Yaponiyanın Baş naziri Sindzo Abe bu gün cənubi koreyalı həmkarı Mun Çje İnlə apardığı telefon danışığı zamanı Şimali Koreyanın “Pxunqeri” nüvə poliqonunu bağlamaq qərarını alqışlayıb.
Teleqraf.com xəbər verir ki, “Kiodo” agentliyi Baş nazirin telefon danışığı zamanı “mən bu müsbət addımı alqışlayıram”, dediyini yazıb.
Qeyd edək ki, Mun Çje İnin mətbuat katibi Kim Çen İnlə ötən həftənin cümə günü keçirilən görüş zamanı Şimali Koreya liderinin may ayında “Pxunqeri” nüvə poliqonunu bağlamaq niyyətində olduğunu bəyan etdiyini vurğulayıb. Cənubi Koreya Prezidenti administrasiyasındakı mənbə “Kiodo” agentliyinə bildirib ki, poliqonun bağlanması Şimali Koreya lideri ilə ABŞ Prezidenti arasında keçiriləcək görüşədək baş tuta bilər.