“Bir qadının Gürcüstana rəhbərlik etməsi, problem yaratmayacaq. İllərlə Nino Burcanadze parlamentə sədrlik edib. Yəni, gürcü ənənəsində qadın rəhbər üçün problem olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri gürcü politoloq Peter Mamradze deyib.
Ekspert keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstanda çevriliş hazırlığına başlaması ilə bağlı iddialara da cavab verib.
Peter Mamradze hesab etmir ki, Saakaşvili öz siyasi opponentlərindən revanş hazırlamaq üçün hərəkətə keçəcək:
“Saakaşvilinin Hollandiyada əks həmləyə keçəcəyi ilə bağlı ehtimallar var. Lakin onun bu səylərinin Gürcüstan üçün təhdid yaradacağını düşünmürəm. Digər yandan, bu iddianın dəqiq mənbəyi də yoxdur.
Üstəgəl, Gürcüstandakı iş yoldaşları ilə telefon danışıqlarında gedən müzakirələr də yayımlandı. Burada Saakaşvilinin cəmiyyəti küçələrə çıxmaq barədə göstərişindən söhbət getmir. Özləri də iddia edirlər ki, belə bir niyyətləri yoxdur”.
Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili qalib gəlib. O, mübarizədə Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasından olan namizəd Qriqol Vaşadzeni məğlub edib.