21 Noyabr 2018 14:41
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanın bu kimi açıqlamalarını dekabrda Ermənistanda keçiriləcək erkən parlament seçkilərinə hesablanmış çıxışlar kimi qəbul etmək lazımdır”.

Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenko barədə səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edərkən, politoloq Natiq Miri belə deyib.

Ekspertə görə, bu cür açıqlamaların arxasında ciddi fəaliyyət və güc yoxdursa, bu fikirlər səhv ritorika olaraq qalır:

“Digər yandan, Belarus və Ermənistan arasında ciddi əməkdaşlıq da yoxdur. Belarus siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan gözləntisi olmayan dövlətdir. Əlbəttə, Belarus üçün Ermənistan Azərbaycanla müqayisədə tərəzinin bir gözünə qoyulacaq dövlət deyil. Buna görə də, Belarus həmişə strateji əhəmiyyətli məsələlərdə Azərbaycanın maraqlarını əks etdirən qərarlar verir.

Paşinyanın Belarusla bağlı səsləndirdiyi fikirlərə gəlincə, bunu KTMT-nin dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək toplantısından əvvəl qabaqlayıcı addımı kimi də başa düşmək olar. Paşinyanın qənaətinə görə, belə sərt ritorika ilə KTMT üzvlərinə təzyiq edib, bu quruma rəhbərliyi əlində saxlaya biləcək. Lakin Paşinyanın arxasında real güc və onun özünün ciddi fəaliyyətinin olmadığına görə, bu tələblərin ciddiyə alınacağını düşünmək gülüncdür”.

Natiq Miri bildirib ki, Paşinyan KTMT-nin bütün toplantılarında bu strukturun nümayəndəsi kimi qəbul edilmir:

“Ciddi müzakirələrdə onun fikirlərinə yer verilmir, qulaq asılmır. Yəni, cırtdan bir Ermənistanın bir başçısının Lukaşenko kimi güclü lideri olan Belarusa, Qazaxıstan, yaxud Rusiyaya təsir etmək imkanı nə qədər real ola bilər? Buna görə də düşünürəm ki, Paşinyan bu çıxışlarını Ermənistan ictimaiyyətinə hesablayıb. Çünki Ermənistanın KTMT və digər qurumlardakı fəaliyyətləri sıfıra bərabərdir.

Digər yandan da, Belarusun KTMT-də ən aşağı münasibəti olan dövlət Ermənistandır. Belə olan halda, Lukaşenko Paşinyana hesabat verərmi? Yaxud cırtdan Ermənistanın Belarus kimi güclü bir dövlətdən izahat tələb etməsi, nə qədər məntiqlidir? Belarus rəhbərliyinin də, Ermənistana verdiyi cavabları nəzərə alsaq, Paşinyan bu alçaldıcı fikirlər qarşısında belə ritorik bəyanatlar verməyə məcbur olur”.

Qeyd edək ki, Paşinyan ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenkodan Ermənistanla bağlı səsləndiriyi fikirlərə görə izahat tələb edəcəyini bildirmişdi.

Lukaşenkonun “Ermənistan KTMT-yə rəhbərlik edəcək gücdə dövlət deyil”, açıqlaması rəsmi İrəvanın narazılığına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər