Güney azərbaycanlı gənc şairə, mədəni fəal Elmira Kəriminin vəfatının birinci ildönümüdür.
Teleqraf.com xəbər verir ki, Güney Azərbaycan çağdaş ədəbiyyatını müasir üslubda yazan Elmira Kərimi 32 yaşında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Mərhumun şeirləri əsasən qadın hüquqları və müxtəlif həyat hadisələri ilə insan varlığının qarşılaşması haqdadır.
1984-cü il fevralın 26-da Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində anadan olan Elmira Kərimi Həmədan Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib. Elmira Azərbaycan türkcəsində şeirləri ilə ədəbiyyatsevərlərin diqqətini çəkib. Onun əsərləri və mədəni sahədəki fəaliyyəti Azərbaycan milli hərəkat fəalları tərəfindən də yüksək qiymətləndirilir.
Elmiranın Feysbukda paylaşdığı son şeiri eyni zamanda onun həyata vida şeiridir:
Ay... Günəş... Özləyəcəyəm bütün varlığını
Bir daha görə bilməyəcəyim çox şey var
Toxunuram hər bir yerə
Bir anlıq olmalı olsa da
İzi qalsın məndə həyatın
İçimə çəkə-çəkə baxıram
Sanki içimdə qazılır varlıq
Biz bu dünyadan gedəndə
Yoxluq bizi qucaqlayıb
Göməcək əbədiyyətə.
Düşünürəm, bütün insanlar dünyadan gedəndə
Dünyasını da gömsələr
Necə olar dünya!
Tanrı nə olar?