Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkeldən iqtisadi böhranın aradan qaldırılması üçün kömək istəsə, o, yürütdüyü xarici siyasətində bir sıra dəyişikliklər etməyə məcbur olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya Bundestaqının Xarici Siyasət Komitəsinin üzvü Yurgen Hardt Bloomberg-ə müsahibəsində deyib.
Alman deputat Ərdoğanın bu istəyinə qarşı Merkelin şərtlərinin olduğunu bildirib:
“Miqrant məsələsində ortaq mövqe olsa da, Almaniya və Türkiyə arasında bununla bağlı ciddi fikir ayrılıqları da var. Kansler Ərdoğandan bununla yanaşı, mətbuat azadlığı probleminin həllini və Türkiyədə həbs edilmiş Almaniya vətəndaşlarının sərbəst buraxılmasını istəyəcək”.
Merkelin Xristian Demokratik İttifaqının üzvü olan Hardt qətiyyətlə Türkiyə üçün çıxış yolunun Almaniya, yaxud Merkellə razılaşmadan keçdiyini iddia edib: “Məsələn, Almaniya Beynəlxalq Valyuta Fondunu Türkiyəyə istədiyi krediti vermək üçün məcbur edə bilər. Merkelin bununla bağlı imkanları genişdir. Türkiyəni böhrandan o xilas edə bilər”.
Qeyd edək ki, Almaniyanın Avropa İttifaqının Yaxın Şərqin ən böyük iqtisadiyyatına sahib olan Türkiyəyə yönəlik qərarlarına geniş təsir imkanlarına sahib olması uzun müddətdir müzakirə edilir. Məsələn, bir müddət əvvəl Almaniyanın Maliyyə naziri Olaf Şolzun Türkiyənin Xarici işlər naziri Barat Albayraqla görüşü ilə bağlı ortaya atılmış iddia da bu baxımdan maraq kəsb edir.
“Der Spiegel” jurnalı nazirlər arasında keçirilmiş görüşdə tərəflər arasında pul məsələsinə dair anlaşmanın əldə edildiyini, lakin lazım olan pulun Ankaraya verilməsi üçün Ərdoğanın Merkelin şərtlərini qəbul etməsinin vacib olduğunu bildirir.
Bir neçə ildir Almaniya və Türkiyə arasında diplomatik böhran yaşansa da, Merkelin Ərdoğanı ölkəsinə səfər dəvət etməsi, ABŞ Prezidenti Donald Trampın qlobal iqtisadi hücumlarının kansleri bunun onun ölkəsinə də təsir edəcəyi ehtimalı üzərinə düşünməsindən xəbər verir.
Merkel keçən həftə Rusiya Prezidenti Vladimir Putinlə də görüşmüşdü.
Eyni zamanda, bir neçə gün əvvəl Türkiyə məhkəməsi Almaniya vətəndaşı olan jurnalist Meşale Toluya tətbiq etdiyi sanksiyanı ləğv etdi. Yurgen Hardt Toluya qarşı olan sanksiyanın ləğv edilməsinin siyasi dəyişikliyə işarə olduğunu istisna etmir: “Biz Türkiyə hökumətindən 10 il əvvəlki siyasətinə qayıtmasını istəyirik. Bu, özündə məhkəmə sahəsində islahatların aparılmasını, mətbuat azadlığının təmin edilməsini ehtiva edir. Hazırkı vəziyyətdə isə hələlik Türkiyə demokratik dəyərlərdən uzaqlaşır”.