Yeni il gecəsi İstanbulda yerləşən “Reina” gecə klubuna hücum edib 39 nəfəri öldürən və dünən keçirilən əməliyyat nəticəsində yaxalanan Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar yayılıb.
Teleqraf.com Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Esenyurtda ələ keçən terrorçu polisləri qaldığı evdə görüncə, çarpayının altına girib və türkcə "məni öldürməyin" deyə qışqırıb.
Daha sonra polis idarəsinə gətirilən Maşaripov ifadə verib: "Ötən ilin yanvarında Suriyadakı döyüşlərə qatılmaq üçün İrandan Türkiyəyə gəldim. Konyada ev tutdum. Konyada olduğum vaxt Rakkadan təlimat gəldi. Təlimat Yeni il günü Taksimdə terror törətməklə bağlı idi. Taksimdə kəşfiyyat işləri gördüm və görüntüləri Rakkaya göndərdim. Yeni il günü Taksimdə təhlükəsizlik yüksək səviyyədə olduğu üçün planımı həyata keçirə bilmədim. Rakkadan bildirdilər ki, planı başqa yerdə həyata keçirim. Mən də “Reina” klubunu seçdim. Burada təhlükəsizlik əməkdaşları çox az idi. Taksi ilə Zentinburnuna gəldim. Qaldığım evdə gizlətdiyim silahı götürdüm, “Reina”ya getdim və hücüm baş tutdu”.
İstanbul Terrorla Mübarizə İdarəsindən verilən məlumata görə, Maşaripov hücumu törətmək üçün dekabrın 16-da Konyadan İstanbula gəlib. İlk olaraq, Başakşehirdə terrorçuların evində qalıb. Hücuma 2 gün qalmış Zeytinburnuna köçüb. Qətliamdan sonra “Flashbang” bombalarından birini əlində partladıb və yaralı imiş kimi klubdan çıxıb. Taksiyə oturub və pulu olmadığını deyəndə sürücü onu Kuruçeşmədə düşürüb. Daha sonra eyni şəkildə Zincirlikuyuya - uyğur restoranına gəlib və dostundan taksi pulu istəyib. Gecəni burada qalan Maşaripov səhər evdən çıxıb və Başakşehirə gedib. Yanvarın 6-da terrorçuların təhlükəsiz ev kimi göstərdiyi mənzilə sığınıb.
Terrorçu hadisədən bir gün sonra ilk dəfə Bakırköydə görünüb. Yol polisi terrorçunu tanıyıb. Anidən hərəkət edən avtomobildən polisə atəş açılıb. Daha sonra avtomobil Beyoğlunda sahibsiz vəziyyətdə tapılıb. Bu olaydan sonra terrorçu Başakşehirdən Esenyurta köçüb.
Məlumatlarda qeyd edilib ki, polislər terrorçuların qaldığı evi 3 gün nəzarətdə saxlayıblar.
Samir