20 Avqust 2018 16:46
2 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda Kərkük bölgəsi üzrə keçirilmiş parlament seçkilərinin saxtalaşdırıldığı iddiasının irəli sürülməsindən sonra bülletenlərin yenidən sayılmasına baxmayaraq, nəticənin dəyişməməsi türkmənlərin etirazına səbəb olub. Türkmən diplomatlar xüsusilə Kərkük ətrafı üçün bülletenlərin yenidən sayılması zamanı dəyişikliyin olacağını iddia edirdilər.

Teleqraf.com xəbər verir ki, İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi məsələ ilə əlaqədar açıqlama yayıb.

O, haqlarının təmin ediləcəyi günədək mübarizədən çəkilməyəcəklərini bildirib:

“İngilislərin İraqı işğal etməsindən bu günədək türkmənlər ölkənin birliyi üçün mübarizə aparırlar. Bu gün isə İraq Federal Məhkəməsi hər kəsin saxtalaşdırıldığını bildiyi seçkilərin nəticələrini tanıdı. İraqın bu “ədaləti” bizi təəccübləndirmədi. Lakin mübarizə gedir, boyun əyməyəcəyik. İşimiz çoxdur”.

Qeyd edək ki, Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının (KVİP) Kərkükdə seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırması siyasi həmlə kimi qiymətləndirilir. İran tərəfindən dəstəklənən şiə partiyaların KVİP ilə koalisiyaya gedəcəyi ehtimalı dəfələrlə türkmən siyasətçilər tərəfindən gündəmə gətirilmişdi.

Bu etirazlara baxmayaraq avqustun 19-da Bağdadda bir araya gələn şiə və sünni siyasi partiyalar koalisiyaya getdiklərini açıqladılar.

Seçkilərin qalibi olmuş Müqtəda əl-Sədr, Baş nazir Heydər əl-İbadi, şiə lider Əmmar əl-Həkim və keçmiş baş nazir İyad Əlləvi ən böyük parlament koalisiyasının qurulması üçün razılığa gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər