2 May 2015 11:36
2 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” Birinci Avropa Oyunlarının başlanmasına cəmi 41 gün qalmış bu möhtəşəm idman yarışmasının su idman növləri üzrə Ulduz Səfiri Murad Dadaşovla görüşdük. Avropa Oyunları marafonunun aktiv iştirakçısı, növbəti “Maşın şou”ya hazırlaşan Murad Dadaşov sıx qrafikinə baxmayaraq, bizimlə görüşə razılaşdı. “Brifinq”i redaksiya xaricində, həm Teleqrafçılar, həm onun özü üçün münasib məkanda keçirdik. Tanınmış şoumen, əməkdar artist şəxsi həyatı, həyata keçirdiyi proyektlər, Avropa Oyunları ilə bağlı səslənən iddialar barədə suallarımızı cavablandırdı.

Nərgiz Ehlamqızı: Murad bəy, “Bakı-2015” İlk Avropa Oyunlarına 41 gün qalıb. Bu Oyunların Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Daxilimizdə elə bir faktor var ki, biz artıq böyük hadisələrə, qələbələrə öyrəşmişik. 2005-ci ildə ilk azərbaycanlı idim ki, Ukraynaya, “Eurovision” mahnı müsabiqəsini izləməyə getmişdim. O vaxt Avropa Yayım İttifaqının Azərbaycan haqqında demək olar ki, xəbəri yox idi. Kiyev şəhərində böyük bayram idi, narıncı inqilabından sonra Viktor Yuşenko hakimiyyətə gəlmişdi, ölkə düzəlməyə başlayırdı. Yaxşı yadımdadır ki, 1990-cı illərin ortasında Sovetlər dövründə Azərbaycan ölkə kimi tanınsa da, bizə münasibət və reaksiya qeyri-ciddi idi. Bu gün kimsə gəlib deyəndə ki, Avropa Oyunları kimə və nəyə lazımdır, mən sadəcə o insanlara baxanda şübhəm yaranır. Bu insanlar vətəndaşlığı, dövləti, xəritədə Azərbaycanın yerinin nə dərəcədə vacib olub-olmamasını dərk edirlərmi? Bu neqativ münasibət ünvanlıdır, havadan yaranmayıb, müəyyən qüvvələr var ki, onları istiqamətləndirir. Cənab Prezident açıq-aşkar deyir ki, biz Azərbaycanın onlar üçün müəyyən dərəcədə narahat ölkə olduğunu bilirik. Çünki Azərbaycanı idarə etmək olmur. Bu, həqiqətdir. Qonşu ölkələrin hamısını idarə etmək olur, böyük dövlətlərin onlara təsiri var. Nə qədər Azərbaycan hakimiyyəti ilə xalq arasında dərya yaratmağa çalışsalar da, bu, alınmır. Çünki insanlar istər-istəməz öz dövlətlərində rahatlıq tapıblar. Düzdür, müəyyən iqtisadi böhran dövrü yaşayırıq. Bunu açıq-aşkar bilməliyik. Devalvasiya baş verdi. Bu, Avropa Oyunları ilə bağlı hadisə deyildi. Sadəcə üst-üstə gəldi. Amma müəyyən qüvvələr bunu elə qələmə verdilər ki, bu, guya bir-birinə bağlıdır. Avropa Oyunlarının ölkə üçün əhəmiyyəti təkcə 2015-2016-ci illəri deyil, gələcəyi əhatə edir. Biz xəritədə çox balaca ölkəyik, əhalimiz 10 milyona yaxındır.

Naibə Qurbanova: Eyni zamanda böyük qüvvələrin marağındayıq...
- Təbii resurslarımıza, geo-coğrafi ərazilərimizə görədir. Azərbaycan bu gün dünyanın iki nəhəng dövləti, həm Rusiya, həm də ABŞ-la balanslaşmış siyasət aparır. Ulu Öndərimiz Heydər Əliyevin dövründə Azərbaycan çox çətin mərhələlərdən keçdi. İlham Əliyev olmasaydı, bu mərhələni Azərbaycan Suriyadan da pis keçirərdi. Hesab edirəm ki, Azərbaycanın uğurları şəxsən İlham Əliyevlə bağlıdır. Onun töhfəsi heç də Heydər Əliyevin verdiyi dəyərdən geri qalmırdı. O bir çətin dövr idi, indi başqa bir dövr yaşayırıq. Bu dövrdə nə qədər qapalı mübarizə getdiyini heç kəs bilmir. Çox istərdim ki, İlham Əliyev müəyyən vaxtdan sonra bu dövr haqqında bir kitab yazsın. O kitabı məmnuniyyətlə oxuyardım. Çox şey var ki, bəlkə də onu Prezident şifahi səsləndirə bilmir. Amma nə qədər böyük problemlər vardı, Azərbaycanı onlardan qurtardı. Gürcüstan saniyə içində parçalandı, Ukraynaya 1 il bundan qabaq rahat gedib-gəlirdim, bu gün Ukraynadan əsər-əlamət qalmayıb. Suriya, Liviya, Yəmən sağ-salamat dövlət idi. Ermənistan əhalisi günü-gündən azalır. Bütün bunların arasında düşünün Azərbaycan Avropa Oyunları keçirir. Bunu analiz edəndə adam başa düşür ki, sən harada yaşayırsan. Bu günümüzə görə Allaha minnətdarlıq bildirməliyik. Əhali üçün dövlət başçımızın, birinci xanımımızın sarsılmaz mövqeyi çox vacibdir. Azərbaycan son 10-15 il ərzində yürütdüyü siyasətlə özünü bütün dünyaya stabil partnyor kimi göstərdi. Nə xərclənirsə, ölkə üçün xərclənir. “Kristal Hall” tikiləndə dedilər ki, bu, “Eurovision” müsabiqəsi üçün tikilib. Müsabiqə qurtardı, həmin zal boş durdu ki? Orada nə qədər konsertlər oldu. “Eurovision” “Kristal Hall”u özü ilə aparmadı ki? Mən özüm su idman növləri üzrə Ulduz Səfirəm, Azərbaycanda olimpiya mərkəzləri olsa da, birləşmiş, vahid, su idman növləri üçün peşəkar səviyyədə su hovuzu yox idi. İyunun 28-də Oyunlar bitəcək, hamımızın orada məşq etmək imkanımız olacaq, arenaların qapıları bağlanmayacaq. Elə işlər vardı ki, Azərbaycan daha çox pul xərcləyə bilərdi, amma ondan qabaq keçdiyi təcrübə elə imkan yaratmışdı ki, artıq müəyyən idman obyektlərimiz vardı, xərclərimiz azaldı. Ən əsası mən xaricdə beynəlxalq tədbirlərdə yarışlarda iştirak edən nümayəndə heyəti ilə söhbət edən gənc qız və oğlanlara baxıb özlüyümdə deyirdim ki, bizim uşaqlar da görəsən haçansa belə olacaq, ingilislərlə danışacaqlar? “Eurovision”da da, indi də bunu görürəm. Bilmirəm, başqası üçün necədir, amma mənim üçün bu, elə gözəl hissdir ki. KVN-lərə görə, gözümü açandan xaricdə olmuşam, amma həmişə özümü natamam hiss edirdim.

Aqil Lətifov: Sizin sahə ilə məşğul olan insanlar adətən, siyasətdən kənar olur. Siz sanki həm də siyasətin içindəsiniz...
- Deyir, sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq. Mən ictimai həyatla məşğulam, vətəndaşam, prodüserəm, məlumatlı insanam. Bəlkə də siyasi incəliklərdən başım çıxmaya bilər, amma analiz etməyi bacaran insanam. Müəyyən savad sahibiyəm, mediada olduğuma görə istər-istəməz rəy və zövq formalaşdıranlardanam. Əyləncəli yayım anlayışında birinciyəm. Bizdə televiziyada əyləncəli yayım demək olar ki, yoxdur. Bunun həm dəbini, həm də münasibətləri formalaşdıranlardanam. Bəlkə də buna görə “siyasətdən başım çıxır” təəssüratı oyanır.

N.Ehlamqızı: Bəlkə özünüzü bu il keçiriləcək parlament seçkilərində sınayasınız...
- Mənə parlamentlə bağlı bir neçə təkliflər gəlib, amma hesab edirəm ki, Milli Məclisə gedəcək insanlar savadı, millətə xeyir vermək qabiliyyəti olan, amma tribunası olmayan insanlar olmalıdır. Mənim tribunam var. İkincisi də, əqidəm bəlli əqidədir, Azərbaycan dövləti və xalqı ilə bağlıdır. İstənilən sahədə fayda gətirmək imkanındayam. Mənim deputatlara olan münasibət də xoşuma gəlmir. Onsuz da çalışıram əlimdən gələni edim. Deputat o insandır ki, seçicilərlə ünsiyyətdə olur, sonra gedib məsələləri qanunvericilikdə əks etdirməyə çalışmalıdır. Bizdə düşünürlər ki, deputat iş həll etməlidir, vəzifəli şəxslə pul arasında körpüdür.

N.Qurbanova: Sizə qarşı tərəf haqqında peşəkar fikrə malik psixoloq da demək mümkündür. İstər Facebook sosial şəbəkəsində, istərsə də həyatda insanlar istənilən məsələyə qarşı aqressivdirlər. Məsələn, Murad Dadaşov kimi qələbəni arzulayanlar sanki azdır...
- Hamı savadlı ola bilməz. Yoldan keçəndə görürsən ki, 5 nəfər birinə nə isə izah edir, həmin 1 nəfər işləyir, amma əslində 1 nəfər izah etməli, 5-i işləməlidir. Hamı özünü sanki hər şeydən başı çıxan kimi aparır. Ölkəmizdə işsizlik problemi yoxdur. Qeyri-peşəkarlıq problemi var. Bu gün şirkətimə rejissor da, ssenarist də, redaktor da, qrafist, montajor da axtarıram, tapa bilmirəm. İnsan gəlir, deyir işləməyə hazıram, elə bir maaş xahiş edir ki, deyirəm əzizim, axı bizim şirkət o qədər qazanmır. Qayıdır ki, mənim problemlərim var, onu necə həll edim. Deyirəm olarmı sənin peşəkarlığın müqabilində əmək haqqı verim? Ədalət deyilən şey də var. İnsanların aqressiv olması psixoloji məsələdir. Ümumi mühitdən, qayğısızlıqdan, insanların bir-birinə acizanə münasibətindən qaynaqlanır. Teatrlarda görürsünüz də, bir-biri ilə qucaqlaşıb öpüşəndə adamın ürəyi bulanır, dava edəndə adam qorxur, elə bilirsən həqiqətən bir-birini döyürlər, demək istəyirsən ki, saxlayın, bu teatr deyil ki. Bizdə orta nöqtə yoxdur. Emosiyalar aşıb-daşır. Biz millət olaraq emosiyalarımızı cilovlamalıyıq. Bu da savadın olub-olmamağından irəli gəlir. Kiminsə aqressiyasını görəndə o enerjini sanki sizə ötürür.

Nərmin Muradova: Əsəbi olanda özünüzü necə sakitləşdirirsiniz?
- Mən bütün günü əsəbiyəm, həm də sakitəm. Əsəbi olanda qışqırıram, mahnı oxuyuram, yemək yeyirəm, stolumun üstündə konfetlər olur, şirin şey görüb rahatlaşıram.

N.Qurbanova: Xeyli müddətdir dietadasınız. Dieta saxlayanda əsəbi olmursunuz?
- Əlbəttə, əsəbi oluram. Azərbaycanlı qanı daşıyan insanın ömrü boyu bütün problemlərinin axırı süfrə başına çıxır. Məsələn, deyirlər, gedək dağın başına, soruşursan nə var? Deyir, orada bir restoran var, demir ha gedək dağa baxaq zövq alaq (gülür). Hər şey yeməyin üstünə gəlir.

“Qarabağ dərdi, bəlkə, Allah tərəfindən bizə millət kimi göndərilən sınaqdır”

N.Qurbanova: Rusiyada fəaliyyət göstərən soydaşımız İradə Zeynalovanın qondarma “erməni soyqırımı” ilə bağlı fikirləri geniş rezonans doğurdu. Rusdilli təbəqənin Qarabağ məsələsində erməniləri dəstəkləməsi məsələsi tez-tez müzakirə olunur. Sizin fikirlərinizi də bilmək maraqlı olardı...
- Müəyyən vaxta qədər iki Azərbaycan cəmiyyəti vardı. Atam Bakıdan, anam Gəncədəndir. Atam rus dilli, anam Azərbaycan dilli məktəbdə oxuyub. Mənim müəyyən dərəcədə populyarlığım, auditoriyanı yaxşı bilməyim ondan qaynaqlanır. Həm bu mədəniyyəti, həm də o mədəniyyəti yaxşı bilirəm. İlin yarısını Bakıda, yarısını Gəncədə keçirirdim. Gəncə geridə qalmış əyalət şəhəri deyil ha. Orada yaşayan insanlar rusca daha səviyyəli və savadlı danışır, nəinki Bakıda yaşayan camaat. İndi bizdə türkdilli, ingilisdillər də peyda olub. Türkcə danışırlar: ben seni arayacağım, tamam peki, ingilisdillilər başlayır: ok, all right, good, thanks və s. Bəlkə də bir azdan çin dillilər də olacaq. Yarı-zarafat yarı doğru biz bir dövlətdə iki ayrı cəmiyyət görürdük. Bu gün nədənsə düşünülür ki, rus dillilər müəyyən məsələlərdə daha tolerantdır. Şəxsən mənim bu məsələyə xüsusi münasibətim olub. Ona görə ki, anam Azərbaycan təhsillidir, şəhər mühitinin anama olan münasibətini görmüşəm. Həmişə fikirləşirdim ki, bu, böyük bir ədalətsizlikdir, insan öz dövlətində yaşaya-yaşaya, öz dilində oxuya-oxuya cəmiyyətdən niyə kənar düşməlidir? Rus dilli deyilən “bakıniç”lər cəmiyyətində son illər azərbaycanlılar peyda olunub. Yadınızdadır, KVN-də belə adamları lağa qoyurduq. “Bakıniç” düşünülmüş şey idi, əslindəsə belə bir anlayış yoxdur. Bizim komandamız da “Bakılı oğlanlar” idi, yəni Bakıya aid. Mən demirəm ki, ömrümüzün axırına qədər ermənilərlə düşmən olacağıq. O boyda II Dünya müharibəsindən sonra almanlarla ruslar indi qucaqlaşırlar. Aydındır ki, nə vaxtsa ermənilərlə yenə də bir masa ətrafında oturmaq məcburiyyətində olacağıq. Amma söhbət bu gündən gedir. İsrailin baş naziri Qolda Meyer vardı, o, dəhşətli kəlmə demişdi. O söyləmişdi ki, fələstinlilərin bizim övladlarımızı öldürməsini bağışlaya bilərik, amma biz fələstinliləri bizi onların övladlarını öldürməyə məcbur etdikləri üçün bağışlaya bilmərik. Ermənistan-Azərbaycan münasibətlərində ən dəhşətli problem odur ki, onlar bizi bu addımları atmağa məcbur etdilər. Bir tərəfdən sevinirəm, dövlətim daha sürətlə inkişaf etməyə başladı. İçimizdə olan ehtiras olmasaydı, bəlkə də yeyib-içib yaşayacaqdıq, ordumuz da İsveçrənin ordusuna bənzəyəcəkdi, kasıb-kusub gedib orduya düşəcəkdi, vəssalam. Qarabağ dərdi bəlkə Allah tərəfindən bizə millət kimi göndərilən sınaqdır. Düzdür, çox qurbanlar vermişik, amma başqa cür heç vaxt birlik yarada bilməzdik. Qarabağ elə bir yerdir ki, ömrü boyu orada sırf azərbaycanlılar yaşayıb, milli azlıqlar olmayıb.

“"Erməni soyqırımı" xristian dövlətlərinin müsəlman dövlətlərinə qarşı sözləşməsidir”

N.Qurbanova: Qarabağda olmusunuz?
- Əlbəttə, gənc görsünsəm də, 36 yaşım var. Mən fikirləşirəm ki, Qarabağ problemi azərbaycanlıları birləşdirdi. Amma Sumqayıt hadisələri və “erməni soyqırımı” deyilən bir şey tarixdə olmayıb. Heç bir dövlət də qəbul edə bilməyəcək. Bu, xristian dövlətlərinin müsəlman dövlətlərinə qarşı sözləşməsidir. Bu məsələdə erməniləri dəstəkləyən onlardır. O dövlətlər Ermənistana o qədər sərmayə qoyublar ki, ona görə ayağa vermirlər, yoxsa məhv olacaq və sərmayələri də batacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dedi də arxivləri açın, biz açmağa hazırıq. Ermənistan prezidentinin müsahibəsinə baxdım, vallah hesab edirəm ki, bu insanla iş qurmaq olmaz, qaldı ki, prezidentlər səviyyəsində danışıqlar olsun. Mən Sərkisyana qulaq asdım, onun dediklərini başa düşmədim. Bunların rəhbərliyi ilə bu gün işləmək olmaz. Bəlkə də erməni xalqı arasında elə insanlar var ki, qorxurlar, İrəvanda oturub deyirlər, Qarabağdır da, əldən getsin, canımız qurtarsın, adam kimi yaşayaq. Amma mən elə insanları tanımıram, üzə çıxsınlar, mən də deyim ki, hə, bəlkə bu insanlarla söhbət etmək olar. İradə Zeynalova məsələsinə gəlincə, mən onu çox yaxşı tanıyıram. Bakıya gəlib, münasibətim var, mən ona zəng də edə bilərəm. Amma ona “sən niyə belə etmisən” sualını verməyəcəyəm. Ona görə ki, o da mənə cavab verər və biz bu məsələdə bir-birimizi heç vaxt başa düşməyəcəyik. Çünki o, Vətəndən ayrı düşmüş bir insandır. Ona bəraət qazandırmıram. İnsanın Vətəni ilə bir bağlılığı olmalıdır. Hamımız deyirik ki, şəhər yaxşıdır, müasirdir və s. Amma istər-istəməz torpaq çəkir, insan yaşlandıqca rayona, kəndə getmək istəyir. Ümidvaram ki, nə zamansa İradə Zeynalova o bağlılığı hiss edəcək.

N.Qurbanova: Amma o, tarixi danmağa əsas vermir...
- Əkrəm Əylisli “Daş yuxular” əsərini yazandan, bu məsələni ortaya çıxarandan sonra düşünürəm ki, bu yaşda insan Azərbaycan dövlətinə, millətinə qarşı bunu yazırsa, həmin şəxsdə daxili gen problemi var. İnsan yaşlandıqca kökünə gəlib çıxır, hara gedirsən get, yenə kök səni dartıb çəkəcək.

N.Qurbanova: Bu, həmin Əkrəm əylislidir ki, “Əylisdən Əylisəcən” romanını yazmışdı...
- Ola bilsin, nəticəni görürsünüzmü? Deyir kimin əvvəli, kimin axırı. Sona qədər gəlin gözləyək baxaq görək nə olacaq.

N.Muradova: Valideyn olmaq Murad Dadaşovda nəyi dəyişdi?
- Valideyn vəzifəsi ən çətin və mürəkkəb işdir. Onun uğurlu olub-olmamağını indi bilmək olmaz. Mənim övladlarımın uğurları və cəmiyyətə faydalı olub-olmamasını gələcək göstərəcək. Düşünürəm ki, insanın övladı onun şəxsi göstəricisidir. Nə qədər yaxşı insan olursan ol, əgər sən övlad böyüdə, sağlam düşüncəli insan yetişdirə bilməmisənsə, deməli sən yaxşı insan deyilsən.

N.Qurbanova: Amma övladlar böyüdükləri zəmanəyə daha çox oxşayırlar, nəinki valideynlərinə.
-Yanlış fikirdir.

N.Muradova: Qız övladı istəmirsiniz?
- Qoyun oturmuşuq (gülür).

“Qonşumuz mənə dedi ki, yazıqsan”

N.Qurbanova: Səhv etmirəmsə, 3 oğlunuz var. Analar çox giley edirlər ki, iki və daha çox oğlan uşağını böyütmək çox çətindir…
- Qədim Romada deyirdilər ki, bir oğul oğul deyil, iki oğul yarım oğuldur, üç oğul bir oğuldur. Bir yaşlı qonşumuz var, bir dəfə onunla liftdə qarşılaşdıq, məndən soruşdu ki, neçə oğlun var. Dedim üç. Qayıtdı ki, qızın var? Dedim yox. Lifti düşəndə dedi ki, yazıqsan. Bu sözü deyəndən sonra məni gülmək tutdu. Deyirlər ki, qızın varsa, pis günündə sənə bir stəkan su verəcək. Amma mən həmişə həm övladlarımın, həm də yoldaşımın yanında deyirəm ki, Allah bizə elə həyat bəxş etsin, övladlarımıza möhtac olmayaq. Həmişə bunu deyirəm. Toni Perkins adlı bir bloqqerin maraqlı bir yazısını oxumuşdum. O deyirdi ki, valideynlərimiz dünyasını dəyişəndə mütləq onların yanında olmalıyıq. Ona görə ki, valideyn səninlə ölüm arasında olan sonuncu baryerdir. O baryer aşandan sonra həyat sənə deyir ki, növbə səndədir. Bu normal axındır. Mənə sual verəndə ki, həyatda qorxursunuzmu? Deyirəm ki, yaxınlarımı itirməkdən çox qorxuram. İncəsənətlə məşğul olan insan daxilən incə bir ürəyə sahibdir. Mənim üçün ən diskomport məsələ yaxınlarımı itirmək olacaq. Anar Məmmədxanovun valideynlərini görəndə aciz qalıram. Mən çox böyük çətinliklə onların evinə gedirəm. Ümumiyyətlə, Anarın qəbri üstünə getmirəm. Evinə gedirəm, yoldaşı ilə övladları ilə ünsiyyət saxlayıram. Amma ən çətin ünsiyyət Anarın valideynləri ilə olur. O getdi, biz qaldıq fikrindən utanıram.

A.Lətifov: Otağınızda qolf alətləri var. Deyəsən, qolf oynamağı sevirsiniz.
- Qolf çox maraqlı idman növüdür. Mənim çox yaxın dostum Anar Məmmədov Qolf Federasiyasının prezidentidir. Qolfla məni yaxından tanış edən Anar olub. Məhz o, mənə qolfun dərinliyini izah edib. Qolf oynamaq insanı sakitləşdirir. Deyirlər ki, bu oyunu ancaq varlılar oynayır, qətiyyən belə deyil. Əvvəllər elə düşünürdüm ki, qolf dərin idman növü deyil, amma sonralar başa düşdüm ki, əsrlərdən bu günümüzə qədər gələn bu idmanın dərin fəlsəfəsi olmasaydı, heç kim onu özündə saxlamazdı.

N.Muradova: “Bakılı oğlanlar” komandasının son konsertinə baxa bildinizmi?
-Təəssüf ki, bu dəfəki konsertə baxa bilmədim. Həm “Maşın şou” ilə bağlı son hazırlıqlar, Avropa Oyunları məşəlinin alovlandırılması mərasimdə iştirak, həm də səhhətimdəki problemlərə görə konsertə getmədim. Adətən gedib baxıram.

“KVN üçün daxırmamışam”

N.Muradova: Səhnə üçün darıxmamısınız?
-Yox, KVN üçün daxırmamışam. Artıq o dövr keçib. Keçmişi gözəl keçmiş kimi xatırlayıram. Mən indi televiziyadayam.

“Film istehsal edəcəyəmsə, o bir nömrəli film olacaq”

N.Muradova: “M” Group Prodakşn nə əcəb film istehsalına əl atmır?
- Film istehsalı mürəkkəb bir işdir, ayrıca bir elmdir. İndi bizdə nədənsə hamı onunla məşğul olmağa başlayıb. Əgər film istehsal edəcəyəmsə, o bir nömrəli film olacaq.

N.Muradova: Bir vaxtlar Sizin prodakşnın istehsalı olan “Bu da bu” layihəsində çıxış edən Müşfiq Şahverdiyevin prodüseri olduğu “My name is İntiqam” filmini bəyəndinizmi?
- “My name is İntiqam” maraqlı çəkilib. İlklər üçün gözəl bir işdir, uğur da qazandı. Mənim bəyənib-bəyənməməyimdən çox şey asılı deyil, çünki bu sahədə kommersiya uğuru var. Tutaq, mən deyə bilərəm ki, Cem Yılmazın filmlərini bəyənirəm, amma kommersiya uğuru “Rəcəb İvedik” filmlərində var. Halbuki, “Rəcəb İvedik”i bəyənmirəm. Digər tərəfdən festival filmlərini də xoşlamıram. O filmlərə baxanda rejissordan başqa heç kim onu başa düşmür. Ona görə deyirəm ki, əgər film istehsal edəcəyəmsə, o, Azərbaycanda bir nömrəli film olacaq. Bir müddət Hollivudda olan, orada film istehsalını görən biri kimi deyirəm ki, bu iş çox mürəkkəb və çətindir. Yəni bizimkilərin etdiyi kimi asan iş deyil. İndi çəkilənlər daha çox televiziya filmləridir, böyük ekran filmləri, reklam və tizerdən o tərəfə keçən filmlər deyil. Bu savad tələb edən bir sahədir.

“Azərbaycanda telekanalların sayı çoxdur”

N.Qurbanova: Bizdə prodakşn yaratmaq, onu idarə etmək və bir məhsul ortaya qoymaq bu qədər çətindir?
- Bu prodakşn məsələsi deyil. Fikrimi müqayisədə belə izah edim: televiziya kanalları sanki böyük bir marketdir. Market yaradır, meyvə işini meyvəçiyə, şirniyyatı şirniyyatçıya verir. Bizdə kanal yaradılır və bütün işlərlə özü məşğul olmaq istəyir. Axı bunun hamısı ilə məşğul olmaq mümkün deyil. Sənin işin bunu qurmaqdır. Bizdə bir insan hər şeylə məşğul olmaq istəyəndə nəticədə nə özü, nə də digərləri işləyir. Kanal özü veriliş istehsal edir, bəs peşəkarları haradan götürək? Deyirlər ki, yeni kanal yaratsınlar. Mən hesab edirəm ki, bu gün Azərbaycanda telekanalların sayı çoxdur. İki-üç kanalı sözsüz bağlamaq olar.

“Televiziya rəhbəri kimi çox rahat işləyərəm”

N. Qurbanova: Televiziya rəhbəri olmaq istəmirsiniz?
- Televiziya rəhbəri kimi çox rahat işləyərəm. Yaradacağım kanal əyləncəli yayımla bağlı olacaq. Ola bilsin orada ictimai-siyasi verilişlərə yer verilsin. Amma mən indi başqa işlə məşğulam və bu işdən çox böyük həzz alıram. Qoy kanallar yaransın mənə veriliş sifariş versinlər. Mən də onlara veriliş verim.

N.Muradova: Səhv etmirəmsə, siz Lider TV-də baş prodüser olmusunuz…
- Bəli, Lider TV-də baş prodüser olmuşam, uğurlu layihələrimiz də olub. “Maşın Şou” orada başlayıb. Lider TV-dən öncə mən ANS-də baş prodüser kimi çalışmışam.

N.Cavadzadə: Bu dəfə “Maşın şou”da kimlər olacaq?
- Bu dəfə ancaq ulduzlar olacaq. Açığını deyim ki, son dəqiqələrə kimi hələ müzakirələr gedir. Mən bu dəfə çox maraqlı format fikirləşmişəm. Bu dəfəki veriliş “Maşın şou - Daha bir nağıl” adı ilə təqdim olunacaq. Hər gecə tamaşaçılara bir nağıl söyləyəcəyik”.

Nərgiz Ehlamqızı

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər