Xanəmir Telmanoğlu, Müşfiq XANın yeni çap olunmuş “5.45” adlı hekayələr kitabı haqqında yazır:
İlk hekayə çağdaş Azərbaycan ədəbiyyatının bu üslubda (real cizgisində) ən maraqlı hekayələrindən biridir. Klassikadır.
Bütün hekayələrdə yaddaşın rolu – xatırlamalar, əksəriyyətində lap geriyə dönüb uşaqlıq illərinin şüuraltı olumlu hadisələrini yazılaşdırmaq var. Gözəldir.
Dil bütün hekayələrdə eyni təhkiyə üslubuyla müşayiət olunur. Konkretlik və yığcamlıq bütün hekayələrə şamil edildiyindən, üslub kimi yazarı qurtarır.
Təhkiyə hər bir hekayədə bir süjetli əsərin diktəsi və davamı kimi səslənir. Kitab fərqli hekayə və mövzulara həsr edilsə də, bütöv bir roman təsiri də bağışlayır. Hardasa, Dublinlərin (Coysvari)... kitab variantı daha çox qabarıqdır.
İlk hekayədə olduğu kimi, son 3-4 hekayələrdə də bitkinlik, oxucuya yer buraxmamaq kimi yazar təcrübəsi mətnlərə hakimdir. Ortadakı bir çox hekayələrdə oxucunu sanki “burda bitməməsi gərəkirdi” kimi, düşüncəyə sövq edə bilər. Ancaq yazarı, onun təcrübəsini nəzərə aldığınızda, yazarın digər əsərləriylə tanış olmuş oxucuya məlum olacaq ki, “bilməmək”, “gücü yetməmək” kimi lafların nişangahı deyil yazar.
Təhsil nazirliyimizin yerinə olsaydım, bu kitabdakı əksər hekayələri ədəbiyyat dərsliklərimizə salar, ya da sinifdənxaric oxu kimi tanıdardım. Mənə elə gəlir, yazar həyatının bəlli bir dönəmindəki yaşantısını səmimi xatırlamağı bacardığı və bu xatirələrini xatirə olmaqdan çıxarıb yazı malzəməsinə çevirdiyindən, gənclik üçün oxunaqlı kitabdır bu kitab.
Məncə bu kitabdakı hekayələri bir əsər, bir mətn kimi yazarın monoloqu da adlandırmaq mümkündür.
Hər hekayədə yaşadığımız son 20 ilə yaxın bir dönəmin ictimai-siyasi-sosial-mədəni sorunları incə təvazöylə üzümüzdə şillə kimi açılır.
“Çayxana gündəlikləri” və “5.45” hekayəsi çox xoşuma gəldi. Ümumiyyətlə, müəllifin bəzi hekayələrində eksperiment xarakterli gedişatlar etməyi daha çox xoşuma gəldi. Məncə, o eksperimentləri davam etdirmək lazımdır. Çünki Müşfiq XANın yazı üslubunda bu alınır. Ümumiyyətlə, bu gün bizdə çatışmayan bir cəhət varsa, o da yazarın mətn üzərində qorxaqlığıdır: eksperimentdən uzaq qaçmasıdır.