Teleqraf.com Sevinc Elsevərin şeirlərini təqdim edir:
Balaca kişi
özündən iyirmi yaş böyük
yaşlı ərinə baxır qadın
yataq xəstəsi olan
yorğan-döşəkdə qalan bu kişinin
əynini dəyişəndə
altına qab gətirəndə
vannaya qoyub çimizdirəndə
nə yaxşı, belə sısqa bədənli
alçaq boylu olduğunu düşünür onun....
halbuki gəncliyində
necə köks ötürərdi
enlikürək
ucaboy oğlanların dalınca
gecikmiş də olsa,
razıydı qismətindən...
Qədir ağacı
şəninə əkilən
“qədir ağacı” çiçək açandan
sonra
kimsəni bəyənməz olmuş
o qadın...
Ağır gələn torbalar
kassada
növbəsini artıq neçənci kərədi
başqasına verir
əlində bircə çörək tutan kişi
torbaları ağır gələn kişilərə
ehtiramla yol verdiyinin fərqində özü də...
kassir qız da ondan əsirgədiyi təbəssümləri
onlara səxavətlə göstərir...
növbə seyrəlincə
gözünü ona dikən qızı
bir çörəyə görə narahat etməyə utanır az qala...
Beş yaşlı uşağın duası
İsrarla anasından bahalı oyuncaq istəyən
balaca oğlana
“Allahdan pul istə, pulumuz olsun, alacam”- dedi anası
“mən Allahdan pul istəməyə utanıram”- dedi
balaca oğlan
başını aşağı dikərək....
Çörək və oyuncaq
hansı marketdə oyuncaq satılır
yan keçir
yanındakı uşaqla
girməkdən qorxur
"çörək satılan yerdə
oyuncağın işi nə?"-deyinir ürəyində
yolu uzanmış axı...
İşıltılı gülüşlər
indi əvvəlkindən
daha həvəslə
fırçalayır dişlərini
sağalmaz xəstəliyə yoluxan
öləcəyini bilən qadın
işıltılı gülüşlərlə qalmaq istəyir
sevdiklərinin yaddaşında....
Xəyal və gerçəklik
Yağışın altında
“Təzə balıq var”- qışqırıb alıcı çağıran kişi
Üzümə elə ümidlə baxır ki...
Balıqlarından bir-ikisini alsam
Evə gedər
Cibindəki pulla
Çörək alar
balığın yanında süfrəyə qoyar arvadı
Mənsə səkidəki balaca taxtanın
Üstünə düzülmüş balıqların
Ağızlarını necə açıb–yumduğuna baxıram
Bəlkə yağış bu balıqlar üçün yağır
Çaylardan, dənizlərdən qalxan
Göyə çıxan sular
Quruda balıqları axtarır
Sular balıqların vətənidi
deyə düşünürəm....
Çıxıb getsəm
Vətənim axtararmı məni, beləcə?!
Balıqlara baxıram
“aşağı yeri də var, bacı
Çox fikirləşməyin
Yağış da yağır
Evimə gedəcəm” –deyir kişi...
əlimdəki balıqlarla dönürəm evə
ərimə işim düşəcək yenə
balıqları təmizləməyini xahiş edəcəm ondan
qan görməyə təhəmmülüm olmadığını
bilir o....
üstünə yıxmışam balıqların qanını həmişə....
kiçik qızımız sevir balıq yeməyi
bayırda qalır yağış
pəncərəmdən yapışıb saysız barmaqlarıyla
yağışlar pəncərələrdən yıxılır həmişə
indi səhərədək hirsindən yağacağını bilirəm....