NATO-nun Baş Qərargah rəislərinin Albaniyanın paytaxtı Tiranada keçirilən toplantısı başa çatıb.
Teleqraf.com xəbər verir ki, toplantının bir hissəsi media üçün qapalı olub. Toplantıdan sonra NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Albaniya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Bardil Kollacaku mətbuat konfransı keçirib.
Petr Pavel bildirib ki, NATO bir sıra problemlərlə üzləşib və toplantı zamanı bu məsələlər müzakirə edilib. O əlavə edib ki, baş qərargah rəisləri Balkan ölkələrinin NATO-ya inteqrasiyasını dəstəkləyir: “Qərbi Balkanların və Kosovanın təhlükəsizlik mühitinə dair ciddi müzakirələr aparıldı. NATO-nun baş qərargah rəisləri NATO-Avropa Birliyi əməkdaşlığının əhəmiyyətini qeyd etdilər”.
NATO-nun ikinci adamı digər ölkələrin alyansa üzvlüyü məsələsinə də toxunub: “NATO açıq qapı siyasəti aparır. Bu siyasətdə dəyişiklik yoxdur. Lakin prosesin ehtiva etdiyi bəzi şərtlər mövcuddur”.
ABŞ və Şimali Koreya arasında gərgin münasibətlərə toxunan P.Pavel deyib ki, problemin siyasi yolla həllini gözləmək lazımdır.
Əfqanıstana dəstəyin davam edəcəyini vurğulayan NATO Hərbi Komitəsinin rəhbəri Rusiyanın Belarusla birgə həyata keçirdiyi “Qərb-2017” hərbi təlimlərini də dəyərləndirib: “Biz bu prosesi izləyirik, ancaq birbaşa təhdid əmələ gətirəcək hər hansı bir hal yoxdur”.