Bir ili də beləcə başa vururuq. Acılı-şirinli xatirələrlə... Qarşıdan 2016-cı il gəlir. Görəsən, 2015-cı il sənət adamları üçün necə yadda qaldı? Onlar yola saldığımız ili necə xatırlayırlar? Görəsən onların ən yadda qalan Yeni il bayramları nə zaman olub? “Gündəlik Teleqraf” bu suallarla sənət adamlarına müraciət etdi. Onları təbrik edib, qarşıdan gələn ildə uğurlar diləyib, suallarımıza cavab aldıq.
“Yeni tamaşaya dəvət aldım”
Xalq artisti Həmidə Ömərova: “2015-ci il mənim üçün maraqlı il oldu. Ələlxüsus da ilin əvvəlləri... Yay aylarında “Zaman adlı qatar” psixoloji dramına çəkildim. Orda Sənubər adlı bir xanımı canlandırdım. Ümid edirəm ki, 2016-cı ildə həmin filmin premyerası olacaq. Bu il yeni tamaşaya dəvət aldım. Bilirsiniz ki, indiyə kimi teatr aktrisası kimi fəaliyyət göstərməmişəm. Amma üçüncü ildir ki, Gənc Tamaşaçılar Teatrında Əli Əmirlinin “Hasarın o üzü” tamaşasında Humay obrazında səhnəyə çıxıram. Bu il də Azər Paşa Nemət məni Teatr Xadimləri İttifaqının Teatr Studiyasında hazırlanan tamaşaya dəvət etdi. Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılovla birgə İoneskonun “Stullar” əsərini məşq edirik. Tamaşanı 2016-cı ildə təhvil verəcəyik. Ondan əlavə “Bir ailəm var” serialının üçüncü mövsümünə start verdik. Əsas iş yerim Mədəniyyət və İncəsənət Universitetidir. 22 ildir ki, orada dünya kino tarixini tədris edirəm. Bundan başqa Kinoaktyorlar Gildiyasının sədri kimi “Qızıl Pəri” mükafatının təqdimetmə mərasimində Şeyx Əbdül Mahmudbəyovla gecənin aparıcısı oldum. Sevindirici haldır ki, dünya kinosunun 120-cı ildönümü ilə əlaqədar olaraq keçirilən bu mükafatda Kinoaktyorlar Gildiyası da öz töhfəsini vermiş oldu. Son beş ildə ən yaxşı filmlər, aktyorlar, rejissorlar qiymətləndirilərək qalib elan olundular. Yəni 2015-ci ilin sonları yaradıcı baxımından çox xoş bir mərasimlə başa çatdı. Bu tədbirin ideya müəllifi Kinorejissorlar Gildiyası idi. Kinoaktyorlar və Kinoprodüserlər Gildiyası belə bir layihəyə dəstək oldular. Bu, birgə işbirliyimizin ilk məhsulu idi. Planda çox gözəl layihələr var. Biz onları öz şəxsi təşəbbüsümüzlə həyata keçirəcəyik. Çünki biz zamanla ayaqlaşmalı, öz imkanlarımızdan istifadə etməliyik. Hesab edirəm ki, biz çətin günlərdə də bir yerdə olub, bir-birimizə kömək etməliyik”.
“Keçmişi daha çox xatırlayıram”
O, daha sonra sözlərinə belə davam edib: “Yeni ildə daha çox keçmişi xatırlayıram. İndi keçmiş yeni illərimiz yada düşür. Keçən il başım yaradıcılığa o qədər qarışmışdı ki, yolka qurmağı da unutmuşdum. Bu il isə söz verdim ki, evə yolka qurulacaq. Oğlum və dayım nəvəsi ilə yolkanı qurduq, işıqları yandırdıq və əhval ruhiyyə dəyişdi. Evə yeni il ab-havası gəldi. Əlbəttə, Yeni il necə keçirmək insanın özündən asılıdır. Onun iradəsindən, həyata olan bədbin yaxud optimist baxışlarından asılıdır. Mən isə həmişə optimist olmuşam. Gələcəyə ümidlə baxıram. Çünki ümidsiz yaşamaq olmur. İnşallah, bütün çətin günlərimiz arxada qalar”.
“O illəri yada salanda...”
Xalq artisti Firəngiz Mütəllimova: “2015-cı il yanğınlarla, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə yadda qaldı. Biz Avropa Oyunları ilə tarix yazdıq. Oyunları da çox böyük həvəslə izlədim. Ona görə bu hadisəni xüsusi xatırlayıram. Bu yaxınlarda baş vermiş “Günəşli” platformasında dəhşətli faciəni heç kim unutmaz, eləcə də mən. Azərbaycan vətəndaşı kimi baş vermiş bu hadisəyə çox pis oldum. Faciədə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. O ailələrin yaşadığı hissləri mən də yaşadım. Həm səhhətim, həm də teatrdakı problemlərdən dolayı 2015-ci il mənim üçün ağır il oldu. Amma 20 Yanvar hadisələrini xatırlayanda mən indiki günlərə şükür edirəm. Bunu o günləri yaşayan biri kimi deyirəm. Bir həftə işıqsız, susuz, çörəksiz, televizorsuz qaldığımız günlər olub. Həftələrlə evdən çölə çıxa bilmirdik. Ona görə bu günlərimizə min şükür. Mən bütün Azərbaycan xalqına təmkin və səbir arzu edirəm. Çünki səbir edən, təmkinli olan qazanır. Hər bir dərdin dərmanı da var. 2015-ci ilin axırında dolların məzənnəsinin qalxması yaxşı hal olmasa da nəzərə alaq ki, bu bütün dünyada gedən prosesdir. Yalnız Azərbaycana aid deyil. Sadəcə təmkin və səbr göstərmək lazımdır. Mən qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Həmrəy olaraq, həmfikir olaq. Nə olursa yaxşılığa olur. Allah hər şeyi yoluna qoyacaq, biz də səbrlə, təmkinlə gözləyək. Bayaq dedim ki, yaradıcı baxımından məhsuldar ilim olmadı. Teatrda yalnız İlyas Əfəndiyevin “Qarabağnamə” əsərində oynayıram. Tamaşa teatrın açılışında nümayiş olundu. Yəqin bir də 20 Yanvar günü təqdim olunacaq. Səhhətimlə, bəzi problemlə əlaqədar olaraq bu il teatrda yeni tamaşalarda rol ala bilmədim. Amma 2016-cı ilin ilk aylarından yeni pyeslərdə məşqlərə başlayacam. Yeniliklərdən biri çox sevdiyim, sənətinə hörmət etdiyim Azər Paşa Nemətin teatra baş rejissor və bədii rəhbər təyin edilməsi oldu”.
“Yeni ildə Şuşadakı xoş günləri xatırlayıram”
Xalq artisti sözlərinə belə davam edib: “Yeni il deyəndə Şuşada günəş altında sakit yağan ağ qar dənəcikləri gözümün qabağına gəlir, Sonra atam yadıma düşür. O, həmişə qarın altına hinduşka basdırırdı ki, onu yeni il axşamı bişirək, yeyək. O beynimə elə həkk olub ki, indi də heç bir Yeni ilim hinduşkasız keçmir. Yəni Yeni ildə nə olursa, olsun mütləq hinduşka yeyirəm. Şuşadakı kimi burada hinduşkadan kabab eləməyə şərait yoxdur. Amma aş bişirirəm, ailəmlə birgə Yeni ili qarşılayıram.. Allah qismət etsin Qarabağı qaytaraq. Və yenə Yeni illəri Şuşada, o qar dənəciklərinə tamaşa edə- edə qarşılayım”.
“Yaşamağa da, çalışmağa da dəyər”
Xalq artisti Nurəddin Mehdixanlı: “2015-ci il mənim üçün “21:15 qatarı” adlı tamaşa ilə yadda qaldı. Yeni tamaşaydı, Sənubər xanımla, Hacı İsmayılovla, Firuz Xudaverdiyevlə və Ramiz Şıxəliyevlə birgə çalışdıq. Tamaşaya illərlə həm yaradıcılıq, həm də insani dostluq münasibətində olduğumuz Bəhrəm Osmanov quruluş verdi. Türk dramaturqunun əsəri idi, mənim üçün yeni və maraqlı bir iş oldu. Hesab edirəm ki, bu sayaq işlər sənət adamına təsəlli verir. Ki, hələ hər şey o qədər də pis deyil. Yaşamağa da, çalışmağa da dəyər. İl dəyişir, il dəyişikcə çox şeylər: insanlar, maraqlar, hədəflər dəyişir. Arzu edirəm ki, 2016-cı ildə Akademik Milli Dram Teatrının hədəfləri daha yaxşı tamaşalar, daha yaxşı işlər, daha akademik səviyyəli tədbirlər olsun. İnanıram ki, qarşıdan gələn il daha uğurlu olacaq. Neçə il idi ki, mənə seriallarda çəkilmək üçün təkliflər gəlirdi. Nəhayət, bu il onlardan birini dəyərləndirdim. Təklifləri qəbul etmədikcə elə başa düşülürdü ki, özümü yuxarıdan aparıb, heç kimi, heç nəyi bəyənmirəm. Bu, elə deyildi. Mən kimlə işləyəcəyimə qərar verməli idim və verdim. Doğurdan deyirəm, indi çox yaxşı bir kollektivlə çalışıram. Çox gözəl yaradıcı atmosfer var. Bəzən gecə saat ikiyə, dördə kimi çalışırıq, amma bir nəfərin yorulduğunu, incidildiyini hiss etmirsən. Hamı hədəf üçün çalışır. Demirəm ideal işdir, amma hamı əlindən gələnin ən yaxşısını etməyə səy göstərir. Aktyor kimi üzərimə düşən odur ki, işimi lazımi səviyyədə görməyə çalışım. Bunu da edirəm”
“Qazan köşkü deyilən bir yer var...”
“Mən Yeni il yəni təqvim dəyişikliyinə heç vaxt böyük önəm verməmişəm. Kənd uşağıyam, kənddə böyümüşəm. Orada bizim üçün ən böyük bayram Novruz bayramı idi. Biz ən böyük çılğınlığımızı məhz bu bayramda edərdik. Dağların zirvəsinə qədər qalxardıq, oradan alov şarlarını yerə atardıq. Bir ay öncədən buna hazırlıq görərdik. Orada qazan köşkü deyilən bir yer var, zirvəsindən o taydakı Savalan dağı görünürdü. O baxımdan təqvimdə ilin dəyişməsi kimi yanaşıram Yeni ilə. Amma ümumən bayramdır və təki hər zaman bayram olsun. Mən sizin mətbuat orqanından istifadə edərək həm kollektivinizi, həm də xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Hamını daha yaxşı işləməyə, bir-birimizi sevməyə, bir-birimizin yanında olmağa çağırıram. Biz bir-birimizin yanında olanda daha güclü oluruq”, - deyə N.Mehdixanlı əlavə edib.
“Dəhşət olacaq”
Xalq artisti İlham Namiq Kamal: “Qarşıdan meymun ili gəlir, vallah, dəhşət olacaq. Dostlarla da əyləşəndə həmişə deyirəm ki, il qurtarır, gəlin, il necə varsa, çatışan və çatışmayan cəhətləri ilə xoş yola salaq, yaxşı niyyətlər edək. Çünki istəsək də, istəməsək də bu ili yaşamışıq. 2015-ci il qeyri-adi il olmasa da, yaxşı oldu. Düzdür, təltif, mükafatlar olmadı, amma ailəmdə yenilik oldu, nəvəm dünyaya göz açdı.
Yeni tamaşalarım da oldu. Hazırda isə yeni əsər üzərində iş gedir, qoyun ilində başlamışam, meymun ilində təhvil verməliyik. Sabit Rəhmanın “Əliqulu evlənir” adlı pyesi 40 il bundan əvvəl “Azdrama”da tamaşaya qoyulmuşdu. Musiqili Teatrın rəhbərliyi ilə söhbət elədik, o pyes əsasında libretto yazdım. Bizim teatrda mahnılar, rəqslər olmalıdır. Dostum Baba Vəziroğlunu dəvət etdik, o, mahnıların şeirlərini yazdı, yaradıcı dostum Oqtay Rəcəbov isə operettanın musiqisini yazdı. Böyük miqyaslı işdir, inşallah, qismət olsa, gələn il təqdim edəcəyik. Meymunun da qabiliyyəti, hörməti var da, bizə imkan yaradacaq ki, işimizi görək” .
“Acılı, şirinli 2015”
Əməkdar artist Xalidə Quliyeva: “Yaradıcı fəaliyyətimdə “Bir ailəm var” serialının üçüncü sezonunda efirə çıxdım. Amma artıq rolum başa çatdığına görə növbəti ildə serialda olmayacam. Başqa serialdan təklif almışam. Eyni zamanda film təklifləri də var, amma bunlar haqda ətraflı məlumat vermək istəmirəm.
Bu il itkilərimiz çox oldu. Qrup yoldaşım Nuriyyə Əhmədova dünyasını dəyişdi. Onun itkisinə heç inana bilmirəm. Çünki Nuriyyə o qədər yükün altında çox mərd duruşa sahib idi. O, yaşadığı faciələri ictimaiyyət arasına çıxanda heç kəsə bildirməzdi. Adama elə gəlirdi ki, o, hər yükün altından qalxacaq. Amma həyatdır, hərənin bir yazısı var. Bu yaxınlarda İlham Əsgərovu, Ələsgər Məmmədoğlunu da itirdik. İki gözəl sənətkar... Əgər Ələsgər Məmmədoğlu Fransada, İngiltərədə yaşasaydı, ən məşhur və tələb olunan aktyorlardan biri olardı. Acıları və şirinli anları ilə yadda qaldı, 2015. Yeni ilin gəlişi münasibətilə hər kəsi təbrik edirəm. Xeyirli, uğurlu, sağlıqlı bir il diləyirəm hamıya”.
Nərmin