Bütün zamanlarda dünyanın ən güclü ağırlıq qaldıranı, türk dünyasının böyük idmançısı, Azərbaycanı və xalqımızı çox sevən Naim Süleymanoğlunun vəfatı məni çox kədərləndirdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı bildirib.
O qeyd edib ki, Naimlə şəxsi tanışlığı 1995-ci ildə olub:
“Türkiyə heyətinin tərkibində Bakıya gəlmişdi. Bütün səfər müddətində hər gün görüşürdük. Onu qiyabi olaraq əvvəldən tanıyırdım. Hələ 1988-ci ildə Bolqarıstanda olarkən türklərin Todor Jivkov rejimi tərəfindən qəddarcasına sıxışdırıldıqlarının, ad və soyadlarının dəyişdirilərək bolqarlaşdırıldıqlarının və assimilyasiyaya uğradılmağa çalışıldıqlarının şahidi olmuş və geri döndükdən sonra “Türklər niyə köçürlər?” adlı bir məqalə yazmışdım. Məqalədə Naim Süleymanovun necə “Naum Şalomanova” çevrildiyini də qeyd etmişdim. Məqaləni o zaman dərc edilən “Kommunist” qəzetinin baş redaktor müavini, görkəmli jurnalist Şakir Yaqubova göstərdim. Oxudu. Kommunist Partiyasının və senzuranın mövcud olmasına baxmayaraq, Şakir müəllim məqaləmi qəzetin tam bir səhifəsində dərc etdi. Bu, cəsarətli bir addım idi. O zaman Bolqarıstan “16-cı sovet respublikası”, Jivkov isə Qorbaçovun ən yaxın dostlarından biri sayılırdı”.
M.Qasımlı həmin məqaləni N.Süleymanoğluna verdiyini qeyd edib:
“Oxudu. Çox sevindi. Naimi dərin kədər hissi ilə xatırlayaraq, onun mənimlə etdiyi bəzi söhbətləri sizinlə bölüşməyi vacib hesab edirəm. Naim erməniləri heç sevməzdi. Bir hadisəni nəql etdi. Dedi ki, bir dəfə yarış zamanı erməni idmançı ştanqı qaldırır və Naimə üzünü tutaraq istehza ilə və həyasızcasına “Şalomanov, indi mənə çata bilməzsən. Necədir sənin üçün?” deyir. Naim isə rusların məşhur ana söyüşünü üzünə söyərək “Gözlə, Süleymanoğlu indi sənin... ” deyir, ondan daha çox qaldırır və erməni idmançıya rusların həmin söyüşünü təsdiq anlamında təkrar edir.
Söhbətlərimiz zamanı Naim Türkiyəyə necə qaçdığını (və ya qaçırıldığını) da danışmışdı. Naim deyirdi ki, 1986-cı ildə Avstraliyada keçirilən çempionatda qələbə qazandıqdan sonra Bolqarıstan heyəti axşam restoranda bu hadisəni sevinclə qeyd edir. Bütün sağlıqlar “Şalomanovun” şərəfinə söylənilir. Naim isə bütün məclis boyu kefsiz oturubmuş. O, ayaqyoluna getmək adı ilə yemək masasından qalxır, geri dönmür və Türkiyə səfirliyinə sığınır. Naimin türk səfirliyində olduğunu bilən Bolqarıstanın diplomatik pasportu altında fəaliyyət göstərən məlum orqanının (Bolqarıstan Xalq Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi-S.Həmid) əməkdaşları binanın ətrafında var-gəl edərək izləməyə başlayırlar. Naimin səfirliyin binasından çıxarılıb hava limanına gətirilməsi üçün türk səfirliyi yollar axtarır və tapır. Türkiyə səfirliyinin boyca (Naimin boyu 1,5 metr deyildi) və sifətcə Naimə oxşayan aşpazından istifadə edirlər. Onu maşına mindirib səfirliyin binasının darvazasından sürətlə çıxarırlar. İzləyənlər “Naum Şalomanovu”, əslində isə aşpazı tutmaq üçün qovmağa başlayırlar. Onlar qovhaqovda olarkən Naim və bir neçə diplomat sakit şəkildə türk səfirliyinin binasından ayrılaraq hava limanına gəlirlər. “Aşpaz Naimi” aparan maşının sürücüsü “təqibə tab gətirməyib” səfirliyə geri dönməyə “məcbur olur”. Qovanlar da onun arxasınca gələrək yenidən türk səfirliyinin ətrafında gözləməyə davam edirlər. Onlar gözləməkdə ikən Naim Süleymanoğlu və onu müşayiət edən şəxslər artıq Londona uçan təyyarənin göyərtəsində səmada idilər. Türk diplomatları və Türkiyədən gələn digər şəxslər Londonda onları qarşılamağa çoxdan hazır idilər.
Baş nazir Turqut Özal şəxsi təyyarəsini Naim üçün Londona göndərir, ona Türkiyə Respublikası vətəndaşı pasportu verilir və Türkiyəyə gətirilir”.
Deputat N.Süleymanoğlunun T.Özaldan böyük sevgi ilə danışdığını və ona atası kimi baxdığını vurğulayıb: “Sonrakı karyerasında Özalın qayğısının olduğunu söyləyirdi. Dediyinə görə, Bolqarıstan tərəfi Naimin yarışlara Türkiyə adından çıxmasına kəskin etiraz edir və icazə vermirdi. Turqut Özal isə “Naim üçün nə qədər para istəyirlərsə, vermək olar” deyərək, istənilən məbləği verdirir və o, yarışlara çıxa bilir.
Naim deyirdi ki, arzularından biri üçüncü dəfə olimiya çempionu olmaqdır. O, 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında bu arzusuna çatdı. Naim Azərbaycanı çox sevir və güclü dövlətimizin qurulacağına inandığını deyirdi…”