28 Mart 2016 19:07
2 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O biri Azərbaycandan gəlmisiz?”

“Qonağımız olun”
“Bakı-Təbriz qardaşdır”
“Həkim axtarırsız?”
“Ağa, sizin pul niyə o günə düşdü?”

Novruz tətilini fürsət bilib ailəm və bir dostumla birlikdə getdiyim TəbrizƏrdəbildə həmyerlilərimizdən ən çox eşitdiyim sözlər bunlar idi...

... Bakı-Təbriz avtobusunda gediş haqqı 25 manatdır. Türkiyəyə gedən avtobuslar kimi komfortlu olmasa da, məsafənin çox da uzaq olmadığını nəzərə alıb martın 20-si, Novruz bayramı günü Təbrizə doğru yola düşdük.
Novruz günlərində Təbriz, Ərdəbil və digər şəhərlərimizdən Bakıya bayramı qeyd etməyə gələnlər çox olduğu halda, Bakıdan bu şəhərlərə gedənlər cüzi sayda olur. Elə bizim avtobusda da vur-tut cəmi 10 nəfər var idi.

Avtobusumuzun iki sürücüsü özlərini bizdən fərqli olaraq türk adlandırırdılar. Novruz günü Təbrizdə həm də yeni təqvim ili olduğuna görə, 2016-cı ildən 1395-ci ilə qədəm basanda şöferlərdən yaşlı olanı digərini bu şəkildə təbrik etdi:

- Gələcək günlərin xoş keçsin. Allah balalarının canını sağ eləsin. Dərd-bəla görməyəsən. Əsas odur ki, yaxşı uşaqlarımız var. Dünyalıq (var-dövlət – D.Ə) dünyada qalacaq. Olmasa da, olar.

Cibindən bir xeyli tümən çıxarıb ona verdi:

- Uşaqlarına bayramlıq alarsan.

Sonra yüz dollar çıxardı:

- Bu da sənin bayramlığın.

... İlk dayandığımız yer Meşkin şəhəri oldu. Sürücümüz bağlı kafeni telefon zəngi ilə açdıranda narahatlıq hissinə qapıldıq. Çünki Novruz bayramında Təbrizdə dükanların, obyektlərin 90 faizinin tətilə görə bağlı olacağını unutmuşduq. Çox şükür ki, görmək istədiyimiz yerlər qapalı olmadı.

Sürücümüz Meşkin bal-qaymağını yeməməyin günah olacağını deyərək özü sakitcə bir küncdə həzm-rabedən keçirməyə başladı. Biz də çay, bal-qaymaq, fətir sifariş etdik. Sürücü haqlı idi, bədənimizə əlavə enerji gəldi, yol yorğunluğunu unutduq.

Təbrizə çatana qədər yol boyu orta əsrlərə düşmüş kimi idik. Uzaqda görünən kəndlər sanki miladi 1395-ci ildə tikilmiş, Teymurun oğlu Miranşah öz qoşunu ilə buraları tapdalayıb keçmişdi...

Avtobusumuz sıldırım qayaların arasından, qırmızı dağların yanından keçdiyi zaman Təbrizə yaxınlaşdığımızı hiss etdik. Çünki hələ köhnə əyyamların səyyahları buranın qırmızı torpağından çox yazıblar...
Nəhayət, axşam saat 8-9 arası qəfildən orta əsrlərdən çıxıb yeni dünyaya qədəm qoyduq. Artıq qarşımızda iri binalar, Təbrizin məşhur asma körpüsü vardı.

Avtobus sürücüsünə yaxınlaşıb tanıdığı bir taksi sürücüsü olub-olmadığını soruşuruq. Sürücü tez telefonunu çıxarıb Seyid Həsən kimi müraciət etdiyi adamla danışır: “Seyid, müsafirlərim var, onları qarajdan götürüb, otelə aparmalısan, istəsələr xətt də (telefon nömrəsini nəzərdə tuturdu – D.Ə) alarsan, özün gəl, oğlunu göndərmə”.

Qarajdan avtobusdan düşüb ayağımı Təbriz torpağına qoyanda Tanrıya şükür edirdim ki, gənc bir oğlan yaxınlaşdı, “Seyid Həsənin oğluyam, sizi mən aparacam” dedi.
Seyid Həsən oğlunu göndərmişdi. Beş nəfər birtəhər taksiyə yerləşdik. Oğlanın adını soruşuram:

- Kəyumərs.
- “Şahnamə”dəndir?
- Hə.
- Oxuyursan?
- Mühəndislik üzrə.

Seyid Kəyumərs müxtəlif hostellərin, otellərin olduğunu deyir. Bakıda bizə demişdilər ki, adama 10 manata normal hosteldə qalmaq olar. Kəyumərs bildiyi bir otelə aparır, bir ay bundan qabaq buraya müştəri gətirdiyini, 10 manata qaldığını deyir.

Yaxınlaşıb, qiyməti soruşuruq.

- 50 manat.

Seyid Kəyumərsə baxıram, anında başa düşüb bizi taksiyə aparır. And-aman edir ki, keçən ay qiymət 10 manat idi, bayrama görə qalxıb, başqa yerə aparacam.

Şəhəri bir xeyli dolaşırıq. Ürəyimdə fikirləşirəm ki, Kəyumərs təkcə şəhəri dolanmır, həm də bizi dolayır. Lənət şeytana deyib, ürəyimdə 10-20 manat arası taksi pulunu gözdən çıxarıram. Nəhayət, bir hostelin qarşısında dayanır. Qiymətləri soruşuruq, 10 manat deyirlər, amma onu da minnət edirlər ki, şəhərdə adam yoxdur, ona görə. Yoxsa, 40 manatdır.

Təbii ki, hostelin şəraiti heç də 40 manatlıq deyildi.

Kəyumərsdən nə qədər ödəyəcəyimi soruşuram, “5 manat” deyir.
Ürəyimdə “şükür” deyib, 5 manatı Seyid Kəyumərsə verirəm, amma o, yenə getmir.
Az sonra başa düşdüm ki, hostelə qonaq gətirdiyinə görə, buranı işlədənlərdən haqqını alacaqdı...

Onu da deyim ki, Təbriz və Ərdəbildə olduğum 4 gün ərzində türk dilindən başqa bir dil eşitmədim.

***

Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.

O, Bakıya gələ bilməsə də, Bakıdan Təbrizə gələnlər mütləq onun məzarını ziyarət edir. Bizim də səhər ilk işimiz şairin məzarını ziyarət etmək oldu.

Hava olduqca gözəl idi. 116 nömrəli avtobusun məqbərəyə gedəcəyini dedilər. Dostum Mülkədarın dayanacaqda on dəqiqə ərzində dostlaşdığı bir təbrizli dayı beş nəfərlik gediş haqqımızı kartı ilə ödədi, evlərinə qonaq çağırdı. Təşəkkür etdik. Ardınca avtobusda bir qadın Bakıdan gəldiyimizi eşidib anamla şirin söhbətə başladı, ayrılanda üstündə hədiyyə verməyə bir şeyi olmadığına görə üzr istədi və çantasından ayətül-kürsini çıxarıb ondan xatirə saxlamağımızı istədi.

Təbrizli qadının Bakı sevgisinə heyran qalmışdım... Adını soruşmağı unutduq, bəlkə bu yazını oxuyub, ona xəbər edərlər.

Yeri gəlmişkən deyim ki, Təbrizlə müqayisədə İstanbul mənə daha dindar şəhər təsiri bağışlamışdı. Təbrizdə küçədə heç on nəfər çadralı qadın görmədim. Əksəriyyət saçını yarıya qədər yaylıqla örtmüşdü.

Məqbərə yaxında idi. Məqbərənin yanındakı kiçik bağda bahar gülləri açmaqda idi. Bağın ortasında qurulan bələdçi çadırında Novruza aid simvollar düzülmüşdü. 7 “S” hərfi ilə başlayan nemət və ortaya Qurani-Kərim qoyulan masa demək olar ki, hər yerdə qarşımıza çıxırdı.

Məqbərənin önündəki Şəhriyarın büstü qarşısında şəkil çəkdirib içəri daxil olmaq üçün bilet aldıq. Xaricilər (!) üçün 5 manat idi.

***

Makberet-ül şuera (Şairlər məzarı) adlanan bu yer Sikkat-ul İslam küçəsində yerləşir. Yaxınlığında Seyid Həmzə türbəsi var.

Deyilənlərə görə, şairlər məzarında 400-dən çox şair dəfn olunub, ən son isə Şəhriyara əbədi məskən olub.
Şəhriyarın məzarı önündə Fatihə oxuyub, Allahdan rəhmət dilədik. Məqbərə gözlədiyimdən daha xoş təəssürat doğurdu. İçəridə şairin daha bir büstü, portret rəsmləri, çap olunan kitabları göz oxşayırdı. Məqbərənin içərisində Nizami Gəncəvi, Nəsirəddin Tusi kimi orta əsr klassiklərinin də büstü qoyulub.

İçəridə kiçik kitab mağazası fəaliyyət göstərirdi. Mikayıl Azaflı, Dədə Şəmşir, Aşıq Ələsgər, M.Ə.Sabir kimi şairlərimizə, xüsusilə də Şəhriyara aid kitablar satılırdı. Xatirə olaraq Şəhriyara aid bir DVD və Təbrizə aid açıqca dəsti aldım. Kitabçının yanında isə müxtəlif turistlərin ala biləcəyi bəzəklər, suvenirlər satılırdı.

Yeniləşən Təbriz

Təbrizdə hava limanı, dəmiryol vağzalı və yeni tikilməkdə olan metro stansiyası var.
Rahen meydanında yerləşən Təbriz dəmiryol stansiyası 1916-cı ildə bir rus şirkəti tərəfindən hazırlanıb. Təbriz hava limanı isə 1950-ci ildə açılıb, 1999-da ölkənin ən yaxşı hava limanı seçilib. 2007-ci ildə tikilən Təbriz asma körpüsü şəhərin göz oxşayan tikililərindən biridir.

Təbrizdə gördüyüm metro stansiyasının adı 29 Bəhmən idi. 1978-ci il fevralın 18-də (29 bəhməndə) Təbrizdə şah qüvvələri ilə əhali arasında qarşıdurma baş verib. Həmin hadisə sonralar tarixə “29 bəhmən” üsyanı kimi daxil olub.

29 Bəhmən küçəsində yerləşən Təbriz universiteti isə 1945-46-cı il hadisələrindən sonra açılıb. 1947-ci ildə iki fakultə (ədəbiyyat və tibb) ilə fəaliyyətə başlayan universitetin bu gün 18 mindən çox tələbəsi, 580 müəllimi var.

Vaxt qıtlığından Təbrizdə görə bilmədiyimiz yerlər çox oldu. Məsələn, 1958-ci ildə açılan Azərbaycan muzeyi 3 min kv.m-lik ərazidə yerləşir. Üç salondan ibarət olan muzeydə 11 min yaxın əsər saxlanılır, 2300 ədəd əsər sərgilənir. Muzeyin yaxınlığındakı Göy məscid Qaraqoyunlu Cahan şah tərəfindən tikilib. Ərk qalası isə Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib.

Təbrizin 62 km uzaqlığında yerləşən Kəndovan kəndi Sultan dağının ətəyində yerləşir, turistik bir məkandır, qayaların içində yerləşir.

Təbriz bazarı isə ta 9-10-cu əsrlərdən bəri bilinməkdədir. Təbrizdə həmçinin kanat da mövcuddur.

Şah gölü, Qacar muzeyi

Təbrizdəki görməli yerlərdən biri əvvəllər Şah gölü, indi isə El gölü adlanan parkdır. Böyük ərazidə yerləşən gölün ətrafında kiçik kafelər var. Gölün ətrafı gəzmək, qaçmaq, tennis kimi idman oyunları oynamaq baxımından çox yaxşıdır. Gölün qarşısında bir turizm şirkətinin keçirdiyi kampaniyaya rast gəlirik. Sabah saat 10-da bizləri 45 dəqiqə ərzində Təbrizin bir neçə yerini pulsuz gəzdirə biləcəklərini deyirlər.

Səhər adı İsmayıl olan həmin gəncə yaxınlaşırıq. Bizə çay təklif edir. Açıq havada çay içib tur avtobusunun gəlməyini gözləyirik. Nəhayət, avtobus gəlir, bələdçi xanım bizi Qacar muzeyinə aparır.

Təbrizin ən qədim məhəllələrindən olan Şeşgilan məhəlləsində yerləşən muzey Qacar xanədanlığı dönəminə aiddir. Əmir Nizam Gəruslu binası kimi də tanınan bu bina Təbrizin ən görkəmli tikililərindəndir. Bina XIX əsrin sonlarında, Nəsrəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilib. Bina 1500 kv.m ərazidə yerləşir, iki mərtəbəlidir. İçində hovuzlar və fəvvarələr olan iki, daxili və xarici həyətə malikdir. 16 ədəd sütun binanın balkonunu saxlayır.

Muzeydə Qacarlar dönəminə aid qablar, silahlar, sikkələr, güzgülər, paltarlar, musiqi alətləri və s. sərgilənir.
Daha sonra bizi Mirzə Əli Siqqətülislamın - Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şairin ev muzeyinə aparırlar.

Burada da xatirə fotoları çəkdirib Təbrizin küçələrini gəzməyə başlayırıq.

Təbrizlilərin gəlini

Təbrizdə Lalepark adlanan alış-veriş mərkəzi var. Taksi sürücüsü Bəhmən ora getməyimizi məsləhət bildi və sahibinin Ebru Gündeş olduğunu söylədi. Fürsət idi soruşdum:

- Ebrunu çox sevirsiz?
- Əlbəttə, gəlinimizdir.
- Reza necə oğlandır?
- Yaxşı oğlandır, həmyerlimizdir.

Bəhmənin dediyi bu sözlərin üstündən 24 saat keçməmiş Rezanın Amerikada tutulduğu, üst-üstə 70 ildən çox həbs cəzası istənildiyi xəbəri yayıldı.

Yəqin ki, həmin gecə Bəhmənin gözünə yuxu getməmişdi. Çünki Ebru onların gəlinliyindən imtina edə bilərdi.
Laleparkda qiymətlər od tutub yanırdı. Bakıdakı 28 mall, Metropark və Park Bulvardakı qiymətlərə şükür edib oradan uzaqlaşdıq. Sonradan öyrəndik ki, heç təbrizlilərin özləri də buranı bəyənmir, alış-verişi Türkiyədən edirlər.

Təbriz sanki 90-cı illərin Bakısını xatırladırdı. İnsanlar həddindən artıq mehriban, qayğıkeş idilər. Bakıdan gəldiyimizi bilən hər kəs evlərinə qonaq çağırırdı. Marketdən nəsə almaq istəyəndə səmimi şəkildə pul istəmədiklərini deyirdilər. Belə münasibətin qarşılığında Feysbukda yazıçı Rasim Qaracanın Bakıya gələn təbrizlilərə qarşı nalayiq hərəkət edənlərin olması ilə bağlı yazdığı statusu görüb utanmışdım...
Bayram olduğuna görə, imkanı olanlar qonşu ölkələrə, imkansızlar isə yaxın şəhərlərə getmişdilər. Şəhərdə qələbəlik yox idi. Küçədə Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, İbrahim Tatlıses, Mahsun Kırmızıgül kimi türk və Azərbaycan müğənnilərinin mahnılarını tez-tez eşitmək olurdu.

Demək olar ki, hər şey 90-cı illəri xatırladırdı.

“Traktor” sevgisi isə danışdığım hər təbrizlidə vardı...

Təbrizdəki işimiz bitdikdən sonra Ərdəbilə getmək üçün terminala doğru yola düşdük. Taksi sürücüsü Möhsün çox qayğılı idi. Səbəbini soruşdum, “qüssəm var” dedi.

- Qüssəniz nədir ki?
- Qıza 45 milyonluq cehiz vermişəm. İki il çalışıb borclarımı ödəməliyəm.

Beynimdə hələ də tam qavraya bilmədiyim tüməndəki sıfırları çıxdaş edib manata çevirməyə çalışıram. Mənim hesablamama görə təxminən 23 min manatlıq cehizdən söhbət gedir.

- 45 milyonluq nə vermisiz ki?
- Paltaryuyan, soyuducu, elektrik avadanlığı nə var hamısından. Bəxtimdən kürəkənin evi vardı.
- Bəs, kürəkən bunun əvəzində nə verir qıza?
- Heç bir şey.

Mənim kimi subay olan dostum Mülkədarın üzünə baxıram, “yaxşı şərtlərdir dəyərləndirmək” lazımdır deyirəm. Üstəlik Təbriz qızları Bakı qızlarından daha gözəldir...

Təbrizdən Ərdəbilə avtobus 6 manata aparır. Saat 13-də yola düşürük. Təbrizdən uzaqlaşdıqca Ərdəbildə Şah İsmayılın qəbrini ziyarət etməyə doğru yol aldıqca daxilən də sevincli idim. Çünki avtobusda bizdən arxa sırada oturan ər-arvadın uşaqlarının adı Atilla idi...

Dilqəm Əhməd
Fotolar: Mülkədar Rüstəmov


Müəllif:

Oxşar xəbərlər