Növbəti gün isə Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanı 4 ay hadisə yerində təhqiq edən akademik qəzanın baş vermə səbəbi ilə bağlı hesabatını açıqlamalı idi. Leqasovun həyatdan köçməsinə nə səbəb olmuşdu?
Teleqraf.com bu günlərdə “Moskovskiy Komsomolets”də dərc olunan yazını ixtisarla təqdim edir:
100 ber radiasiya içində
Çernobıl AES-də qəza baş verəndən sona akademik Leqasovun adı təkcə xarici qəzetlərin deyil, sovet qəzetlərinin də səhifələrindən düşmürdü. O, qəzanın baş vermə səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması üçün yaradılmış hökumət komissiyasının üzvü kimi qəzanın baş verdiyi əraziyə – Pripyat şəhərinə ilk yetişənlərdən idi. Leqasov stansiyanın dağılmış 4-cü blokunun yaxınlığında iki-üç həftə əvəzinə ən çətin 4 ay ərzində qalmışdı. Həmin vaxt ərazidə radiasiyanın dozası 100 ber həcmində idi.
5 saatlıq dürüst məruzə
Radioaktiv şüalanma Avropanın da ərazisini bürümüşdü. Sovet İttifaqını çoxmilyonlu tələb qorxudurdu. Ancaq Leqasovun Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – MAQATE-nin Vyanada keçirilən ekspertlər konfransında 5 saat davam edən dürüst və açıq məruzəsi SSRİ-yə münasibəti yumşaltdı. Düzdür, Çernobıl haqqında həqiqətlər heç də hamının kefini açmırdı. İki dəfə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi üçün onun namizədliyini irəli sürmüşdülər, amma hər ikisində adını siyahıdan çıxarmışdlar.
Və... 27 aprel 1988-ci ildə isə akademik Leqasov evində ölü tapıldı...
Tale ona verdiklərini bir-bir geri aldı
1954-cü ildə Moskvadakı 56 saylı məktəbi qızılı medalla bitirən Valeriyə tale çox şeylər vermişdi, sonra isə onları geri aldı. O, 36 yaşında – 1972-ci ildə kimya elmləri doktoru olur, 45 yaşında isə Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Onun təsirsiz qazların kimyəvi tərkibinin sintezi üzrə gördüyü işlər Dövlət və Lenin mükafatına layiq görülmüşdü. 1984-cü ildə İ.Kurçatov adına Atom Enerjisi İnstitutu direktorunun birinci müavini təyin olunur. İki ildən sonra Çernobıl qəzası baş verir.
Biz atanı itiririk...
Çernobıl AES-də qəza baş verən günün səhəri (Qeyd edək ki, AES-də qəza 26 aprel saat 01:23:47-də baş verib – tərc.) V.Leqasov hökumət komissiyasının tərkibində Çernobıla yollanır. Akademik hadisə yerində fəaliyyət göstərən yeganə alim olur. Məhz Leqasov stansiyanın digər 3 blokunda neytronların nüvə reaksiyasına girməsinin qarşısını alır.
Akademikin Sovet İttifaqının Fransadakı səfirliyində çalışan qızı İnqa Valeriyevna aprelin 27-də Moskvaya gəlir. “Bizi evdə yalnız anam qarşıladı. Onu üzündə elə görkəm var idi ki, mən qeyri-ixtiyari olaraq dərhal “Ataya nə olub” deyə soruşdum. Anam “Mən səni xəbərdar etməliyəm; biz atanı itiririk” dedi. O, atamın xarakterinə bələd idi. Bilirdi ki, atam olay yerinin düz ortasında olacaq. Atam hara getdiyini və hansı dərəcədə doza alacağını yaxşı bilirdi.
Məhz atam hökumət komissiyasının sədri Boris Şerbini inandırmışdı ki, onlar ilk növbədə yaxın 24 saat ərzində əhalini Pripyatdan çıxarmalıdırlar. Bu, onun təşəbbüsü ilə olmuşdu. Təcili şəkildə Pripyatda və başqa iri şəhərlərdə əhali avtobuslara dolduraraq evakuasiya etdilər. Bununla da xeyli insanın həyatı xilas edildi. Şəhər boşaldıldı. Orda ancaq xilasedicilər qaldı”.
Sanki 41-ci ilin daha pis variantı idi
Akademikin maqnitofona diktə etdiyi səs yazısından: “Stansiyada bir hazırlıqsız, bir səhlənkarlıq, bir qorxu var idi ki... Sanki 41-ci ilin daha pis variantı idi”.
İlk dəfə mayın 5-də Çernobıldan Moskvaya qayıdan akademik “Politbüro”nun iclasında iştirak etdikdən sonra elə həmin gün Çernobıla qayıdır. O, hökumət komissiyasının Çernobıla yollanan birinci tərkibinə daxil olanlar arasında yeganə şəxs idi ki, ikinci tərkibdə də işini davam etdirirdi.
Akademikin həyat yoldaşı Marqarita Mixaylovna: “Əgər mayın 5-də evə birinci dəfə qayıtdıqda zəifləmiş, saçları tökülmüş, üzü yanmış vəziyyətdə idisə, mayın 13-də ikinci dəfə qayıtdıqda artıq səsi xırıldayır, dayanmadan öskürür və yuxusuzluqdan əziyyət çəkirdi”.
Həmin günlərdə qəzanın nəticələrinin aradan qaldırılmasında xidmətləri olanların təltif edildiyi siyahı dərc olunur. Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov V.Leqasovun adını təltif olunanların siyahısından şəxsən çıxarır. O, bunu “digər alimlərin məsləhət görməməsi” ilə əsaslandırır. “Valeri Alekseyeviç Kurçatov adına institutda işləyir. Bu institutda RBMK-1000 reaktoru layihələndirilib. Çernobıl AES-də işləyən həmin reaktorlar idi”, - deyə baş katib bildirir. Halbuki, Leqasov bu reaktorlar layihələndirilərkən sözügedən institutda işləmirdi.
Sizi Moskvada pis qarşılayacaqlar
1986-cı ilin avqustunda Vyanada MAQATE-nin xüsusi iclası baş tutur. İclas Çernobıl faciəsinin nəticələrinə həsr olunur və 62 ölkədən 500 nəfərdən artıq ekspertin iştirakı ilə keçirilir. Sovet İttifaqının vəkili qismində V.Leqasov 2 cilddə toplanmış 700 səhifəlik materialları fasiləsiz olaraq 5 saata məruzə edir. Bir saat isə sualların cavablandırılmasına ayrılır. V.Leqasov qəza ilə bağlı detallı analiz təqdim edir. Akademik “yuxarılar”dan ehtiyat etmədən və reputasiyasına xələl gələcəyindən qorxmadan açıq və düzgün hesabat təqdim edir. Leqasov məruzəsini bitirdikdən sonra onu ayaq üstə alqışlayırlar və hətta MAQATE-nin bayrağı ilə təltif olunur.
Akademik Vyanada təyyarəyə oturduqda sovet diplomatları onu xəbərdar edirlər: durum o qədər də arzuolunan deyil, sizi Moskvada pis qarşılayacaqlar.
V.Leqasovun qızı İnqa Valeryevna: “Atamın məruzəsinin əsasını SSRİ-yə bəraət qazandırmaq, hər hansı məlumatı gizlətmək təşkil etmirdi. Əksinə, beynəlxalq ictimaiyyətə bu cür hallar baş verərkən özünü necə aparmaq lazım olduğunu izah etməyə hesablanmışdı”.
Özünün açıq çıxışı ilə V.Leqasov dövrünü qabaqlayır. SSRİ-də yenidənqurma və aşkarlıq hələ başlamamışdı.
Avropada ilin adamı olur
Çernobıl haqqında həqiqətlər heç də hamının xoşuna gəlməmişdi. Məsələn, Maşınqayırma Nazirliyi akademikin sərbəstliyindən son dərəcə narazı qalmışdı. Onlar iddia edirdilər ki, hesabatda gizli məlumatlar da yer alıb.
“Belə bir məsələ həqiqətən də olmuşdu. Hesabatda elə rəqəmlər var idi ki, onları açıqlamaq olmazdı. Ancaq Vyanada fors-major situasiya yaranmışdı. Təkcə bir ölkə barədə düşünmək lazım deyil. Bütün insanlıq haqqında düşünmək lazımdır. MAQATE-dəki hesabat böyük rezonans doğurmuşdu. Atam Avropada çox populyarlaşdı. Onu “ilin adamı” adlandırdılar, dünyanın ən yaxşı 10 alimi sırasına daxil oldu”, - deyə akademikin qızı bildirir.
Kurçatov adına Atom Enerjisi İnstitutunun direktoru, akademik Anatoli Aleksandrov isə institutun direktoru postunda V.Leqasovu görmək istədiyini açıqlayır.
Sosialist Əməyi Qəhrəmanı yerinə saat hədiyyəsi
V.Leqasov Çernobıl AES-ə ümumilikdə 7 dəfə səfər edir. Onun səhhəti getdikcə daha da pisləşir, daimi ürəkbulanma, baş ağrısı, quru öskürək onu taqətdən salır, immuniteti zəifləyir. Buna baxmayaraq, akademik gün ərzində 12 saat işləməyə davam edir.
1986-cı il sentyabrın 1-də V.Leqasovun 50 yaşı tamam olur. Akademik Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunmağa təqdim olunur. Ancaq maşınqayırma naziri bunun əleyhinə çıxır. Valeri Alekseyeviçə Çernobıl qəzası ilə bağlı həddən artıq açıq hesabat təqdim etdiyi xatırladılır. Nəticədə o, nazirlikdən yalnız adı yazılmış “Şöhrət” saatı alır.
Tezliklə onun səhhəti daha da pisləşir. Ona radiasion pankreatit, 4-cü dərəcəli şüalanma diaqnozu qoyulur.
İki barmağı kəsilir
1987-ci ilin baharında institut elmi şurasına seçki keçirilir. Gizli səsvermə nəticəsində Valeri Alekseyeviçin lehinə 100, əleyhinə 129 səs verilir. Beləliklə, Leqasov daha bir ədavətlə üzləşir.
Akademikin həyat yoldaşı Marqarita Mixaylovna bu hadisənin Valeridə dərin psixoloji böhrana səbəb olduğunu bildirir.
“Atam üçün bu, tamamilə gözlənilməz oldu”, - deyə İnqa Valeriyevna deyir. O, buna necə reaksiya verəcəyini bilmirdi: “Mən düşünürəm ki, bu, ona vurulan planlaşdırılmış və hazırlanmış zərbə idi”.
Akademikin sol əlinin iki barmağı kəsilir, sağ əli və ayağı keyləşir. Həkimlər ona daha bir xəstəliyin diaqnozunu qoyurlar: reaktiv depressiya. 1987-ci ildə xəstəxanada olarkən gecə vaxtı yüksək dozada yuxugətirici dərman qəbul edir. Ancaq həkimləri vaxtında çağırması, akademikin mədəsinin yuyulması nəticəsində onu xilas etmək mümkün olur.
– “Çernobıl qəzasından sonra atam xeyli düşünürdü”, - deyə İnqa Valeriyevna bildirir. – O, vətənpərvər idi, baş verənlərə, ölkəsinə, insanlara, hələ dünyaya gəlməmiş uşaqlara, ərazidə buraxılmış sahibsiz heyvanlara görə dərin həyəcan keçirirdi. Bu təşviş onun xeyirxahlığından irəli gəlirdi.
27 aprel 1988-ci ildə, Çernobıl qəzasının ikinci ildönümündə V.Leqasovu evindəki kabinetində ölü tapırlar. Ölümün rəsmi nəticəsi intihardır.
Bir gün sonra – aprelin 28-də Leqasov hökumətə Çernobıl qəzasının nəticələri ilə bağlı özünün şəxsi araşdırmasını təqdim etməli idi. Bəzi məlumatlara görə, V.Leqasovun diktofona yazdığı səs yazılarının çox hissəsi silinib.
Akademikin intiharı ilə bağlı təhqiqat aparılır, ancaq bu təhqiqat bir nəticə vermir. İstintaq V.Leqasovun depressiya nəticəsində həyatına son qoyduğu qənaətinə gəlir.
“Onu sistem və həyatları uğrunda canını verdiyi sürü məhv etdi”, - Moskva Dövlət Universitetinin professoru Yuri Ustinyuk hesab edir.
“Onun ölümündə birbaşa heç kim günahkar deyildi: heç kim bıçağı əlinə götürməmiş, onun sinəsinə sancmamışdı. Ancaq onun xəstəliyi ilə bağlı məlumatlı olan şəxslər bu kartdan istifadə etdilər və onu özünü öldürmək həddinə çatdırdılar”, - deyə 1988-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun direktor müavini olmuş akademik Feoktistov deyir.
Yalnız 10 ildən sonra
Akademikin ölümündən sonra Marqarita Mixaylovnanın sorğusu əsasında ona ərinin Çernobılda məruz qaldığı radiasiya şüalanmasının dozası barədə sənəd təqdim olunur. Məlum olur ki, Valeri Alekseyeviçin “hesabı”nda 100 ber var. Halbuki, həmin vaxt xilasedicilər üçün müəyyənləşdirilmiş doza 25 ber idi.
Sovet İttifaqının mövcud olduğu son 5 ildə Çernobıl AES-dəki qəzanı unutmağa çalışırdılar. Ölkəyə onun qəhrəmanları lazım deyildi.
Yalnız qəzanın baş verməsindən 10 il keçdikdən sonra, 1996-cı ilin sentyabrında prezident Boris Yeltsin V.Leqasovun Rusiya Federasiyasının ən yüksək fəxri adına – Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülməsi barədə fərman imzaladı.
“Qəhrəmanın fəxri adının Qızıl Ulduz medalı Leqasovlar ailəsində saxlanılır. Bu, başlıca təsəllidir. Ancaq hər şey başqa cür və insani şəkildə də ola bilərdi”, - deyə Karpov adına Fizika-Kimya İnstitutunun professoru Boris Oqorodnikov təəssüf hissi ilə bildirir.
Texnogen qəzanın müdhiş nəticələrindən insanları xilas edərkən Valeri Leqasov başqalarının səhvini öz həyatını qurban verməklə düzəltməyə çalışmışdı...
Səxavət HƏMİD