Suriya müxalifəti yanvarın 29-da Soçidə keçiriləcək Suriya konfransına qatılıb-qatılmayacağı haqda qərarını bu gün və sabah İstanbul toplantısında verəcək.
Teleqraf.com xəbər verir ki, Suriya beynəlxalq koalisiyasının nümayəndəsi Əbdülrəhman Mustafanın sözlərinə görə, toplantıda ən mühüm məsələ Soçi konfransında iştirak edib-etməməklə bağlı müzakirə olacaq:
“İdlibdə baş verən son hadisələr fonunda müxalifətin Soçi toplantısında iştirak etməmək istəyi daha güclüdür”.
Ankarada isə düşünürlər ki, Soçi konfransına qədər Bəşər Əsəd İdlib əməliyyatını sona çatdırmaq niyyətindədir. Əks halda müxalifətin haqlı olaraq Soçiyə getməyəcəyinə diqqət çəkən mənbələr hesab edirlər ki, 29 yanvardan əvvəl Ərdoğan və Putin bu mövzunu bir daha müzakirə edə bilərlər.
Bu arada bəlli olub ki, Suriyanın müxalifət qrupları Bəşər Əsəd ordusunun irəliləməsini dayandırmaq üçün Hama və İdlibin güneyində əks-hücumlara start verib. Nəticədə 17 kənd Əsəd ordusundan geri alınıb.
Eyni zamanda hücum zamanı rejim əsgərlərindən 58 nəfər əsir götürülüb. Buna rəğmən Əsəd ordusu İdlibdə əməliyyatları davam etdirir.