20:59
Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Təhlükəsizlik Şurasının toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, 4 saat 20 dəqiqə davam edən toplantıda Türkiyədə fövqəladə vəziyyətin uzadılması, Suriyanın Afrin bölgəsində yaranan gərginlik və digər məsələlər müzakirə olunub.
Detallar haqda məlumat verilmir.
22:14
Türkiyə Təhlükəsizlik Şurası bu gün keçirilən toplantı barədə açıqlama yayıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurası Türkiyənin sərhdələrinin yaxınlığında terror dəhlizinin yaradılmasına və terrorçulardan ibarət ordunun qurulmasına icazə verilməyəcəyini və bunun üçün gərəkən hər cür tədbirlər görüləcəyini bəyan edib.
"Sərhədlərin qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Suriyanın qərbindən ölkəmizə yönələn təhdidlərin aradan qaldırılması üçün gərəkən addımları dərhal, qəti şəkildə atacağıq. Terror təşkilatlarının ölkəmizi hədəf alması fonunda NATO çərçivəsində bizə müttəfiq olan bir dövlətin təhlükəsizliyimizi nəzərə almadan terrorçuları ortaq elan edib silahlandırmasını təəssüflə qarşılayırıq. Suriyada İŞİD-ə qarşı əməli mübarizə başa çatmış hesab edildiyindən PKK-PYD-YPG terror təşkilatına verilən hərbi silah-sursat gecikmədən təhvil alınmalıdır".
Milli Təhlükəsizlik Şurası həmçinin ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddəti yanvarın 19-da başa çatır. Ötən müddət ərzində bu rejimin müddəti 6 dəfə uzadılıb.