Ebola virusuna yoluxan xəstələr xəstəxanadan qaçıblar.
Qərbi Afrikada geniş yayılan ölümcül Ebola virusuna qarşı mübarizə nəzarətdən çıxa bilər. Virusun ən çox yayıldığı Liberiyada bir qrup silahlı ebolaya yoluxan xəstələrin saxlanıldığı karantin mərkəzinə hücum edib. 20-dən çox virus daşıyıcısı karantin mərkəzindən qaçıb. Vəziyyətlə əlaqədar yerli sakinlər üçün ciddi epidemiya təhlükəsi yaranıb. Hücum zamanı silahlı soyğunçular viusa yoluxduğu ehtimal olunan yataq dəstləini də oğurlayıblar. Bu hadisə yerli əhalinin qəzəbinə səbəb olub. Epidemiya ilə əlaqədar bütün ölkədə fövqəladə vəziyyət elan etmişdi. Liberiyalıların əksəriyyəti Ebola virusunun gerçək olmadığını iddia edir və xəstəliyə qarşı mübarizəyə könüllü olmaqdan imtina edirlər. Belə olan halda isə, epidemiyanın qarşısını almaq çətinləşir.
İspaniyada daha bir Ebola virusu daşıyıcısı aşkarlanıb. Məlumata görə, Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır. O, bir neçə gün əvvəl İspaniyaya mühacirət etdiyini deyib. Hazırda şəxs karantin nəzarətinə götürülüb. Bir müddət əvvəl Qərbi Afrikada xəstələrin müalicəsinə kömək edən ispaniyalı rahib də bu xəstəlikdən ölmüşdü.
Virus ilk dəfə fevral ayında Qvineyada baş qaldırıb. Təhlükəli virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb. Eboladan ölənlərin sayının 2 mini ötdüyü deyilir.
/anspress/