Ermənistan müvəqqəti baş naziri Nikol Paşinyan ciddi səhvlər buraxmağa başlayıb. Maraqlısı budur ki, özünə güvənməyən bu şəxs təqsiri xalqda axtarmağa, öz səhvlərini insanların üstünə yıxmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan deyib.
Sərkisyana görə, xalqın Paşinyandan gözləntisi özünü doğrultmayıb: “Xalqımız ona yaxşı vədlər verən insandan tamam başqa davranış görür. Bu, əks-inqilaba gətirib çıxara bilər. Belə rəftar davam edəcəyi halda, pis nəticələrə gətirəcəyinə şübhə olmamalıdır. İndi dəstək verdiyi insanlar Paşinyandan pensiya, iş, pul, yaxşı yol, abadlıq tələb edirlər. Hökumətin başçısı isə bunu etməyəcək”.
Keçmiş nazir Paşinyanın Ermənistanı bataqlığa sürüklədiyini iddia edib: “Hörmətli Paşinyan, güc dünyasına xoş gəlmisiniz. İndi xəyal edə bilərsiniz, insanlar bundan sonra yol, məktəb, xəstəxana, pensiya və iş tələb edəcəklər. Bu, sizin yerinə yetirməli olduğu öhdəliklərinizdir.
Tənqid olunmaq yerinə işləmək daha yaxşıdır. Amma verilmiş vədi yerinə yetirmək asan deyil. Əks halda vəziyyət yalnız xarici siyasət sahəsində yox, digər sahələrdə də pisləşəcək. 7 dəfə ölçüb bir dəfə kəsmək yaxşıdır”.