Amerika BMT-dəki səfiri Nikki Haley vasitəsilə İranla bağlı Təhlükəsizlik Şurasının təcili toplantısını çağırmaq təşəbbüsü ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, buna İranın yanvarın 29-da Simnan şəhəri yaxınlığında ballistik raketi sınaqdan keçirməsi səbəb olub. Sözügedən ballistik raket 630 kilometr məsafəni qət etmək gücündədir.
Ağ Evin sözçüsü Şan Spayser İranın “Xürrəmşəhr” adlı yeni ballistik raketini sınaqdan çıxarması haqda deyib ki, Tehranın bu addımı beynəlxalq qanunlara ziddir. O, əlavə edib ki, ABŞ Administrasiyasının İranın bu raket sınağı keçirməsindən xəbəri var. ABŞ rəsmisi əlavə edib ki, hazırda sınağın təfərrüatları araşdırılır, mahiyyəti müəyyən edilir.
Qeyd edək ki, hələ prezident seçkiləri dönəmində Donald Tramp İrana qarşı kəskin mövqeyi ilə seçilirdi. Müşahidələr göstərir ki, Ağ Evin yeni sahibi prezidentlik kreslosuna yiyələndikdən sonra İranla bağlı məsələni də gündəminə alıb.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, bu məsələnin ən yaxşı çıxış yolu tərəflərin soyuqqanlı davranışıdır: “Axı ABŞ hansı haqla İrana bir söz deyə bilər? ABŞ-ın özünün bütün növ raket kompleksləri var. ABŞ yer üzündə yeganə ölkədir ki, atom bombasını tətbiq edib, başqa xalqın 100 minlərlə üzvünü məhv edib. İndi ABŞ hansı haqlı və hüquqla İrana söz deyə bilər? Hər bir dövlətin özünü müdafiə etmək hüququ var. Baxın, Ermənistan qışqırır ki, ay aman, qoymayın, Azərbaycan silahlanır. Sən gəlib mənim torpağımı işğal etmisən, sonra da deyirsən ki, silahlanma? Amerika da dünyaya meydan oxuyur, sonra da İrana deyir ki, sən silah arsenalını gücləndirmə. Bəs Səddam Hüseyni qızışdıranda, silah verib İranın üzərinə salanda yaxşı idi? İran heç bir dövlətin ərazisini tutmayıb, heç kimə hücum etməyib. Başqa xalqın torpağını işğal edən, məcburi yerləşdirmə aparan başqa dövlətə bir söz demirlər, amma məzlum xalqın hüququnu müdafiə edən dövlətin adını terrorçu qoyurlar”.
Politoloq qeyd edib ki, Amerika İrana heç nə etməyəcək və edə də bilməz: “İrana atom bombası atacaq, bəyəm dəlidir? Donald Trampın özü də tədricən əhilləşdiriləcək. ABŞ demokratik və hüquq dövlətidir. Çox israr etdiyi məsələ olacaqsa, bunu Konstitusiya Məhkəməsinə verəcəklər və s”.
Z.Əlizadəyə görə, onsuz da ABŞ-İran münasibətləri bundan artıq kəskinləşməyəcək: “İranın pulları əsassız bəhanələrlə saxlanılıb. ABŞ 30 ildir ki, İrana qarşı sanksiyalar tətbiq edib, milyardlarla zərər vurub, vaxtı ilə İranın ABŞ-dan aldığı təyyarələrə ehtiyat hissələri satmır və s. Bundan artıq düşməncilik etməyəcək”.
Zərdüşt Əlizadə qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı 5+1 formatında aparılan danışıqlar və əldə edilən razılaşmalar qüvvədə qalacaq: “Burada ABŞ-la yanaşı digər hörmətli dövlət də var. Hələlik bu müqavilə qüvvəsini saxlayacaq. Çünki digər dövlətlər də hörmətlidir və dünyada söz sahibidirlər”.
Cavad