"ABŞ Suriya strategiyasında dəyişiklik edib. Buna səbəb Rusiyanın S-300 raket-zenit sistemlərini Suriyaya yerləşdirməsi olub".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Washington Post" nəşri Pentaqon rəsmilərinə istinadən məlumat yayıb:
"Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Suriyaya yerləşdirilməsinin tamamlanması Obama administrasiyasının hökumət qüvvələrinə məxsus obyektlərə hava zərbələri endirmək barədə qərarını daha az inandırıcı edib.
İki ildən çox müddətdə Suriya ABŞ-ın İŞİD-in nəzarətindəki əraziləri bombardman etməsini susqunluqla qarşılayırdı. Ötən payız Moskva və Vaşinqton Suriyadakı avia-hücumlar zamanı Rusiya və ABŞ qırıcılarının bir-birindən uzaq məsafələrdə uçması ilə bağlı razılığa gəldilər.
Ancaq Suriya ordusunun rus qırıcılarının köməyi ilə Hələbə hücumu, eləcə də Suriya böhranı vasitəsilə diplomatik danışıqlarda uğurların əldə olunmaması ABŞ administrasiyasını fəaliyyət variantlarını nəzərdən keçirməyə sövq etdi.
Oktyabrın əvvəlində Moskva Suriyada S-300 raketlərini yerləşdirməsini bəyan etdi. S-300-lər kimi, S-400-lər də Rusiyaya təyyarələri və uçan obyektləri 400 kilometr məsafədən vurmağa imkan verir. Bu isə Rusiyanın bütün Suriya ərazisinə, eləcə də Türkiyə, İsrail, İordaniya və Aralıq dənizinin bir hissəsinə nəzarət etməyi deməkdir.
Belə vəziyyətdə Pentaqonun bir çox rəsmiləri hesab edir ki, ABŞ-ın Suriyada Əsəd ordusuna zərbələr endirməsi iki nəhəngin toqquşması və növbəti böyük müharibənin başlamasına səbəb ola bilər. Ona görə də Vaşiqnton Suriyada hökumət qüvvələrini vurmağa ehtiyat edir".
Samir