Keçmiş prezident Serj Sərkisyan “Qarabağ klanı”nın təmsilçisi kimi, Azərbaycanla danışıqlarda geri addım atmaq fikrində deyildi. Münaqişənin uzanmasının əsas səbəbkarlarından biri də Serj Sərkisyan idi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, ətraf rayonların Azərbaycana qaytarılacağı ilə bağlı Ermənistanda yayılan məlumatlar, “Qarabağ klanı”nın baş nazir Nikol Paşinyana qarşı revanşıdır:
“Xankəndi və İrəvanda baş verən gərgin proseslər də Paşinyana qarşı yönəlib. “Qarabağ klanı” Paşinyanı laxlatmaq istəyir. Nəzərə almaq lazımdır ki, baş nazirin Qarabağdakı separatçılara yönəlik müsbət fikirləri və Qarabağla bağlı açıqlamaları heç bir nəticə vermir. “Qarabağ klanı”nın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət qədər güclü təzyiq vasitələri var. Serj Sərkisyan həmin imkanlardan istifadə etməyə çalışacaq. Əlbəttə, proseslərin hansı məcraya yönələcəyi Paşinyan iqtidarının atacağı addımlardan asılı olacaq”.
Elşən Manafov qeyd edib ki, Nikol Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar və Bako Saakyanla keçirdiyi görüş deməyə əsas verir ki, o da, Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan dövlətinin maraqlarından çıxış edir: “Bu baxımdan, düşünürəm ki, əsas mübarizə hələ qabaqdadır. Əgər Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gəlsə, Ermənistanda fərqli vəziyyətin yaranmasının şahidi olacağıq”.
Qeyd edək ki, rusiyalı politoloq Aleksandr Duqinin Ermənistadakı hakimiyyət dəyişikliyi və bunun Dağlıq Qarabağ probleminin həllinə təsiri barədə açıqlama verib. O bildirib ki, Serj Sərkisyan baş nazir olandan az sonra 5 rayonun Azərbaycana qaytarılmasına razılaşıb, lakin Paşinyan onu devirdi və bütün “kartlar” yenidən qarışdı.