Qonşu Gürcüstanda yenidən inqilab əhval-ruhiyyəsi hökm sürür. Cənubi Qafqazda Qərbin “məxməri inqilab beşiyi” olan Gürcüstanda baş verən proseslər növbəti dəfə hakimiyyət dəyişikliyini labüd edir. Çünki mövcud hakimiyyət Qərbin sözünə baxmır.
Teleqraf.com-a açıqlamasında “Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Politoloq iddia edir ki, Qərb Gürcüstanda hakimiyyəti dəyişmək üçün inqilab hazırlığı görür:
“ABŞ və Avropa Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə çalışır. Bidzina İvanaşvilinin kölgəsində olan Gürcüstan hakimiyyətinin son zamanlar Rusiyaya meyillənməsi ABŞ və Avropa İttifaqının maraqlarına cavab vermirdi. Hökumətin Rusiya ilə birgə beynəlxalq nəqliyyat layihələri həyata keçirməsi Qərbin diqqətindən yayınmır və bu narahatlıq yaradır.
Bundan əlavə, Gürcüstan hökuməti vaxtilə Qərbin dəstək verdiyi Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı-Tiflis-Ceyhan və Cənub Qaz dəhlizinə qarşı şantj xarakterli bəyanatlar verib və Rusiya qazını Azərbaycan qazına qarşı alternativ kimi irəli sürüb. Ən əsası da Tiflisin Moskvaya meyillənən münasibətləri Qərbi düşündürməyə başlayıb”.
Məhəmməd Əsədullazadə hesab edir ki, gürcü hökumətinin sağ-sola manevr siyasəti və ölkədə demokratiyanın boğulması, Qərbi Gürcüstanla bağlı konkret addımlar atmağa məcbur edir: “Qarşıdan parlament seçkiləri yaxınlaşır. Hesab edirəm ki, seçkilərdən əvvəl Tiflis və bölgələrdə etirazların başlanacağı gözləniləndir. Artıq etirazçılar hökumətin istefasını dilə gətirirlər”.