ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma çərçivəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 12 əməkdaşına qarşı yeni ittihamlar irəli sürüb.
Bu haqda mətbuat konfransında ABŞ-ın Baş prokurorunun müavini Rod Rozenştayn bildirib.
Ədliyyə Nazirliyi tərəfindən yayılmış mətndə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-ın Demokratlar Partiyasının kompüter şəbəkəsinə haker hücumlarda ittiham edilir. Sənədə əsasən, onlar məxfi informasiyanı qanunsuz alır və onu elan edirdilər.
Qeyd edək ki, daha əvvəl Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller 13 rusiyalı və Rusiyadan olan üç şirkətə analoji ittihamları təqdim edib.
Hazırda Rusiyanın seçkilərə ehtimal edilən müdaxilə üzrə iş həm xüsusi prokuror, həm də ABŞ Senatı və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində araşdırılır. Rusiyanın seçkilərə müdaxiləsi və prezident Donald Trampın Rusiya ilə ehtimal edilən əlaqələri həm Ağ Evdə, həm də Kremldə təkzib edilir. Rusiya ittihamları sübutsuz adlandıraraq rədd edir.
Qeyd edək ki, iyulun 16-da Helkinkidə ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. QRU-nun əməkdaşlarına qarşı irəli sürülən ittihamlar görüş öncəsi ab-havaya mənfi təsir edə bilər.