20 İyun 2018 21:39
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamla hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyan anti-Rusiya mövqeyində dayandığını hiss etdirir. Bu baxımdan, onun qurduğu kabinetdə ABŞ-a yaxınlığı ilə seçilən adamların üstünlük təşkil etməsi təsadüfi deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq iddia edir ki, yeni hakimiyyətin əsas məqsədlərindən biri, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır:

“Paşinyan Moskvada Putinlə son görüşündə iki ölkənin tərəfdaş olduğunu dedi. O, “tərəfdaş” deməklə artıq Ermənistanın Rusiyanın forpostu olmayacağına eyham vurdu.

Paşinyanın Gümrüdəki bazaya görə Rusiyadan vergi tələb etməsinə gəlincə, bu, artıq o deməkdir ki, baş nazir rusları tamamilə Ermənistandan çıxarmaq niyyətindədir. Çünki İrəvan başa düşür ki, Rusiyanın Ermənistandakı varlığını təmin edən əsas gücü bu bazadır. Buna görə də, qiyamla hakimiyyətə gələn Paşinyan Ermənistanı Rusiyanın boyunduruğundan çıxarmaqla ən böyük inqilabını həyata keçirmək istəyir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Kremlin Paşinyanın bu addımına adekvat cavab verəcək:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Gümrü bazası Rusiya - Ermənistan birgə ordusunun tərkibindədir. Yəni, bunun üçün İrəvan əvvəlcə bu ordudan çıxmalıdır. Bunun isə Ermənistan üçün ağır nəticələri olacaq. Məsələn, ilk növbədə Ermənistan buna görə Rusiyanın ağır iqtisadi sanksiyalarına hazır olmalıdır. Digər yandan, Rusiya Ermənistana hərbi yardımını və dəstəyini dayandıra bilər ki, bu, Ermənistanın Azərbaycan qarşısında əliyalın qalması deməkdir. Hesab edirəm ki, Paşinyan Rusiyaya qarşı sərt addımlar atmazdan əvvəl bunun zərərlərini əvvəldən hesablayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər