Estoniya və Latviyanın ədliyyə nazirləri bildiriblər ki, onlar işğala görə Sovet İttifaqının varisi kimi Rusiya Federasiyasının əvəz ödəməsini tələb etmək imkanlarını öyrənirlər.
Teleqraf.com xəbər verir ki, bu memorandumla nazirlər Urmas Reynsalu və Dzintars Raznaçs iki ölkənin müstəqilliyinin 100 illiyi münasibətilə keçirilən iclasdan sonra çıxış ediblər.
Sənəddə deyilir ki, Estoniya və Latviya əməkdaşlıq, tarixi irsin əbədiləşdirilməsi, təhlükəsizlik, demokratiya və hüquqi dövlət prinsiplərini təmin etmək məsələsinə dəyər verir. Bununla əlaqədar nazirlər sovet işğalına qarşı mübarizə simvollarının xatirəsinin qorunub saxlanılması və Sovet İttifaqının hüquqi varisi kimi Rusiya Federasiyasından dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürmək imkanlarını öyrənməyi vacib sayırlar.
Nazirlər bu istiqamətdə işlərin aparılması, o cümlədən məsələnin BMT səviyyəsinə çıxarılması üçün bir-birlərinə fəaliyyət planı təqdim ediblər.