Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində aparılan əməliyyatlar üçün hər gün təxminən 6 milyon dollar xərclədiklərini deyib.
Axar.az xəbər verir ki, Ukrayna Parlamentində məlumat verən Poroşenko “Ukrayna əməliyyatlar üçün hər gün 70 milyon grivin (təxminən 6 milyon dollar) xərcləyir”, - deyə bildirib.
Qeyd edək ki, bir müddət öncə Maliyyə Nazirliyi əməliyyatlar üçün hər ay 128 milyon dollar xərclədiyini açıqlamışdı.
Onu da bildirək ki, dünən keçirilən iclasda büdcəyə dəyişiklik edildiyi və orduya əlavə 758 milyon dollar vəsait ayrıldığı bildirilib. Luqansk və Donetsk bölgələrinin infrastruktur işləri üçün isə 158 milyon dollar ayrılıb.
Əlavə olaraq vergi qanununda dəyişiklik edilərək hərbi əməliyyatlara görə, müvəqqəti olaraq maaşlardan 1,5 faiz tutulacaq. Bu kəsilmələrə görə, dövlət 241 milyon dollar gəlir əldə etməyi planlaşdırır.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, aprelin 26-dan indiyədək Ukraynada gedən hərbi əməliyyatlarda 1129 nəfər həlak olub, 3442 nəfər isə yaralanıb.