Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçiriləcək növbədənkənar toplantısıöncəsi Qüdslə bağlı dünya ölkələrinə çağırış edib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan ABŞ-ı Qüdslə bağlı qərarını geri götürməyə, İsraili isə qonşuları ilə sülh şəraitində yaşamağa dəvət edib: "Üç səmavi dinin müqəddəs məkanlarının yerləşdiyi, ilk qibləmiz Harem-i Şərifin qəlbində daim nur kimi parlayan, peyğəmbərlər şəhəri Qüdsün müdafiəsi və tarixi statusunun mühafizəsi sadəcə müsəlmanlar üçün deyil, hər kəs üçün vacibdir. İkinci Dünya Müharibəsindən sonra Qüdsün yerləşdiyi bölgədə bitməyən faciələr yaşanır. Qüdsdə Fələstinin BMT qərarları ilə dəfələrlə təsdiq olunmuş haqlarını yox sayan hər addım fərqli dinlərə məxsus insanların bir arada yaşamasına vurulan ağır zərbədir. Bölgədəki sülh və təhlükəsizliyin əsas şərti 1967-ci ildə müəyyən edilmiş sərhədlər daxilində paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır. İƏT Zirvə dönəm başqanı olaraq bu günə qədər Fələstin dövlətini tanımayan ölkələri də qərar verməyə çağırıram".