“Görüşlə bağlı xüsusi bir məlumat yoxdur. Daha çox ümumi sözlər deyilir. Lakin aydındır ki, yay mövsümü, tətil vaxtı başa çatıb. Bu danışıqlarda durğunluq yaranacağı təqdirdə hərbi münaqişə ilə bağlı risklər yerində qalır və yenidən qabardıla bilər”.
Bu fikirləri dünən Moskvada Xarici İşlər Nazirliyində Sergey Lavrovun rəhbərliyi və Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən məsləhətləşmələri şərh edən politoloq, Milli Məclisin üzvü Rasim Musabəyov Teleqraf.com-a deyib.
Muabəyov bildirib ki, həmsədrlər toplaşaraq hansısa bir danışıqlar layihəsi ilə çıxış etmək niyyətindədirlər: “İndi nəzərə alsaq ki, bu məsələlərdə ABŞ və Fransadan olan həmsədrlər Rusiyanınmoderatorluğunu qəbul ediblər, görüşün Moskvada baş tutması, həmsədrlərin Lavrovla məsləhətləşmələri başadüşüləndir. Ancaq bu məsləhətləşmələr nəyə gətirib çıxaracaq, təklif tərəflər üçün nə dərəcədə qaneedici olacaq və bunun əsasında xarici işlər nazirlərinin, prezidentlərin görüşünün mümkün olub-olmayacağı sualı açıq qalır”.
Ermənistanda hökumətin istefaya getməsi və bunun danışıqlar prosesinə mümkün təsirləri haqda danışan sabiq dövlət müşaviri xatırladıb ki, erməni hökuməti Dağlıq Qarabağ münaqişəsinə dair aparılan proseslə məşğul olmayıb: “Bu işlə bilavasitə prezident Sarkisiyan və xarici işlər naziri Nalbandiyan məşğul olurdu. Hazırda prezident Sarkisiyan yerindədir. Nalbandiyan isə son zamanlar Ermənistanda lağ-lağı obyektinə çevrilmişdi. Hazırda onun yerinə Ermənistanda Prezident Aparatının rəhbərinin gətiriləcəyini deyirlər. Hər halda prezidentin icra aparatının rəhbəri bu prosesin içindədir və onun ayrıca səlahiyyətə ehtiyacı yoxdur. Əgər onu xarici işlər naziri təyin etsələr, qısa müddətdə bu münaqişə ilə yaxından məşğul olması mümkün olacaq”.
Nemət