Rza Zərrabın İranın kəşfiyyat qurumu olan ETTELAT-ın agentli olduğu dövlət qeydlərində mövcuddur. İllər əvvəl Zərrabın ailəsi izlənilməyə başlanıb və daim müşahidə altında olub. Bu faktlar Türkiyə Milli İstihbarət Təşkilatının hesabatlarında, dövlət arxivində var.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu iddialı bəyanatla Yaxşı Partiyanın İsparta millət vəkili Nuri Okutan çıxış edib.
Deputat deyib ki, Zərrab məsələsində dövlətin əlində hər cür informasiya olmasına baxmayaraq, mal və pul hərisliyi səbəbindən bu faktlar diqqətə alınmayıb.
Zərrabın ailəsinin qanunsuz əməllər səbəbindən Türkiyə xüsusi xidmət orqanlarının diqqətinə düşdüyü və illərlə müşahidə edildiyini bəyan edən Nuri Oktan deyib:
“Rza Zərrabın atası və ailəsinin bəzi üzvləri qanunsuz hərəkətləri səbəbindən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən illərcə izlənilib. Bununla bağlı informasiya və fayllar təhlükəsizlik qurumlarının arxivlərində var.
Digər tərəfdən, Rza Zərrab təbrizlidir və türk şəhəri olan Təbrizdə Zərrab ailəsini tanımayan yoxdur. Təbriz türklərindən kimdən soruşulsa, bu ailənin İran dövlətinin çirkli işlərini gördüklərini deyəcək. Hətta Rza Zərrabın ETTELAT-ın əməkdaşı olduğu haqda məlumatlar var. Bu faktlar dövlət arxivində olduğu təqdirdə, necə olur ki, bu şəxslə nazirlər və digər dövlət məmurları qanundan kənar əlaqələr yaradır? Belə durum yalnız qəbilə və üçüncü sinif dövlətlərdə ola bilər. Dövlətin normal fəaliyyət göstərdiyi bir düzəndə bunun izahı yoxdur. Ortada bir tələ qurulduğu dəqiqdir. Bu ABŞ ilə Türkiyəni düşmən etmək tələsidir. Yüksək məbləğli bəlli rüşvət faktlarını əsas gətirərək, Türkiyənin rəsmi qurumları və banklarına sanksiya tətbiq etmək məqsədilə ölkəmizi böyük oyuna çəkiblər. Bu tələ Türkiyəni idarə edənlərin üzündən Türkiyəyə qarşı qurulub”.
Zərrab hadisəsinin arxasında başda İran olmaqla bir çox kəşfiyyat xidmətlərinin olduğunu dilə gətirən Nuri Okutan hesab edir ki, bu işdə FETO-nun də əli var:
“Bu hadisədən FETO-çu polis və prokurorların bir vasitə kimi istifadə etdiyi, ancaq bunun kənarında İran başda olmaqla bir çox ölkələrinin kəşfiyyat qurumlarının da olduğu açıq görünür. ABŞ-da ağlı başında olan idarəçilər və təşkilatlar həyata keçirilən əməliyyatın ABŞ-ın maraqları ilə uyğun olmadığını, bu əməliyyatın Türkiyəni Rusiyanın qucağına zorla itələdiyini görməli və bu vəziyyətə dur deməlidirlər. ABŞ rəhbərliyi bu hərəkətə rəvac verənləri araşdırmalı və hesab soruşmalıdır. Türkiyədə isə dövləti bu tələyə salanlar müvafiq qurumlar qarşısında hesab verməlidir”.