16 Aprel 2018 22:57
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın yeni təyin olunmuş daxili işlər naziri Tomas Druker aprelin 16-da gözlənilmədən tutduğu vəzifədən istefa verib.

Teleqraf.com xəbər verir ki, jurnalistlər qarşısında istefasının səbəblərinə aydınlıq gətirən T.Druker bunu polis prezidenti Tibor Qasparın vəzifəsindən uzaqlaşdırılması məsələsi ilə əlaqələndirib. O, müxalifət partiyaları və ictimaiyyətin tələbi əsasında T.Qasparın səlahiyyətlərinə xitam verilməsi cavabdehliyini öz üzərinə götürə bilməyəcəyini və bununla da ölkə ictimaiyyətində qütbləşmənin daha da güclənməsi məsuliyyətini daşımaq istəmədiyini bəyan edib.

T.Drukerin sözlərinə görə, T.Qasparın fəaliyyəti dövründə göstərdiyi xidmətləri nəzərə aldıqda, siyasi təzyiq əsasında onu vəzifəsindən uzaqlaşdırmaq düzgün və ədalətli addım olmazdı. Araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədəki etiraz nümayişlərində vətəndaşların dövlətə inamının yenidən bərpa olunması üçün polis prezidenti T.Qasparın vəzifəsindən uzaqlaşdırılması tələb olunurdu. Daxili işlər naziri T.Druker bu tələblər qarşısında polis prezidentini istefaya göndərmək əvəzinə, öz postundan imtina edib: “Belə şəraitdə mənim haqqım yoxdur ki, tutduğum vəzifədə işimi davam etdirim”.

Ölkədəki etiraz nümayişlərində, həmçinin fevralın sonunda qətlə yetirilmiş jurnalistin işi ilə bağlı təhqiqatların qeyri-obyektiv və ləng aparılmasında T.Qasparın günahkar olduğu iddia olunur. Eyni zamanda, koalisiyalı hökumətə yaxın şirkətlərlə bağlı korrupsiya qalmaqallarının ləng araşdırılmasında da onun adı hallanır.

Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.

Cəmi üç həftə bundan əvvəl daxili işlər naziri vəzifəsinə təyin olunan T.Druker istefaya getdikdən sonra siyasətdən uzaqlaşacağını bəyan edib.


Müəllif: Teleqraf.com