3 May 2015 08:25
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Norveçi sudanlı atlet Qreys Bullen təmsil edəcək.

Teleqraf.com “Bakı-2015”in saytına istinadla xəbər verir ki, 2014-cü ildə Nankində yeniyetmələr arasında Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan idmançı ilk Avropa Oyunlarına ciddi hazırlaşır.

Cənubi Sudanda baş verən müharibə nəticəsində məcburi köçkünə çevrilən Qreys Bullen uşaq yaşlarında çətin günlər yaşayıb. Güləşçi Cənubi Sudanda baş verən ixtişaşlar zamanı ölkəsini tərk etdiyini və Norveçdə yeni həyata başladığını vurğulayıb. Dörd yaşında olarkən – 2001-ci ildə Qreys Bullen və onun ailəsi müharibə nəticəsində Cənubi Sudanı tərk etmək məcburiyyətində qalıb. Sudanda qalan baba və nənəsindən ayrılan Qreys və ailəsi Norveçdə müharibə qaçqınları kimi yeni həyata başlayıblar. Ölüm təhlükəsindən xilas olmaq üçün gecə silah səsləri altında qaçdıqlarını, qətlə yetirilən insanları kədərlə xatırlayan idmançı onların bir əsgər tərəfindən meşəyə aparıldığını bildirib: “Mən xatırlayıram, biz yol kənarında gizlənəndə yaxınlıqdan çoxlu maşın və silahlı insanlar keçib getdilər. Bir az sonra kimsə yolu keçməyə çalışdı və biz yalnız silah səsləri eşitdik. Biz həmin vaxt meşədə bir neçə gün qaldıq”.

Gənc yaşda həyatın çətinlikləri ilə qarşılaşan, ölüm təhlükəsi ilə üz-üzə gələn Qreys Bullen məhz elə buna görə də yaranan hər fürsətdən istifadə etməyə çalışır. O, bu barədə deyir: “Mənim doğma ölkəmdə hər kəsin məktəbə getmək imkanı yoxdur. Mənim əldə etdiyim imkan heç kəsə nəsib olmur. Ona görə də qarşıma çıxan imkanlardan istifadə edəcəyəm.”


Müəllif:

Oxşar xəbərlər