Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı avqustun 25-dən bu günədək Myanmadakı zorakılıqdan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının sayının təxminən 290 min olduğunu bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ali Komissarlığının Banqladeşdəki sözçüsü Vivian Tan məlumat verib.
O, Banqladeşə qaçanların durmadan artdığını, qaçqın düşərgələrinin dolduğunu, daha çox müvəqqəti sığınacağa ehtiyac olduğunu qeyd edib.
BMT sözçüsü düşərgələrdə əllərindən gələni etməyə çalışdıqlarını, amma gələnlərin arxası kəsilmədiyi üçün bu işin çox çətin olduğunu vurğulayıb.
BMT Banqladeş hakimiyyətindən yeni yaşayış yerləri üçün daha çox ərazi ayırmağı tələb edib.
Xatırladaq ki, Myanma rəhbərliyi tərəfindən müsəlmanlara qarş törədilən qətliamlar nəticəsində azı min nəfər həlak olub.