Xalq artisti, balet sənətində yeni nəslin istedadlı nümayəndəsi Kamilla Hüseynova səhnə ilə vidalaşır.
Teleqraf.com xəbər verir ki, balet ustası mayın 11-də “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq.
1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olaraq teatrın yükünü çiyinlərində daşıyıb, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları ifa edib.
O Şəhrizad (“Min bir gecə”), Gözəllər gözəli (“Yeddi gözəl”), Tomris (“Rast”), Baycan (“Eşq və Ölüm”), Zübeydə (“Şəhrizad”), Gülyanaq (“Qız qalası”), Leyli (“Leyli və Məcnun” – Q.Qarayev) kimi obrazları yaradıb.
Teatrdan verilən məlumata görə, balet ustası estafeti gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da teatrdan uzaqlaşmayacaq. Kamilla Hüseynova hazırda teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır.
Nərmin