

Dekabrın 29-u Allahın son elçisi həzrət Məhəmmədin (s) doğum günüdür. Bu bayram münasibətilə xalqımızı təbrik edir və aşağıdakı yazını İslam peyğəmbərinin (s) uca ruhuna ithaf edirəm.

Bəşəriyyət öz tarixinin ən qəribə və keşməkeşli dövrünə qədəm qoyub. Bu dönəm insan daxilində baş verən ölüm-dirim savaşı ilə səciyyəvidir. Elə bir frustrasiya nöqtəsinə çatmışıq ki, bəşəri sivilizasiyanın tamamilə məhv olması və ya daha mükəmməl və təsəvvürolunmaz dövrünə qədəm qoyması ehtimalları eyni dərəcədə mümkündür. Vaxtı ilə bir çox sivilizasiyalar belə nöqtəyə çatmışdılar, lakin onların əksəriyyəti məhəlli xarakter daşıdığından bu proses yalnız bir mədəniyyətin məhvi ilə nəticələnə bilərdi. Qədim Babilistan, Qədim Misir, Antik mədəniyyət zamanın çağırışlarına cavab verə bilmədikləri üçün tarixin qaranlıqlarına sovuşdular. Lakin onlardan sonra yeni sivilizasiyalar peyda olurdu və bəşəriyyətin inkişafı yolunda lokomativə çevirilirdi. Bu gün isə vəziyyət tam başqadır: qloballaşma fonunuda ölüm-dirim seçimi qarşısında olan bütün bəşəriyyətdir, ayrı-ayrı mədəniyyətlər yox. Məhz bu səbəbdən bəşəriyyətin qütb ulduzuna həmişəkindən daha çox ehtiyacı var.

Bir zamanlar ənənəvi cəmiyyət öz böhran dövrünü yaşamaqda idi. Eramızın ilk əsrlərində dünyanın əsas mədəniyyət mərkəzləri olar Roma, İran və Çin ciddi sual qarşısında idilər: bundan sonra necə olacaq? Xristianlığı qəbul etmiş Roma imperiyası parçalanma təhlükəsi ilə üzləşmişdi. Lakin bu siyasi deyil, dünyagörüşü böhranı idi. Min ilə yaxın davam edən bir politeist sivilizasiyası siyasi cəhətdən xristianlığı qəbul etmək məcburiyyətində qalsa da, keçmişindən tam imtina etmək istəmirdi. Romalılar bir yandan xristian zöhdü və ehkamçılığı, digər yandan isə antik fəlsəfə və gedonizmi arasında parçalanaraq, mənəviyyatla maddiyyat arasında kompromis axtarırdılar. Bu daxili savaş xristian Romasında təriqət savaşlarına, dini radikallığa, hətta obskurantizmə gətirib çıxartdı. Nəticədə vahid xristian imperiyası parçalandı, Avropa min ilə yaxın davam edəcək qaranlıq əsrlərə qədəm qoydu. Romanın yaxın qonşusu olan Sasani İranında isə əksinə, min ilə yaxın hökmranlıq edən zərdüşt mədəniyyəti qnostik düşüncələr arasında parçalanırdı. Romadan fərqli olaraq burada dini ehkamçılıq və radikalizmi təhlükəsi yox idi. Əksinə, Gundeşapur Akademiyası dünyanın ən parlaq elmi mərkəzi olması ilə yanaşı, ehkamçılığın əksi olan qnostik və mistik təlimlərin də istehsalçısına çevirilmişdi. İran qəribə laborotoriyaya bənzəyirdi – ziddiyyətli dini, siyasi və fəlsəfi baxışların sintezinə məhz burada rast gəlmək olurdu. Qədim İran cəmiyyəti sinkretik təlimlər arasında parçalanaraq yeni mənəvi yol axtarışında idi. Nəticə də, İran kimi böyük bir dövlət təzə yaranmış kiçik bir müsəlman dövlətinin qarşısında tab gətirə bilməyib fəth olundu. Qədim Çində isə durum tam fərqli idi. Burada uzun illərdir ki, buddizmlə konfusianlıq arasında daxili mübarizə ilə yanaşı, Çin mədəniyyətinin yeni coğrafiyaların işğalı prosesi gedirdi. Fəlsəfi təlim olan konfusianlıq inanc sistemi olan buddizmi əvəz etməyə çalışırdı. Yəni fəlsəfə, elm dini əvəz etməyə qalxmışdı. Çin bəlkə də yeganə yer idi ki, burada dövlət idarəçiliyi məktəbi var idi. Dövlət məmurları nəsəb prinsipi ilə deyil, savadına görə imperator sarayına daxil olurdular. Bununla belə, Orta Asiyanı fəth etmək arzusunda olan Çinə daha universal və cəlbedici ideologiya lazım idi. Çünki, özünü Göy altında yeganə imperiya kimi qavrayan şovinist bir cəmiyyətin polietnik Asiya sivilizasiyasın əsasını qoyması mümkünsüz idi. Çin fərqli etnosları birləşdirəcək daha mükəmməl idarəçilik sistemi və siyasi ideologiya axtarışında idi. Nəticədə, Çində elmi inkişaf baş versə də, çoxmədəniyyətli sivilizasiya qurula bilmədi.

Məhz belə bir dövrdə, dünyanın ən ucqar nöqtəsində, Ərəbistan səhralığının mərkəzində dünyanı birdəfəlik dəyişəcək bir insan dünyaya gəldi. Hicaz məntəqəsi hər cəhətdən dünyanın kiçik modelini xatırladırdı. Bir tərəfdən Hicaz əhalisi ərəblər və müərrəblər – yəni ərəbləşmiş tayfalardan ibarət idilər. Bu iki dəstə arasında milli zəmində kin-küdurət mövcud idi. Digər tərəfdən Hicaz bədəvi, yəni köçəri tayfalarla şəhər ərəbləri arasında mədəni konfrontasiya dönəmini yaşayırdı. Qəbilə ittifaqları dövlət quruculuğu ərəfəsində idi və qəbilələr həmin dövlətin qurulması uğrunda bir birini ötməyə çalışırdı. Nəhayət, ərəblər dini böhran içində idilər. Bu proseslərin ən əsas fəsadı isə insan şəxsiyyəti və ləyaqətinin aradan getməsi idi. İnsanlar özlərini özəl fərd kimi deyil, qəbilənin, cəmiyyətin iradəsiz bir ünsürü kimi görürdülər. Başqa sözlə desək, Hicaz o dövrün ən böyük sivilizasiyaları kimi maddiyyatla mənəviyyatı uzlaşdıracaq, mənəvi axtarışlara cavab verəcək, düşmənçilik içində yaşayan qəbilələri birləşdirəcək, ən əsası insana şəxsiyyət verəcək bir dünyagörüşünə möhtac idi. Bu dönəmin cahiliyyət adlandırılması da təsadüfi deyildi. Nəinki ərəblər, bütün bəşəriyyət cahil insan kimi nə etməli olduğunu bilmirdi. Bütün ümidlər yalnız Allaha idi, çünki ilahi müdaxilə olmasaydı cahiliyyət təfəkkürü öz kamalına çatacaq və bəşər sivilizasiyasının varlığı sual altına düşəcəkdi.

Cahiliyyətin dünyanı ağuşuna aldığı ən qızğın dönəmdə Məkkədə dünyaya gələn həmin şəxs 40 yaşında Allah tərəfindən ağır bir missiya ilə görəvləndi. Həzrət Məhəmməd (s) Hira mağarasında Allahla raz-niyaz etdiyi zaman Cəbrayıl ona “Oxu!” əmrini gətirdi. “Oxu! Rəbbinin adı ilə oxu...!” vəhyi cəhalətin aradan aparılması üçün ilk göstəriş idi. Allahın yeni seçilmiş peyğəmbəri də öz təbliğatına məhz insanı özünə tanıtmaqla, insan adlı dərin kitabın oxunması ilə başladı. Onun bütün səyi insanı özünü dərk etməyə, öz kimliyinə qayıtmağa yönəltməkdən ibarət idi. Bu yolda neçə-neçə əzab-əziyyətə qatlaşdı. O, digər inqilabçılar kimi fəqir təbəqənin zənginlərə qarşı üsyanına köklənmədi. Əksinə, fəqirin də, zənginin də bir biri ilə qardaş olduğunu elan etdi. Odur ki, onun əsas silahdaşları arasında Həmzə kimi adlı-sanlı cəngavər, Bilal kimi qaradərili qul, Əbu Zərr kimi bədəvi ərəb, Salman kimi iranlı alim, Abbas kimi zəngin ərəb yer aldı. Fərqli sosial təbəqələrin və etnik qrupların nümayəndələri İslam çətiri altında yeni bir ictimai inqilab yaratdılar. Təbliğatının ilk çağlarında, Qureyş əyan-əşrafı tərəfindən təqib edildiyi ən qızğın dövrdə Bəni Əmir qəbiləsinin rəisi ona təklif edir ki, bütün qəbiləsi ilə birlikdə İslamı qəbul edəcək və ərəbləri yeni dövlətdə birləşdirəcək, bir şərtlə ki, gələcək hökümətdə onun da payı olsun. Peyğəmbər makiavellist təfəkkürə zidd olaraq, bu təklifi qəbul etmədi. Çünki dünyanı cəhalətdən xilas edəcək bir şəxsiyyət hiylə və siyasi hoqqabazlığa əl ata bilməzdi. İki il Məkkədəki vadidə öz silahdaşları ilə iqtisadi blokadada yaşadı. Onunla danışmaq, qohumluq əlaqəsi yaratmaq, ticarət etmək qəti qadağan olunmuşdu. Bu vadidə keçirdiyi iki il nəticəsində sevimli xanımı və əvəzsiz dayağı həzrət Xədicə xəstələnərək dünyasını dəyişdi, ona daim dəstək olan Bəni Haşim qəbiləsinin nüfuzuna ciddi zərbələr dəydi. Lakin gələcəkdə, iqtidarın zirvəsinə çatanda o Bəni Haşimə heç bir imtiyaz vermədi, çünki onun savaşı qəbilə və tayfa savaşı deyildi. Mədinəyə gəldikdə gördüyü ilk iş məkkəlilərlə mədinəliləri, müsəlmanlarla yəhudiləri və Mədinənin iki düşmən klanı olan Övs və Xəzrəci barışdırmaq oldu. Mədinədə ictimai müqavilə imzalandı və bu müqavilə Mədinə konstitusiyası kimi tarixə düşdü. Bu müqavilədə yəhudilərin Mədinə dövlətinin tamhüququlu üzvü kimi bütün hüquqları təsbit edildi. Onun rəhbərlik etdiyi cəmiyytədə hüququn aliliyi daim qorundu. Məşhur qəbilə başçısının qızı oğurluq etmişdi, həmin qızın cəzalanması siyasi cəhətdən müsəlmanlara zərbə ola bilərdi. Lakin, peyğəmbər o qızı cəzalandırdı və “qızım Fatimə belə bu cinayəti işlətsəydi, cəzalandıracaqdım” dedi. Özünü dost kimi təqdim edən bir dəstə səhabə ona qarşı terror planı hazırladı. İlahi müdaxilə vasitəsilə peyğəmbər onların kimliyini öyrəndi və terrordan xilas oldu. Lakin, həmin kəslərin adını açıqlamadı, çünki qeybdən aldığı məlumat xalqın seçiminə və cəmiyyətin təbii inkişafına mane olmamalı idi. Bəli, o, Allahın göndərdiyi yardımçı idi, lakin insanları öz əlləri ilə özlərini islah etməyə dəvət etmək üçün gələn bir yardımçı. Onun missiyası qeybi biliklər, qeyri-adi bacarıqlar və xalqın xoşuna gələn şirin yalanlarla hakimiyyətini möhkəmləndirmək deyildi. O, cəmiyyəti islah etmək üçün gəlmişdi, insanları öz ləyaqətinə qovuşdurmaq üçün. Odur ki, siyasi qərarlar verərkən müsəlmanlarla dairəvi şəkildə əyləşib məşvərət aparardı. Hamının söz hüququ var idi. Hətta açıq-aşkar səhv qərar veriləndə belə, çoxluğun rəyinə müxalif olmur və öz bildiyini digərlərinə sırımırdı. Cəmiyyətin öz səhvləri üzərində böyüməsinə şərait yaradırdı. O cəhalətin dünyanı ağuşuna aldığı bir dövrdə ədalət və azadlıq məktəbinin əsasını qoyudru. Peyğəmbər şəxsiyyət istehsal edən bir məktəb yaratmalı idi, ötəri siyasi uğurlar əldə edən dövlət qurmaq üçün gəlməmişdi. Çünki, yalnız şəxsiyyətli insanlar həqiqi mənada hər sahədə uğurlu ola bilərdilər. Qadının insan belə sayılmadığı bir cəmiyyətdə qadına səsvermə hüququ verdi. Hər bir qadın kiçilərlə bərabər peyğəmbərə biət edirdi. Şəriət qadına miras və qazanc hüququ verərək onun kişi ilə bərabər iqtisadi müstəqiliiyini təmin etdi. Qadınlar hədis nəql edər, elmlə məşğul olar, savaşlara qatılar, lakin eyni zamanda qadınlıqlarını qoruyardılar. Qullara da ayrıca hüquqular verildi. Onların ailə, inanc, irs və s. haqları təmin olunurdu, qulların azad olunmasına təşfiq edilirdi. O, quldarlığı bir qərarla ləğv etmədi, çünki peyğəmbər radikal islahatçı deyildi, islahatların davamlı və köklü olması üçün onları tədrici icra edirdi. Cəmiyyəti hazır olduğu dəyişikliklərə yönəldirdi. Əgər hər hansı bir əsir müsəlmana yazıb-oxumağı öyrədirdisə, onu azad edərdi. Bu cəmiyytədə elmə, ziyaya dəyər verilirdi. Özü zahidanə həyat sürdüyü bir halda, başqalarını buna vadar etməzdi, əksinə insanların azad seçiminə hörmətlə yanaşar, onların dərdilə qəmlənər, sevincilə sevinərdi. Onu dini fanatiklərdən və radikallardan fərqləndirən əsas cəhət də bu idi. Beləliklə maddiyyatla mənəviyyatı, ehkamla irfanı, fəlsəfə ilə dini doqmaları, siyasətlə mənəvi prinsipləri uzlaşdıran təlim yaratdı bu şəxs. Nəyin sayəsində? İnsana dəyər vermək, insanlığı sevmək sayəsində. Ona görə, bütpərəst Əbu Süfyan Məkkə fəthi ərəfəsində deyəndə ki, Məhəmməd (s) əcəb şah oldu, müsəlman Abbas ona cavab verir: “O şah deyil, Allahın elçisidir!”

Bu günün dünyası cahiliyyət dönəmindən çox da fərqlənmir. Tarix sanki təkrarlanaraq bəşəriyyəti yenidən ölüm-dirim seçim qarşısında qoydu. Bu gün Qərb qədim Roma kimi maddi inkişafının nəhayətində olduğu bir halda mənəvi boşluqdan əziyyət çəkir. Postmodernizm insan şəxsiyyətini parçalayaraq, insanı abstrakt varlığa çevirib, bütün dəyərlər sistemi üzərindən bir xətt çəkib. Cəmiyyəti nihilizmə, inkarçılığa və nəhayətdə cahiliyyətə sürükləyən bir fəlsəfi paradiqma dünyanı ağuşuna almaqdadır. Digər yandan müsəlman Şərqi Qədim İran kimi zamanın mənəvi çağırışlarına cavab vermək əzmində deyil. Ehkamçılıq, radikallıq, fanatizm və məzhəbçilik girdabında boğulan müsəlmanların böyük qismi öz peyğəmbərlərinin təlimindən o qədər uzaqlaşıb ki, onların müsəlmançılığı simvolik xarakter daşıyır. Uzaq Şərq elmi-texniki inkişafına rəğmən qədim Çin ideya kasadlığı içindədir. Dünyanı bürümüş neoliberalizm “bacarana can qurban” prinsipini rəhbər tutaraq insanı azad yırtıcı kimi tanıtdırır və güclünün zəifi əzməsinə bəraət qazandırır. Ona müqavimət göstərməyə çalışan neo-sosializm isə “məndə yoxdursa, heç kəsdə olmasın” prinsipini rəhbər tutaraq zəiflərin güclülərə qarşı paxıllığını ədalət kimi qələmə verərir və intiqam arzusu ilə yaşayır. Dünya belə bir faciəvi durumdadır. Bu faciənin mahiyyəti iqtisadi böhranlarda, siyasi və hərbi münaqişələrdə, hətta ideoloji axtarışlarda da deyil. Faciənin kökü insan şəxsiyyətinin alçaldılmasında, insanın öz həqiqi kimliyindən uzaq salınmasındadır. Bu günün insanı orta əsr hicazlısı kimi onun ləyaqətini özünə qaytaracaq, ona cəhalətdən azad olunmağa dəstək verəcək Allah elçisinə möhtacdır. Bu elçi insanlara qarşı mehriban olan, onların dərdlərini öz dərdi hesab edən, insanlıq yolunda şam kimi əriyib bu yola işıq saçan bir şəxsiyyətdir. Cahillik zülmətinə qərq olan bəşəriyyət bu işıq vasitəsilə öz kimliyini kəşf edib, nicat yoluna qədəm qoya bilər.
“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə isə şəfqətli, mərhəmətlidir!” (Tövbə surəsi, ayə 128)


Müəllif:

Oxşar xəbərlər