27 Fevral 2018 23:45
3 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT və digər beynəlxalq təşkilatlar adından Suriyada humanitar yardım paylayanların qadınlara cinsi əlaqə tələbi qoyduqları bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC-yə müəyyən qaynaqlar məlumat çatdırıb.

Qaynaqların dediyindən bəlli olub ki, qida yardımı paylayan şəxslər bunun qarşılığında xanımlardan onların cinsi arzusunu yerinə yetirməyi tələb edir.

Qeyd edək ki, bu narahatlıqla bağlı humanitar yardım paylayanlara 3 il əvvəl xəbərdarlıq edilib. Buna baxmayaraq, açıqlanan hesabatlara görə, Suriyanın cənub bölgələrində bu cür hallar davam edir.

BMT-nin humanitar yardım təşkilatları isə cinsi istismar və təcavüzə heç bir halda imkan verilməyəcəyini, belə əxlaqsız fəaliyyətdən məlumatsız olduqlarını bəyan edirlər.

BBC-yə məlumat verən humanitar təşkilat təmsilçilərinin sözlərinə görə, yardım qarşılığında xanımlara cinsi əlaqə şərti irəli sürmək o dərəcədə adi hal alıb ki, suriyalı qadınlar yardım paylanan ofislərə getməkdən çəkinirlər. Çünki bu halda barələrində qida əvəzinə cinsi əlaqəyə girdikləri fikri yaranacağından ehtiyatlanırlar.

BMT-nin UNFPA təşkilatının araşdırmasına görə, Suriya vilayətlərində humanitar yardım qarşılığında cinsi əlaqə tələbləri geniş yayılıb. Hazırda BMT-nin yerli humanitar təşkilatlarla ortaq fəaliyyəti nəzərdən keçirdiyi bildirir.

“Suriyanın səsləri-2018” adlı hesabatda deyilir: “Bəzən qadın və qız uşaqları cinsi əlaqə üçün qısa müddətə rəsmilərlə evləndirilir, ancaq bu yolla ərzaq yardımı ala biləcəkləri deyilir.

Yardım paylayanlar qadınlardan və qız uşaqlarından telefon nömrəsi alırlar. Yardımı onların evinə gətirəcəklərini deyir və bunun qarşılığında cinsi əlaqə tələb edirlər. Yardım paylayanlar qadınlara keçirəcəkləri bir gecə əvəzində qida sovqatı ala biləcəkləri deyirlər”.

UNFPA-nın hesabatında xüsusilə ərini itirən və boşanan, habelə evlərini tərk etmək məcburiyyətində qalan xanımların cinsi istismar baxımdan son dərəcə müdafiəsiz qaldıqları vurğulanır.

Xatırladaq ki, analoji hadisələr 2015-ci ildə də gündəmə gəlmişdi. Humanitar fəaliyyət göstərən Daniella Spenser İordaniyada qaçqın düşərgələrində qadınların humanitar yardım ala bilməsi üçün istismara və təcavüzə məruz qaldığını söyləmişdi.

Spenser suriyalı qadınlarla birlikdə işlədiyi Dera və Kuneytra bölgələrində vəziyyəti bu şəkildə ifadə etmişdi:

“Yardımı havayı paylamırlar, bundan qadınlarla cinsi əlaqə vasitəsi kimi istifadə edirlər. Xatırlayıram, bir dəfə qadın ağlayaraq başına gələnləri danışırdı. Qadın və qız uşaqları sağ qalmaq üçün lazım olan qida və digər ləvazimatları alarkən ciddi qorunmalıdırlar. Yaşamaq istəyən qadın üçün son şey ona yardım gətirəcəyinə güvəndiyi kişinin bunun qarşılığında cinsi əlaqə tələb etməsidir”.

2015-ci ildə Beynəlxalq Xilasetmə Komitəsi (İRC) Dera və Kuneytrdada 190 qadın və qız uşağının humanitar təşkilatlarda işləyənlər tərəfindən istismar edildiyini elan etmişdi.


Müəllif: Cavad