ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Filin jurnalistlərə açıqlamasında İranın son günlər həyata keçirdiyi ballistik raket sınağından və onun region ölkələrini açıq-aşkar təhdidindən danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Filin regionda apardığı təxribatçı fəaliyyətinə görə Tehrana xəbərdarlıq edib. O deyib ki, İranın sınaqdan keçirdiyi raketlər bölgənin sabitliyini pozur, amerikalıların həyatını təhlükəyə atır: “İranın son günlərdəki bəzi hərəkətləri, o cümlədən də onun təhrikçi addım ataraq, ballistik raket sınaqdan keçirməsi, eləcə də rəsmi Tehranın dəstəklədiyi “Husi” yaraqlılarının Səudiyyə Əəbistanının dəniz qüvvələrinə məxsus bir gəmiyə hücumu bir daha dünya birliyinə göstərdi ki, bu ölkə Orta Şərqin sabitliyini pozmaq barədəki fəaliyyətini davam etdirir.
İranın ballistik raket sınağı keçirməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini açıq-aşkar pozur. Halbuki həmin qətnamə İranın nüvə başlığı daşımaq qabiliyyətinə malik hər hansı bir ballistik raket sınaqdan keçirməsinə qadağa qoyub. Son 6 ayda İran Amerikanın regiondakı gəmilərini təhdid etmək və onun müttəfiqləri sayılan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin gəmilərinə hücum etmək məqsədilə “Husi” yaraqlılarına hərbi təlimlər keçib, onları silahlandırıb.
Amerikanın keçmiş prezidenti Barak Obamanın İranın beynəlxalq terrorizmə dəstəyinin və onun silah qaçaqmalçılığının, eləcə də Tehranın beynəlxalq qanunları pozmasının qarşısını almaqla bağlı səyləri uğursuz oldu. Lakin Tramp hökuməti İranın Orta Şərqin sabitliyini pozması cəhdləri və amerikalıların həyatını təhlükə ilə üz-üzə qoyması qarşısında sakit dayanmayacaq. Biz İrana rəsmən xəbərdarlıq edir, bildiririk ki, bu gündən etibarən bu ölkənin bütün hərəkətləri diqqət mərkəzində saxlanılacaq”.
Bu arada, Respublikaçı deputatlar İrana qarşı yeni sanksiyaların tətbiqi təklifini Konqresə tətbiq ediblər. Bununla bağlı məlumat Konqresin rəsmi saytında yerləşdirilib. Məlumatda İranın ballistik raket sınağı keçirməsinin qəbuledilməz olduğu vurğulanıb. Yeni sanksiyalar siyahısına İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) və Mahan Air şirkətinin adı daxil edilib.
Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqan ölkəsinin ballistik raket sınaqları keçirməsini təsdiq edib.
Samir İSAYEV