Salome Zurabişvili 1952-ci ildə Fransada məşhur gürcü siyasi mühacirin ailəsində doğulub. 30 il Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2003-cü ildə Fransanın Gürcüstanda səfiri kimi işə başlayıb, 2004-cü ildə isə Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olub.
Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Siyasi Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.
O qeyd edib ki, S.Zurabişvili bu vəzifədə cəmi bir il çalışıb, vəzifəsindən azad edilib:
“Uzun illər diplomatik sahədə çalışmasına baxmayaraq nazir olduğu dövrdə İstanbulu Konstantinopol adlandıraraq, diplomatik etiketə sığmayan hərəkət edib. O vaxt Türkiyə ilə Gürcüstan arasında bu məsələ ilə bağlı narazılıq da yaranmışdı. Mixail Saakaşvilinin ən qatı əleyhdarlarından və tənqidçilərindən biridir. 2008-ci il avqust müharibəsində Saakaşvili hakimiyyətini günahlandırır və cinayət törətdiyini mütəmadi olaraq təkrarlayır”.
F.Çıraqov daha sonra deyib:
“Yəqin, elə bu məqam “Gürcü Arzusu”nun onu dəstəkləməsində rol oynayıb. İctimai nüfuzu çox aşağıdır, inzibati resurslar işə salınmazsa, açıq seçkilərdə saxtalaşdırma və müdaxilə olmazsa çətin seçilsin. Hər halda Salome Zurabişvili hakim partiyanın tək variantı deyil, “B” variantı da var. Maraqlı və ölkənin gələcəyi üçün mühüm seçki olacaq, baxmayaraq ki, prezident vəzifəsinin ümumi hakimiyyət bölgüsündə heç bir yeri yoxdur”.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” Partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müstəqil namizəd S.Zurabişvilinin namizədliyini dəstəkləyəcəyini bildirib. Bu barədə partiya yığıncağında qərar qəbul edilib.
Hazırkı Konstitusiyaya əsasən bu prezident seçkiləri Gürcüstanda birbaşa ümumxalq səsverməsi yolu ilə keçirilən sonuncu prezident seçkisi olacaq.
Növbəti prezidentləri 300 nəfərlik Seçki Kollegiyası seçəcək. Kollegiyanın 150 üzvü Gürcüstan parlamentinin deputatlarından, qalanları muxtar respublikaların parlamentlərinin deputatlarından və sonuncu yerli özünü idarəetmə orqanı seçkilərində qalib gəlmiş partiyaların irəli sürdüyü namizədlərdən təşkil olunacaq.