Taekvando üzrə Avropa Oyunlarında ilk qızıl medalımızı qazanan Ayxan Tağıyev öz qələbə təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, gənc idmançı ümidləri doğrultduğuna görə çox sevindiyini bildirib: "Məni dəstəkləyən hər kəsə öz minnətdarlığımı bildirirəm. Cənab prezidentim İlham Əliyev, Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov, məşqçilərim, azarkeşlər mənə çox dəstək oldular".
Döyüşün çox ağır keçdiyini bildirən Ayxan doğma meydanda məğlub olmaq haqqında fikirləşmədiyini bildirdi: "Bütün döyüşlərim çətin keçdi, amma finalda həyəcan daha çox oldu. Azarkeşlər sağ olsun, onların dəstəyi mənə çox kömək oldu. Şükürlər olsun ki, onları sevindirə bildim".
1/4 finalda Olimpiya çempionuna qarşı döyüşü haqqında danışan çempion, rəqibinin titulundan qorxmadığını deyib: "Doğma azarkeşlər önündə döyüşdüyüm üçün rahat idim. Onun Olimpiya çempionu olması məni narahat etmirdi. O döyüşə bütün gücümü qoydum və qalib gəldim. Allah mənimlə idi".
Yusif