ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək Partiyasının Vahid cəbhə şöbəsinin rəisi Kim Yon Çxol tərəfindən ona yazılan məktubdan sonra dövlət katibi Maykl Pompeonun KXDR-ə səfərini təxirə salmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu haqda ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən “Vaşinqton Post” qəzeti bildirib.
Nəşrin həmsöhbətlərinin məlumatlarına görə, Trampın Pompeoya verdiyi məktub “aqressiv tərzdə” yazılmışdı. Məktubun məzmunu açıqlanmayıb.
Qeyd edək ki, Tramp Pompeodan Şimali Koreyaya bu həftə planlaşdırılan səfərdən imtina etməyi xahiş edib. Prezidentin sözlərinə görə, Vaşinqton Koreya yarımadasının denuklearizasiyası prosesində kifayət qədər irəliləyiş görmür.
Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə birgə sənədi imzalayıblar. Sənədə əsasən, Pxenyan Koreya yarımadasının tam denuklearizasiyasına hazır olduğunu bəyan edib, ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.
Trampın özü ötən həftə “Röyters” agentliyinə müsahibəsində bildirmişdi ki, KXDR lideri ilə yenidən görüşmək niyyətindədir.